2025-ci ili 5,7 milyon manat xalis zərərlə başa vuran “Təmiz Şəhər” ASC-yə 2027-ci ilin dövlət büdcəsindən 17,5 milyon manat subsidiya ayrılması nəzərdə tutulur. Şirkətin əvvəlki illərdən yığılmış zərəri isə 249 milyon manatı ötüb.
Bu barədə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan şirkətə ayrılması planlaşdırılan vəsait bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
2026-cı ilin dövlət büdcəsi layihəsində eyni məqsədlə “Təmiz Şəhər” ASC-yə 23,6 milyon manat subsidiya nəzərdə tutulmuşdu. Beləliklə, 2027-ci il üçün planlaşdırılan məbləğ əvvəlki ilin büdcə layihəsində göstərilən vəsaitdən 6,1 milyon manat və ya 25,8 faiz azdır.
Bu ilin avqustunda açıqlanan maliyyə hesabatına əsasən, “Təmiz Şəhər” ASC 2025-ci ili 5 milyon 666 min manat xalis zərərlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.
Şirkətin əvvəlki illərdən yığılmış zərəri isə bir il ərzində 2,3 faiz artaraq 249 milyon 185 min manata çatıb.
2026-cı il yanvarın 1-nə “Təmiz Şəhər”in aktivləri 47 milyon 450 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 22 faiz azdır.
Eyni dövrdə şirkətin öhdəlikləri 16,2 faiz artaraq 5 milyon 675 min manata yüksəlib. Balans kapitalı isə 25,4 faiz azalaraq 41 milyon 775 min manata düşüb.
“Təmiz Şəhər” ASC Prezident İlham Əliyevin 6 avqust 2008-ci il tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamı əsasında yaradılıb.
Nizamnamə kapitalı 9 milyon 150 min manat olan şirkət Bakıda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin idarə olunması, eləcə də şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə məşğuldur. (AbzasMedia)
