İran-ABŞ və Rusiya-Ukrayna münaqişəsi bitməyənə qədər dünyanın enerji böhranı tam həll olunmayacaq. Bu münaqişələrin yaxın perspektivdə bitməsi də real görünmür. Deməli, ”Bu xəmir hələ çox su aparacaq.”
Avropa İttifaqında öz seçkicilərini sakitləşdirmək üçün enerji təchizatının diversifikasiyasından danışırlar. Amma hardan, enerji mənbəyi haradadır, bu diversifikasiyanın?
Hazırda nefti çox olub amma bazara az çıxaran əsas 3 ölkə var. İran, Venesuela və Rusiya. Bunlar istisna olmaqla, dünyanın əsas neft istehsalçılarının qısa müddətdə bazara böyük həcmdə əlavə neft çıxarmaq imkanları məhduddur. Rusiyanın və İranın sanksiyaları məlumdur.
Venesuelanın isə nəhəng neft ehtiyatları var, amma böyük ehtiyat böyük hasilat demək deyil. Mövcud infrastruktur və texnoloji imkanlarla hasilatı qısa müddətdə bir neçə dəfə artırmaq mümkün deyil. Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır.
Alternativ enerji də neft və qazı qısa müddətdə əvəz edə bilmir. Avropa onilliklərdir bu istiqamətə böyük vəsait yatırır, amma neft və qazdan asılılıq hələ də yüksəkdir.
Başqa sözlə, həm əlavə neft təklifi məhduddur, həm əsas nəqliyyat marşrutları risk altındadır, həm də alternativ enerji tələb olunan həcmi əvəz edə bilmir.
Bu səbəbdən növbəti ildə neftin 60-65 dollara düşməsi indiki şəraitdə çətin görünür.
Buna görə də 2027-ci ilin dövlət büdcəsində neftin qiymətinin 65 dollardan 70 dollara qaldırmaq məsələsinə də baxıla bilər. Çünki mövcud geosiyasi vəziyyətdə 70 dollar ciddi əlavə risk yaratmadan büdcənin gəlir imkanlarını genişləndirə və iqtisadi aktivliyin dəstəklənməsi üçün əlavə maliyyə imkanları yarada bilər.
Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2026-cı ilin fevralında 2027-ci il üçün Brent neftinin orta qiymətini 53 dollar proqnozlaşdırırdısa, sentyabrda bu rəqəmi 74 dollara qaldırıb. UBS-in hazırkı proqnozu da 75 dollardır.
Bir daha qeyd edim ki, faktiki qiymətin daha yüksək ola biləcəyini düşünürəm. EİA və UBS-in daha yüksək rəqəmləri indidən proqnozlaşdırmamasının səbəblərindən biri belə proqnozların bazarda əlavə təzyiq yaradaraq neftin qiymətini daha da yüksəldə bilməsi ola bilər ki, bu da ABŞ-ın maraqlarına uyğun olmazdı.
Deməli, mövcud mənzərə dəyişməzsə, Azərbaycan gələn il də yüksək neft qiymətlərindən faydalanaraq valyuta ehtiyatlarını artırmaq üçün əlverişli imkan əldə edə bilər.
