CəmiyyətGündəmSiyasət

Giləmeyvələr fəsiləsi

Dostumla oturub gündəmi müzakirə edirik. Söhbət gəlib deputat Fəzail İbrahimlinin “qarpız əməliyyatı”na çıxdı.

Dostum həmişəki kimi məsələnin görünməyən tərəfinə işıq saldı:

— Görünür, adın öz mistikası var. Bir Fəzailin adı gilasla, o birinin adı qarpızla hallanır. Yəni siyasi botanika baxımından vəziyyət pis deyil. Bir az da belə getsə, Milli Məclisdə fraksiyalar yox, “Giləmeyvələr fəsiləsi” yaranacaq.

Onsuz da bizim siyasətdə meyvə-tərəvəz mövzusu heç vaxt təsadüfi olmayıb. Sadəcə, əvvəllər məhsulu bazarda seçirdilər, indi gündəmdə seçirlər.

Yeri gəlmişkən, bir gün dostuma deyirlər:

— Milli Məclisi buraxacaqlar.

Dostum deyir:

— Buraxacaqlar.

Doğrudan da, buraxdılar. Hətta parlament özü özünü buraxdı. Görünür, bizdə bəzi qurumların özünü buraxmaq qabiliyyəti də var.

Bir müddət sonra yenə deyirlər:

— Parlamenti yenidən buraxacaqlar.

Dostum bu dəfə bir qədər fikirləşib, yarı kinayəli, yarıciddi cavab verir:

— Xeyr. Bu dəfə buraxmayacaqlar. Tutacaqlar.

Beləliklə, siyasi leksikonumuzun iki əsas feli bir daha özünü doğrultdu: “buraxmaq” və “tutmaq”.

Parlamenti buraxdılar, deputatları yenidən buraxdılar, kimisə tutdular, kimisə tutmadılar. Qarpız da öz yerində.

Bir sözlə, bizdə siyasət artıq o qədər çoxşaxəlidir ki, onu izah etmək üçün politoloqdan çox botanika ensiklopediyası lazım gəlir.

Və deyəsən, “Giləmeyvələr fəsiləsi” hələ başlanğıcdır.

 

Fadil Paşayev

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin