Bir parça baş örtüyü niyə bu qədər böyük siyasi davaya çevrilir?
Axı söhbət sadəcə qadının başını örtməsindən gedirsə, bunun üstündə dövlətlər niyə bir-birinə qarışır, hökumətlər niyə sarsılır, insanlar niyə küçələrə çıxırlar?
Deməli, məsələ təkcə baş örtüyü deyil.
Hicab tərəfdarlarının öz arqumentləri var.
Onlar deyirlər: “Bizim üçün hicab Allahın əmridir. Qadının namusunu, həya və iffətini qoruyur. Dünyəvi dövlətiksə, qoy hər kəs öz inancına uyğun yaşasın. Hicab taxmaq istəyən qadına niyə mane olursunuz?”
Bu mövqedə olanlar Qurandakı Nur surəsinin 31-ci ayəsinə istinad edirlər. Ənənəvi İslam hüququnda bu və digər ayələr qadının örtünməsi öhdəliyinin dini əsasları kimi şərh olunur.
Hicab əleyhdarlarının da cavabı var: “Qadının namusu başındakı yaylıqla ölçülmür. Hicabsız qadın niyə əxlaqsız hesab edilməlidir? Qadının əxlaqını onun geyiminə bağlamaq özü ayrı-seçkilik deyilmi?”
Onlar başqa bir sual da verirlər: “Əgər hicab könüllü seçimdirsə, niyə bəzi ailələrdə balaca qızların belə başı örtülür? O uşaq nə vaxt böyüyüb özü qərar verəcək?”
Burada üçüncü tərəf də var. Siyasi islamçılar.
Onlar üçün hicab çox vaxtı sadəcə dini geyim deyil, cəmiyyətdə dini qaydaların daha geniş tətbiqi uğrunda mübarizənin simvoluna çevrilir.
Tarixdə bunun nümunələri az deyil.
İranda 1979-cu il İslam İnqilabından sonra hicab dövlət siyasətinə çevrildi. Qadınların başını örtməsi məcburi oldu. 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra isə məhz hicab məsələsi böyük etiraz dalğasının simvoluna çevrildi.
Türkiyədə uzun illər bunun əksini gördük. Dünyəvi dövlətin müəyyən müəssisələrdə hicabı qadağan etməsi siyasi İslamla dünyəvilik tərəfdarları arasında böyük mübarizə yaratdı.
Fransada da hicab dövlət məktəblərində dini simvolların qadağan edilməsi üzərində ciddi mübahisələr doğurdu.
Göründüyü kimi, bir yerdə qadını hicab taxmağa məcbur edirlər, başqa yerdə isə hicab taxmasına mane olurlar.
Hər iki halda qadının öz iradəsi arxa plana keçir.
Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch da həm məcburi hicaba, həm də dini geyimə əsassız qadağalara qarşı çıxaraq qadının şəxsi seçim hüququnu müdafiə edir.
Bu mövzuda öz tariximizə də baxmaq lazımdır.
Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini xatırlayaq.
Şeyx Nəsrullah obrazı yadınızdadırmı?
Din və möcüzə adı altında insanları aldadan, onların cahilliyindən istifadə edən bu fırıldaqçı şeyx azyaşlı qızların ona verilməsi kimi dəhşətli mənzərənin mərkəzində dayanır.
Cəlil Məmmədquluzadə bu əsərdə yalnız bir fırıldaqçı din adamını deyil, onun qarşısında aciz qalan, öz uşaqlarının taleyini belə qorumağı bacarmayan cəmiyyəti ifşa edirdi.
Bu, sadəcə yazıçının fantaziyası deyildi. Əsər öz dövrünün cəhalətini, dini mövhumatı və qadınların hüquqsuzluğunu əks etdirən böyük ictimai ittiham idi.
Biz bu qaranlıq keçmişi yaşamışıq. Qız uşaqlarının taleyinin özlərindən soruşulmadan həll edildiyi, qadının iradəsinin çox vaxt heçə sayıldığı bir mühitdən çıxmışıq.
İndi bizi yenidən o zülmətə qaytarmaq istəyən düşüncə və meyillərə qarşı ayıq olmalıyıq.
Əlbəttə, hicab taxan qadını Şeyx Nəsrullahla eyniləşdirmək olmaz. Məsələ hicabın özündə deyil, dinin insan üzərində hakimiyyət və məcburiyyət vasitəsinə çevrilməsindədir.
Bəs Azərbaycan?
Azərbaycan dünyəvi dövlətdir. Bizim dövlətimizin qanunları dini qaydalarla deyil, Konstitusiya ilə müəyyən olunur.
Mənim üçün məsələ aydındır.
Yetkin qadın öz istəyi ilə hicab taxırsa, bu onun şəxsi seçimidir. Amma ailə, dini qrup və ya dövlət onu buna məcbur edirsə, artıq söhbət azadlıqdan getmir.
Eyni zamanda hicab taxan hər qadını siyasi islamçı adlandırmaq da düzgün deyil.
Lakin hicabdan siyasi hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə olunması təhlükəsini də görməməzliyə vurmaq olmaz. Dini inanc ayrı şeydir, dini qaydaları bütün cəmiyyətə məcburi qəbul etdirmək istəyi tamam başqa şey.
Ən çox düşündürən isə uşaqların vəziyyətidir.
On yaşlı qız uşağına hicabın vacibliyini izah etmək nə qədər məntiqlidir? Ona böyüyüb öz qərarını vermək imkanı yaratmaq daha vacib deyilmi?
Biz qızlarımızın gələcəyini yalnız başlarını örtüb-örtməmələri üzərində qurmalı deyilik.
Onların yaxşı təhsil alması, peşə sahibi olması, iqtisadi müstəqillik qazanması və öz həyatlarını özlərinin müəyyən etməsi daha mühüm məsələdir.
Mən hicabsızlığın daha yaxşı seçim olduğunu düşünə bilərəm. Başqası isə hicabı öz inancının ayrılmaz hissəsi saya bilər.
Amma heç birimiz öz seçimimizi başqasına zorla qəbul etdirməməliyik.
Əsas sual budur: biz qadının başını örtmək istəyirik, yoxsa onun hüquqlarını qorumaq?..
