Dostumla oturub gündəmi müzakirə edirik. Söhbət gəlib deputat Fəzail İbrahimlinin “qarpız əməliyyatı”na çıxdı.
Dostum həmişəki kimi məsələnin görünməyən tərəfinə işıq saldı:
— Görünür, adın öz mistikası var. Bir Fəzailin adı gilasla, o birinin adı qarpızla hallanır. Yəni siyasi botanika baxımından vəziyyət pis deyil. Bir az da belə getsə, Milli Məclisdə fraksiyalar yox, “Giləmeyvələr fəsiləsi” yaranacaq.
Onsuz da bizim siyasətdə meyvə-tərəvəz mövzusu heç vaxt təsadüfi olmayıb. Sadəcə, əvvəllər məhsulu bazarda seçirdilər, indi gündəmdə seçirlər.
Yeri gəlmişkən, bir gün dostuma deyirlər:
— Milli Məclisi buraxacaqlar.
Dostum deyir:
— Buraxacaqlar.
Doğrudan da, buraxdılar. Hətta parlament özü özünü buraxdı. Görünür, bizdə bəzi qurumların özünü buraxmaq qabiliyyəti də var.
Bir müddət sonra yenə deyirlər:
— Parlamenti yenidən buraxacaqlar.
Dostum bu dəfə bir qədər fikirləşib, yarı kinayəli, yarıciddi cavab verir:
— Xeyr. Bu dəfə buraxmayacaqlar. Tutacaqlar.
Beləliklə, siyasi leksikonumuzun iki əsas feli bir daha özünü doğrultdu: “buraxmaq” və “tutmaq”.
Parlamenti buraxdılar, deputatları yenidən buraxdılar, kimisə tutdular, kimisə tutmadılar. Qarpız da öz yerində.
Bir sözlə, bizdə siyasət artıq o qədər çoxşaxəlidir ki, onu izah etmək üçün politoloqdan çox botanika ensiklopediyası lazım gəlir.
Və deyəsən, “Giləmeyvələr fəsiləsi” hələ başlanğıcdır.
