SƏMƏD VURĞUNUN ƏDƏBİ GÜCSÜZLÜYÜ… VƏ YA BƏXTİYAR VAHABZADƏ ADLI MƏTBU YALANI
Bütün dövrlərdə Azərbaycan ədəbiyyatına (eləcə də ədəbi həyatına!) həm də ən böyük sarsıdıcı zərbəni dövrü nəşrlərə “bəsit məhsul”ları, “texniki imzalar”ı müxtəlif pərdəarxası “yollar”la daxil etməklə vurublar.
Bu, dünən də belə olub, bu gün də belədir, (nə qədər ki, Azər Turanların, Qəşəm Nəcəfzadələrin, Rüstəm Kamalların, Elnarə Akimovaların, Vaqif Yusiflilərin… xarakterizliyi, “ədəbi fanatizmliyi”, kütləviliyi var!) sabah da belə olacaqdır…
Demək, keçən əsrin ortalarında, günlərin bir günü — Səməd Vurğun xəstə yatan vaxtı Bəxtiyar Vahabzadə ona yenicə yazdığı “Ana dilim” şeirini göstərib, çap eləmirlər – deyir. Vurğun həzrətləri də şeiri oxuyub, adəti üzrə Leninin bir fikrini dərhal başlığa epiqraf kimi əlavə edir… və bu minvalla da həmin mövcud şeir(sizlik) itaətin fonunda dərcolma hüququ qazanıb çap olunur…
İndi burada necə deyərlər, mən məsələnin hələ Leninə pərəstiş, təzim, siyasi konyunkturanın buxovuna “aşiqlik” tərəfindən YOX (o bir ayrı mövzudur!), ədəbi tərəfindən qısaca söz açmaq istəyirəm.
Gəlin baxıb görək, Səməd Vurğun hansı şeiri oxuyur… VƏ YA hansı(?!) şeirə epiqraf yazıb, işıq üzü görməsinin tərəfində olur. Və bununla da Bəxtiyar Vahabzadə adlı MƏTBU YALAN danışır!..
“Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.”
— bu hissə ilə başlayan və ümumilikdə şeir olaraq özündə heç bir SƏNƏT, SƏNƏTKARLIQ mahiyyətini, YARADICI İSTEHSALı əks etdirməyən, YALNIZ texnikanın üzərində publisistikanı, populizmi, “tribuna didaktikası”nı… yekun nəticədə isə kütləviliyi (kütlə təfəkkürünün manipulyasiyasını!) ifadə edən bir “matrealın” dərc olunmasına Səməd Vurğun niyə qol çəksin, razı olsun, cəhd etsin, niyə çalışsın?
NİYƏ FƏRQİNDƏ OLMASIN Kİ(!), axı, bu şeirin ədəbiyyatla, kreativlik fəlsəfəsi ilə nə əlaqəsi? Axı bu şeir niyə ədəbiyyat, sənət adı altında təqdim olunmalıdır?
Niyə, “təfəkkür kibriti” ilə Səməd Vurğun o şeiri yandırıb “külə” döndərməsin?
Bilirsiniz, niyə fərqində ola bilməyib, niyə inkar etməyib?
Çünki (ona görə ki!) Səməd Vurğunun özündə də o inkarçılığı ortaya qoyacaq YARADICI GÜC, gerçək ədəbi meyarlardan çıxış etmə potensialı yox idi… heç vaxt da OLMAYIB!
Çünki (ona görə ki!) Səməd Vurğun da müəyyən bədii ştrixlərin fonunda daim qələmi kütləyə “yuvarladıb”, texnikanın, ibtidai poetikanın, manipulyativliyin fonunda var olub. BU FAKT, bu nüans, bu boz çalar bir daha Bəxtiyar Vahabzadənin məlum şeirinə münasibətdə öz təsdiqini köklü şəkildə tapır.
TƏBİİ Kİ, mən öncəki ədəbi yazılarımda da bir neçə dəfə QEYD ETMİŞƏM Kİ, Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox.
Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi.
İNDİ TƏSƏVVÜR EDİRSİNİZMİ Səməd Vurğun ədəbiyyatla əlaqəsi olmayan nə qədər şeir adına üzə çıxarılan məhsulun çapına (hansı “şəkildə”) yol açıb, imza atıb? Təsəvvür edirsizmi? Digər müşahidələr də buna bir sübutdur…
… Elə bu yerdə ƏDƏBİYYATın ən böyük istəyi Səməd Vurğunlardan qorunmaqdır! Qoruyaq!..
