Digər qida və qeyri-qida məhsulları kimi, ət və ət məhsullarının qiyməti də hər ilə artan şkala ilə bahalaşmaqda davam edir.
Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb.
Məlum məsələdir ki, ölkə üzrə istənilən sahə monopoliyadadır.
Müstəqil görünən bəzi kiçik sahibkarlıq sahələri bir başa olmasa da, dolayı yolla monopolist nəzarətindədir.
Yəni feyk müstəqillik gözə kül üfürmək funksiyasını daşıyır.
Heyvandarlığın inkişafı ilə bağlı bir sıra dövlət proqramı həyata keçirilmişdir.
Mavi ekranda bu barədə danışılarkən çox xoş təəssürat yaranır.
Lakin, araşdırma edib, dərinə getdikdə görürük ki, bu da o birilərin tayıdır.
Köhnə hamam məsələsi !
Kiçik bir haşiyə çıxaq.
Ətin satış mərhələsinə gəlib çatanadək, maya dəyərini araşdıraq.
Digər illərlə nisbətdə, son beş ildə ət və ət məhsulları sözün həqiqi mənasında bahalaşma sarıdan sıç’rayış edib.
Ötən il iri və xırda buynuzlu heyvanların bazara çıxarılmasına qədərki maya dəyəri belə idi :
İri buynuzlu – 7-9 manat
Xırda buynuzlu – 9-12 manat
Bu ilki maya dəyəri isə,
İri buynuzlu – 9-14 manat
Xırda buynuzlu – 12-17 manat
Deməli, qiymət artımına səbəb, heyvandarlıqla məşğul olan şəxslərin baxım xərclərinin artmasıdır.
Ötən il heyvanın bir aylıq baxım xərci 330-450 manat idisə, bu il 350-530 manat aralığında dəyişir.
Məsələnin əsl məğzi, bir heyvan üçün çəkilən xərcin, lazım olan gündəlik qida və dərman preparatlarının qiymətinin artmasıdır.
İş orasındadır ki, bu sahədə monopolistlərin əlindədir.
Belə olan halda qiymətin artırılması təbii yox, süni prosesdir.
Yəni bilərəkdən və qəsdən edilən soyğunçuluq.
Qida təhlükəsizliyi ilə bağlı verilən bəzi qərarlar da monopolistlərin istəyinə xidmət edir.
Kəsim yerlərinin, ət məhsulları üçün daşınmanın təşkil edilməsi əlavə xərc deməkdir.
Bu heç də qida təhlükəsizliyi, gigiyenanın təmin edilməsi ilə bağlı deyil, süni qiymət artımına zəmin yaratmaqdır.
Belə olduqda, ət satışı ilə məşğul olan kiçik sahibkarlıq obyektləri də yavaş-yavaş sıradan çıxacaq.
Çəkilən xərclə, əldə edilən gəlir tərs mütənasiblik təşkil etdikdə, istər-istəməz fəaliyyət dayancaq.
Bununla da xırda bazarlar sıradan çıxarılır.
Belə olan halda isə, Market şəbəkələri bazara tam dominantlıq etməyə başlayacaq.
Hərkəs məcbur qalıb böyük Market şəbəkələrindən ət və ət məhsulları almağa məhkum olacaq.
Bu proses baş verəndə, küncdə-bucaqda ət satışı ilə məşğul olan kiçik obyektlərin küllü miqdarda cərimələnməsi belə, qaçılmazdır.
Bütün bunlar baş verdikdən sonra, AQTA və digər qurumların fəaliyyətinə ehtiyac duyulacaqmı?
Keyfiyyətsiz məhsullarla bağlı hesabatlar ictimaiyyətə açıqlanacaqmı?
Təbii ki, xeyr.
Hələ qorxun ki, gələcəkdə ev şəraitində konservləşdirilmiş məhsulların satışına da qadağalar tətbiq edilsin.
Konservləşdirilmiş məhsulları da məcbur olub market şəbəkələrindən almalı olaq.
Əslində, Azərbaycan qanunvericiliyinə və reallığa söykənsək, ət və ət məhsullarının bu günki qiyməti daha münasib olmalıdır :
1 kq Mal əti – 11-13 manat
1kq Qoyun əti – 12-14 manat
Ortada reallıq və vicdanla iş görülsə, aztəminatlı ailələrin ət məhsullarından istifadəsi dünyanın səkkizinci möcüzəsinə çevrilməz.
