“Bu gün atanın zəng günü idi.
Hər dəfə zəng gələndə ümid edirəm ki, kaş heç bir problem olmasın. Amma yenə də narahatedici xəbərlər gəlir. 17 saylı CM-də Tofiq Yaqubluya həyatı dözülməz, yaşanmaz həddə çatdırıblar. Təzyiqlər isə get-gedə daha da artır. Haqsız yerə həbs olunması azmış kimi hələ üstəlik həbsxana içində də həyatını cəhənnəmə çeviriblər.
Bugünlərdə Penitensiar Xidmət belə məlumat yayıb ki, Azərrbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş Vardanyanın saxlanma şəraitini nəzarət altında saxlayır. Ancaq Qarabağ qazisi, qazi atası Tofiq Yaqublunu həbsxanada dözülməz şəraitdə saxlayır.
Həyatını Vətən uğrunda fəda et, bunun mükafatı həbsxanalar olsun, terrorçu ol, ancaq həbsxanada da xan kimi yaşa.
Əlbəttə ki, məhbuslar qəbul olunmuş qaydalar əsasında saxlanılmalıdır. Ancaq bu qaydanı əsl cinayətkarlara tətbiq edib, günahsız yerə həbsxanada saxlanılana isə cəhənnəm həyatı yaşatmaq heç adil deyil.
Bununla yanaşı Araik Artunyana da notarius xidməti təşkil ediblər. Tofiq Yaqublu 4 həftədir ki, həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəyir, ancaq hər dəfə bir bəhanə gətirirlər. Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib. Ümid edirəm ki, bu, texniki problem tez bir zamanda aradan qalxar.
P.S Tofiq Yaqubluya və bütün siyasi məhuslara azadlıq tələb edirəm!”
