ABŞ-nin üç senatoru Donald Tramp administrasiyasını Azərbaycanda bütün siyasi məhbusların azad edilməsini Bakı ilə strateji tərəfdaşlığın şərti kimi irəli sürməyə çağırıb. Onlar Vaşinqtonun Belarusda siyasi məhbusların azadlığına nail olmaq üçün istifadə etdiyi yanaşmanın Azərbaycana da tətbiqini istəyirlər.
Demokrat senatorlar Piter Uelç və Tim Kein, eləcə də respublikaçı Tom Tillis sentyabrın 25-də ABŞ dövlət katibi Marko Rubioya məktub göndəriblər. Müraciət Uelçin rəsmi saytında yayımlanıb.
Senatorlar məktubda Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu, müstəqil jurnalistlərə, müxalifət liderlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaların davam etdiyini bildiriblər. Onlar prezident İlham Əliyevin hakimiyyəti dövründə özbaşına həbslərdən və insanların ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsindən ciddi narahatlıq ifadə ediblər:
“ABŞ-Azərbaycan tərəfdaşlığının inkişaf etməsi üçün o, demokratik institutları gücləndirmək, qanunun aliliyini təmin etmək və əsas hüquqları qorumaq öhdəliyinə əsaslanmalıdır”.
Məktub müəllifləri Tramp administrasiyasının Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasını imzalamasını, Rubio və vitse-prezident Cey Di Vensin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) üzrə səylərini müsbət qiymətləndiriblər. Bununla yanaşı, münasibətlərin inkişafının insan hüquqlarına hörmətlə müşayiət olunmasının vacibliyini vurğulayıblar:
“Biz administrasiyanın regionda sülhün irəlilədilməsinə marağını bölüşürük və Azərbaycanda saxlanılan bütün siyasi məhbusların azad edilməsinin strateji tərəfdaşlığın şərti olmasına çağırırıq. Administrasiyanın Belarusda siyasi məhbusların azad edilməsinə nail olmasından ruhlanmışıq və onu Azərbaycanla bağlı da oxşar yanaşma tətbiq etməyə çağırırıq”.
Məktubda səkkiz nəfərin azadlığına xüsusi diqqət çəkilir
Senatorlar siyasi məhbusların azad edilməsinə vətəndaş cəmiyyətinin müxtəlif sahələrini təmsil edən, uzun müddətdir təqiblərə məruz qaldıqlarını bildirdikləri səkkiz nəfərdən başlamağı təklif ediblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barədə məktubda onun doqquz aydan çoxdur siyasi motivli ittihamlarla həbsdə saxlanıldığı və ömürlük həbs cəzası ilə üzləşdiyi bildirilir. Senatorlar onun mühafizəçilərindən birinin apreldə məhkəmədə Kərimliyə qarşı yalan ifadə verməyə məcbur etmək üçün işgəncəyə məruz qaldığını açıqlamasına diqqət çəkiblər. Müraciətdə Kərimlinin ailəsi ilə görüşünə icazə verilmədiyi, təmiz içməli suya çıxışının məhdudlaşdırıldığı və səhhətinin ciddi pisləşdiyi barədə məlumatlar da yer alıb.
“Toplum TV”nin həmtəsisçisi, media hüquqşünası Ələsgər Məmmədlinin həbsi müstəqil mediaya qarşı genişmiqyaslı təzyiqlərin bir hissəsi kimi qiymətləndirilib. Məktubda onun ciddi sağlamlıq problemlərinin olduğu, lazımi tibbi yardım almadığı və səhhətinə görə ev dustaqlığına buraxılması barədə vəsatətlərin rədd edildiyi vurğulanıb. Məmmədli 2024-cü il martın 8-də saxlanılıb, 2026-cı il iyulun 27-də isə 14 il həbs cəzasına məhkum edilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 2024-cü ilin aprelində yenidən həbs edildiyi, bu il sentyabrın 7-də 13 il azadlıqdan məhrum olunduğu qeyd edilib. Senatorlar onun əvvəlki həbsinin də siyasi motivli olduğunu, həmin həbs dövründə – 2014-cü ildə Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görüldüyünü xatırladıblar.
İqtisadçı Qubad İbadoğlunun səhhəti və ölkədən çıxışına qoyulmuş qadağa da müraciətdə qaldırılıb. Senatorların bildirdiyinə görə, siyasi motivli ittihamlarla təqib olunan iqtisadçının sağlamlığı pisləşsə də, onun təcili tibbi müalicə imkanları təmin edilmir. Məktubda İbadoğlunun ABŞ və Böyük Britaniya universitetlərində dərs dediyi, Amerika akademik qurumlarından mükafat və təqaüdlər aldığı xatırladılıb.
“Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin 2024-cü ilin mayında həbs edilməsi və 2025-ci ilin iyununda doqquz il azadlıqdan məhrum olunması da müstəqil mediaya qarşı təzyiqlərlə əlaqələndirilib. Məktubda onun həbsdə olduğu üçün yeganə övladının doğulduğu vaxt ailəsinin yanında ola bilmədiyi vurğulanıb. Senatorlar həyat yoldaşı Nərgiz Muxtarovanın da 2026-cı ilin iyulunda üç il sınaq müddəti ilə yeddi il altı ay şərti həbs cəzasına məhkum edildiyini qeyd ediblər.
Hüquq müdafiəçisi Rüfət Səfərovun ABŞ dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün Vaşinqtona səfərindən bir neçə gün əvvəl – 2024-cü ilin dekabrında həbs olunmasına diqqət çəkilib. Senatorlar onun 2026-cı ilin iyununda səkkiz il həbs cəzası almasını “uydurma ittihamlarla” əlaqələndiriblər.
Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun 2023-cü ilin dekabrında həbs edildiyi, 2025-ci ilin martında doqquz il azadlıqdan məhrum olunduğu xatırladılıb. Məktubda pis saxlanma şəraiti, iki dəfə keçirdiyi aclıq aksiyası və yetərsiz tibbi yardım nəticəsində onun sağlamlığının kəskin pisləşdiyi barədə məlumatlar qeyd olunub.
Jurnalist Ülviyyə Əlinin (Quliyeva) isə “Amerikanın Səsi”nin Azərbaycandakı akkreditasiyası ləğv edilənədək bu media qurumunun müxbiri olduğu bildirilib. Senatorlar onun 2025-ci ilin mayında həbsindən sonra dindirmə zamanı polis tərəfindən döyülməsi və cinsi zorakılıqla hədələnməsi barədə iddiaları da məktuba daxil ediblər. Müraciətdə xroniki sağlamlıq problemləri olan jurnalistə lazımi tibbi yardım göstərilmədiyi vurğulanıb.
“Bütün ittihamlar və səyahət qadağaları geri götürülməlidir”
Senatorlar siyasi məqsədlərlə həyata keçirilən həbslərin Azərbaycanın sülhə, qanunun aliliyinə və ABŞ ilə tərəfdaşlığa dair öhdəliklərinə etimadı sarsıtdığını bildiriblər. Onlar həbsdə olanların ailələri və vəkilləri ilə birbaşa əlaqəsinin, tibbi yardım almaq imkanının təmin edilməsini, adları çəkilən şəxslərin dərhal azad olunmasını istəyiblər:
“Azad edilənlərə qarşı bütün ittihamlar və səyahət qadağaları geri götürülməlidir”.
Məktubda Tramp administrasiyasının “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırmaq qərarı da xatırladılıb. Senatorlar bu addımı Vaşinqtonun münasibətləri dərinləşdirmək istəyinin göstəricisi kimi qiymətləndirərək administrasiyanı İlham Əliyevdən də qarşılıqlı addımlar tələb etməyə çağırıblar:
“ABŞ bu mühüm addımı xoşməramlılıqla atdığından, biz administrasiyanı Azərbaycan Respublikasının prezidentinə ikitərəfli münasibətlərin gücləndirilməsinə oxşar öhdəlik nümayiş etdirməsi üçün təzyiq göstərməyə çağırırıq”.
Onların fikrincə, adları çəkilən şəxslərin və haqsız yerə həbsdə saxlanılan digərlərinin dərhal azad edilməsi belə bir öhdəliyin konkret göstəricisi olardı.
Hökumət siyasi motivli həbsləri qəbul etmir
Məktubda adları çəkilən siyasətçilər, jurnalistlər və hüquq müdafiəçiləri özlərinə qarşı ittihamları qəbul etmir, təqiblərini siyasi motivlərlə əlaqələndirirlər. Fərid Mehralızadə, Ələsgər Məmmədli və Anar Məmmədliyə qarşı ittihamlar arasında qaçaqmalçılıq da var. Ülviyyə Əli də qaçaqmalçılıqda ittiham olunur və onun məhkəmə prosesi davam edir.
Rüfət Səfərov qəsdən sağlamlığa az ağır zərər vurma və dələduzluq, Tofiq Yaqublu isə dələduzluq və digər ittihamlarla məhkum edilib.
2023-cü ilin noyabrından Azərbaycanda 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın bu il mayın 13-də açıqladığı siyahıda 328 nəfərin adı yer alıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olduğunu qəbul etmir. Hökumət təmsilçiləri həmin şəxslərin siyasi mövqelərinə və ya peşə fəaliyyətlərinə görə deyil, törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər. “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq insan haqları təşkilatları isə hakimiyyəti siyasi motivlərlə həbs olunanları azad etməyə çağırırlar. (AbzasMedia)
