Türk aviasiya tarixinin ən önəmli şəxslərindən biri olan Vecihi Hürquş birinci dünya müharibəsi və Türkiyə istiqlaliyyət müharibəsinin əfsanəvi qəhrəmanlarından biridir. Bu gün Türkiyədə onun adını daşıyan təyyarə markası, mülkü hava yolu şirkəti və digərləri var. Ilk türk təyyarəsini layihələndirmiş və istehsal edib.
Lakin çox az adam bilir ki, məhz onun sağ qalmasının səbəbkarları və Rusiya əsirliyindən xilası azərbaycanlılar sayəsində baş verib
O, birinci dünya müharibəsi dövründə Rusiyaya qarşı döyüşlərdə ən peşəkar pilot olaraq mütamadi hücumlarda iştirak edirdi, lakin 8 oktyabr 1917-ci ildə onun təyyarəsi vurulur. Rusların əlinə keçməməsi üçün təyyarəsini yandırsa da, özü və yanındakı kəşfiyyatçı zabit Salih bəy ruslara əsir düşür. O, əvvəlcə Ərzincan və Tiflisə, oradan isə Bakı yaxınlığındakı Nargin adasına aparılır.
Bura isə cəhənnəm idi. Bu adada saxlanılan əsirlər çirkli, üfunətli və dar baraklarda saxlanılırdı. Gündüzlər qızmar günəşin istisi altında əsirləri dayanmağa məcbur edirdilər. Ərzaq bura həftədə bir dəfə gətirildiyindən əsirlər ac və susuz qalırdılar. Məcbur olub dəniz suyu və çirkli su içən əsirlər ölümcül mədə-bağırsaq xəstəliklərinə tutulurdular.
Gecə isə ac siçovullar tərpənməyə heyi olmayanlara hücum çəkirdilər. Əsirlərin üzləri tanınmaz hala düşəcək qədər şişir,əllər, ayaqlar və bütün bədənlər qırmızı suluqlar içində olurdu. Adanın şərq hissəsində ölən əsirləri beş-beş, on-on dərin quyulara atırdılar, ölüm hökmü alanları isə qərb hissəsində güllələyib quyulara atırdılar.
Nargin adasındakı osmanlı əsirlərinin acınacaqlı vəziyyətini görən Bakı zənginləri və ziyalıları Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərkibində “Qardaş köməyi” adlı xüsusi bir hərəkat başlatmışdılar. Bu cəmiyyət adaya gizlicə ərzaq, geyim və şirin su daşıyırdı. Eyni zamanda, Hürquş kimi strateji əhəmiyyətli zabitlərin qaçırılması üçün xüsusi gizli şəbəkə qurmuşdular.
Türk əsirləri üçün nümayəndə təyin edilmiş İsmayıl bəy Səfərəliyev rus hərbçilərinin sıx nəzarəti altında olan adaya xeyriyyə cəmiyyətinin köməkliyi ilə ərzaq və geyim apararkən, Vecihi Hürquş və Salih bəy barədə məlumat əldə edir və onların xilas edilməsi üçün xüsusi plan hazırlayır.
Onların qaçması üçün adanın diqqətdən uzaq olan qayalıq və qaranlıq bir sahil hissəsinə kiçik bir taxta qayıq və hər ehtimala qarşı diqqət çəkməyən taxta çamaşır təknələri yerləşdirildi. İsmayıl bəy adaya ərzaq və şirin su gətirən könüllü kimi daxil olaraq bəzi rus nəzarətçilərini pulla ələ aldı və qaçış günü onların nöbvədə olmasını təmin elədi.
Mühafizəçilərin növbə dəyişdiyi və diqqətin ən az olduğu gecə yarısı Vecihi və Salih bəy qaldıqları baraklardan gizlicə çıxaraq əvvəlcədən təyin olunmuş qayalıq sahilə doğru irəlilədilər. İki zabit özlərini Xəzər dənizinin soyuq sularına atdılar. Rus keşikçilərinin projektorlarına yaxalanmamaq üçün dalğaların arasında çox sakit hərəkət edərək gizlədilən qayığa çatdılar və sahildən uzaqlaşmağa başladılar. Onlar adadan Bakı sahillərinə qədər təxminən bir neçə kilometrlik məsafəni dəniz yolu ilə qət etdilər.
İsmayıl bəy və dostlar onların sahilə çıxmasından sonra şəhər mərkəzində əvvəlcədən hazırlanmış gizli evlərə aparıldılar. Əsir hərbi geyimləri yandırıldı, yerinə yerli azərbaycanlıların geyindiyi mülki paltarlar verildi.Rus polislərinin şəhərdə geniş axtarış aparacağını bilən təşkilatçılar, Vecihi və Salih bəyə saxta şəxsiyyət vəsiqələri, səyahət sənədləri və yol boyu bəs edəcək qədər qızıl pul verdilər.
İran yolu ilə Mosul şəhərinə 2.5 aya çatan zabitlər 9-cu Ordu komandanlığına qədər gedib çıxırlar. Bu cəsarətli və ağıllı plan sayəsində Hürquş azadlığına qovuşdu və Azərbaycan türklərinin canı baha başa gələn bu yardımı sayəsində geri dönərək Türkiyənin Qurtuluş Savaşında yenidən qırıcı pilot kimi döyüşə bildi və Türkiyə aviasiyasını qurdu.
