17 C
Bakı
30 Oktyabr 2026 13:46
Dünyaİqtisadiyyat

Turizmi proqramlarla yox, sərhədləri açmaqla inkişaf etdirərlər

Turizm, bağlı quru sərhədlər mövzusuna çox toxunmuşam, amma, təkrar etməkdə yarar var. Çünki, Azərbaycan hökuməti bu yaxınlarda yenə də turizmi ölkə üçün prioritet sahə elan etdi, yeni proqram da qəbul etdi. Amma…

Bölgəmizdə turizmdə rəqibimiz Gürcüstan və Ermənistandır, yəni, biz turizmi inkişaf etdirmək istəyiriksə, bu iki ölkənin atdığı addımları da nəzərə almalıyıq.

Bu ilin, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstana gələn turist, və ya, xarici vətəndaş sayı 3%-ə yaxın artıb – bu dövrdə Gürcüstana 6 112 078 beynəlxalq ziyarətçi gəlib. Qonşu ölkənin turizmdən gəlirləri 4,4% artaraq 3,8 milyard dollara yaxınlaşıb. Otellərin doluluq səviyyəsi Batumidə 84%, Tbilisidə 79% olub – ölkə üzrə isə keçən ilin eyni dövrü ilə müqaisədə 3% artaraq 67% təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalıb.

Sentyabrı nəzərə almasaq (rəsmi məlumat yoxdur), yanvar-avqust (ilk 8 ay) aylarında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 1 milyard 873 milyon 318,2 min manat vəsait xərcləyiblər – bu göstərici ötən ilin eyni dövrünə nisbətən 15,9 % azdır. Yəni, ilk 8 ayda turizm gəlirləri cəmi 1,1 mlrd. dollar olub. Ölkə üzrə otellərin doluluq səviyyəsi cəmi 23% olub.

Azərbaycanda hər il turist sayı, onların xərclədiyi vəsait azalır, artım yoxdur. Hökumət isə bütün bunları görməzdən gələrək problemləri həll etmək əvəzinə, növbəti dəfə kağız üzərində qalacaq yeni sənədlər qəbul edir. Halbuki, məsələ sadədir – quru sərhədlər açılmalı, Gürcüstana səfər edən xarici vətəndaşların Azərbaycana da daxil olması üçün, qonşu ölkə ilə birgə cəlbedici təkliflər hazırlanmalıdır (yeri gəlmişkən, Ermənistan artıq bunu edir, son 3 ildə Ermənistana gələn turist sayının kəskin artması, həm də Gürcüstana görədir – həmin ölkəyə gələnlər quru yolla ucuz qiymətə Ermənistana da keçirlər).

Gürcüstan ildə 6-7 mlrd. dollar turizmdən pul qazanır, hər il turist sayı və qazancı artır – biz yerimizdə sayırıq, hətta geri gedirik. Özü də ki, Gürcüstan artıq ucuz ölkə deyil ha, qiymətlər artıb, deməli, əhalinin qazancı da yüksəlib…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Vaşinqtonun etirazlarına baxmayaraq Rusiyanın enerji infrastrukturuna zərbələri yenidən bərpa edir

redaktor

“Böyük” İsrail kiçik Fələstinə necə uduzur?

redaktor

“Oktay Saral zehniyyəti”nin doğurduğu acı nəticə

redaktor