Bu gün ABŞ da aralıq seçkilərdə Demokratların qalib gəlməsi avtomatik hər şeyin yaxşı olacağı demək deyil. Tam tərsi, hər şey daha da pis ola bilər. Dəqiq nəsə demək mümkün deyil. Qarşıdakı iki ildə Amerikanın, eləcə də dünyanın siyasi vəziyyətinin son iki illə müqayisədə yaxşı, yoxsa pis olacağını indidən proqnozlaşdırmaq olduqca çətindir.
Bu, əsasən Donald Trampın, müəyyən dərəcədə isə Demokratların və Respublikaçıların sərgiləyəcəyi siyasi davranışlardan asılı olacaq. İndi əsas sual budur ki, ABŞ hansı yolu seçəcək, qarşıdurmanı, yoxsa kompromisi?
Əgər Tramp Konqres və Senatla, Konqres və Senat isə Trampla qarşılıqlı şəkildə bir-birini bloklamaqla məşğul olarsa, yəni siyasi qarşıdurma daha da dərinləşərsə, bu, demokratik dünya üçün qarşıdakı iki ilin də itirilməsi, qeyri mütərəqqi, Qərbin rəqibi olan qüvvələr üçün isə yeni fürsət pəncərəsinin açılması demək olacaq.
Yox, əgər Respublikaçılar qarşıdakı seçkilərdə siyasi nüfuzlarını bərpa etmək məqsədilə Trampla ortaq məxrəcə gələ, dil tapa, kompromisə əsaslanan idarəçilik xəttini formalaşdıra bilsələr, tamamilə fərqli proseslərin şahidi ola bilərik. Bu halda ABŞ-nin daxili siyasi sabitliyinin və beynəlxalq qərarvermə qabiliyyətinin bərpası üçün zəmin yarana bilər. Bu variantda Amerikanın təsir imkanları bura qədər olanlardan daha çox ola bilər.
Dünən ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri əvvəlcədən müəyyən dərəcədə proqnozlaşdırılırdı deyə dünyanın müxtəlif bölgələrində fərqli reaksiyalara səbəb olmuşdu. Seçkidən əvvəl dünyada çalxalanma artıq başlamışdı. İqtisadi, siyasi reaksiyalar gedirdi.
Amerika siyasətində baş verən hər ciddi dəyişiklik qlobal miqyasda öz təsirini göstərir. Bu seçki dalğasının da beynəlxalq siyasi proseslərə təsirsiz ötüşəcəyini düşünmək sadəlövhlük olar.
Bundan sonra nələrin baş verəcəyini anlamaq üçün hər şeydən əvvəl Trampın atacağı addımları, eləcə də Respublikaçıların onun siyasi kursuna münasibətini izləməliyik. Konqreslə prezident arasında qarşılıqlı bloklama siyasətinin dərinləşməsi ABŞ-nin beynəlxalq proseslərə təsir imkanlarını zəiflədə, bu isə Qərbin rəqibləri üçün əlavə manevr imkanları yarada bilər. Bu, ən arzuolunmaz ssenarilərdən biridir.
Əgər kompromis yolu seçilərsə, bizi tamamilə fərqli bir siyasi mənzərə gözləyir. Əks təqdirdə, demokratik və liberal dünyanın qarşılaşdığı problemlərin həlli, beynəlxalq siyasi sistemdə sabitliyin bərpası üçün daha iki il gözləməli olacağıq.
Hər zamakından daha çox bu gün ABŞ-də baş verənlər yalnız Amerikanın daxili siyasi məsələsi deyil. Bu, həm də dünyanın gələcək siyasi istiqamətini müəyyənləşdirə biləcək prosesdir. Odur ki, əsas məsələ seçkilərin yekun nəticələrindən sonra Trumpın göstərəcəyi reaksiyadır.
