DünyaSiyasət

Trampın təmsilçiləri Kuşner‐Uitkoff cütlüyü ilk dəfə olaraq Ukraynaya səfər edib

Komforta və gedonist həyat tərzinə alışmış, “canı şirin” olan bu qeyri‐diplomat kapitalistlərin qatarla Kiyevə gəlişi Trampın müharibəyə son qoymaqda qərarlı olduğunun göstəricisidir. İran böhranını çözə bilməyən Trampın qısamüddətli hədəfi odur ki, payızdakı Konqres seçkiləri ərəfəsində heç olmasa, Ukraynada hansısa anlaşmaya nail olaraq Rusiyaya qarşı sanksiyaları yumşaltsın və mümkün qədər çox rus neftinin bazara çıxmasına (müvafiq olaraq qiymətlərin enməsinə) şərait yaratsın. “Mən daha bir müharibəni, həm də ən ağırını dayandırdım” deyə qürrələnmək fürsəti əldə etmək də öz yerində…

Lakin tərəflərdən biri (yaxud hər ikisi) ciddi güzəştlərə razı olmasa, bu missiyanın da uğurla nəticələnəcəyinə ümid azdır. Putin Kuşner və Uitkoffla ötən il birinci görüşündə dediklərini dünən də təkrarlayıb. “Biz cəbhədə irəliləyirik, sülh razılaşmasında yerdəki vəziyyət nəzərə alınmalıdır, Ukrayna ən azı öz qoşunlarını Donbasdan çıxarmalıdır, sonrasına baxarıq” və s…

Bəs, “yer”dəki real vəziyyət necədir?

Ağır, intensiv, fasiləsiz döyüşlərin getməsinə baxmayaraq, hələ ki cəbhə xəttində radikal dəyişiklikdən danışmaq mümkün deyil. Rusiya ordusu son bir neçə ayda əsas prioriteti olan, nəyin bahasına olursa olsun ələ keçirməyə çalışdığı Slavyansk-Kramatorsk şəhər aqlomerasiyasının şərqində təxminən 10 km-ə yaxın irəliləyib. (Dron kameraları ilə fiksasiya olunmuş gündəlik itkiləri ortalama 1500 ölü‐yaralıdan ibarətdir). Ukrayna ordusu isə eyni vaxtda Dnepr‐Zaporojye‐Donetsk vilayətlərinin kəsişməsində azı 15 km irliləyərək təxminən 30 kəndi geri alıb. Lakin bunlar hər iki tərəf üçün taktiki xarakterli irəliləyişlərdir və hələlik operativ mahiyyət daşımır. Ukrayna öz əsas zərbə istiqamətində böyük qüvvələr cəmləşdirə bilsə, dərinliklərə irəliləmə şansı var. Rusiya isə əsas zərbə istiqamətində (Slavyansk-Kramatorsk) kifayət qədər qüvvə (təxminən 200 min əsgər) cəmləşdirib və Putin komandanlığa ilin sonuna qədər Donbasın inzibati sərhədlərinə çıxmağı tapşırıb. (2022-dən etibarən bu cür dedlaynlar qoyulur). Bu hədəfə çatmaq da asan görünmür, həm də ona görə ki, Zelenski ötən həftə bu istiqamətin müdafiəsini ”Azov”un qurucuları, orduda ən sevilən və istedadlı komandirlərdən olan Andrey Biletskiy və Denis Prokopenkoya həvalə edib. Hazırda onlar müdafiəni yenidən təşkil edir.

Müharibə həm də fasiləsiz texnolji rəqabətlə müşayiət olunur. Yayda Ukraynanın orta mənzilli dronları Rusiya logistikası üçün ciddi təhdidə çevrilmişdisə, indi Rusiyanın reaktiv dronları Ukraynaya əziyyət verir. Standart “Shahed”ləri Ukrayna ucuz dronlarla asanlıqla vururdu. Reaktiv dronlar yüksək sürətlə uçduğu üçün onları vurmaq çətindir. Hətta 2 gün öncə Rusiya reaktiv dronla birbaşa Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəisi Aleksandr Pokladın kabinetinə zərbə endirə bildi. (Bu, bir gün əvvəl Saratovda Rusiya 22‐ci ağır bombardmançı aviasiya diviziyasının komandanı, general Varpaxoviçin güllələnməsinə cavab idi).

Ukrayna hərbi sənayesi yeni təhlükəyə sürətlə adaptasiya olaraq hazırda reaktiv dronları vuracaq dronların sınaqlarını keçirir. Rusiya isə öz növbəsində reaktiv drondan daha sürətlə uçan və daha çox partlayıcı daşıyan reaktiv raket istehsalına hazırlaşır. Ukraynada orta məsafəli (200 km) ballistik raketin (FP7) sınaqları başa çatıb, Moskvanı vuracaq, 850 km məsafəli ballistik raketin (FP9) sınaqları isə davam edir. Bundan əlavə, Rusiya ballistik raketlərini vuracaq antiballistik raketlər də sınaq mərhələsindədir.

Müharibə ən ağır, qarşılıqlı tükəndirmə mərhələsinə daxil olub. Putin döyüş meydanında istədiyinə nail ola bilməyəcəyini dərk edir və raket-dron terrorunu intensivləşdirərək artıq açıq şəkildə mülki hədəfləri, birbaşa xalqı hədəf alır. “Ukrayna ya bizim olacaq, ya da heç kimin” obsessiyası ilə aparılan bu siyasətdə məqsəd Ukrayna xalqının müqavimət əzmini qıraraq onları təslimiyyətə məcbur etmək (Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bunu açıq söyləyib); əks halda Ukraynanı insansızlaşdırmaq və yaşanmaz ərazi halına gətirməkdir. Qarşıdan gələn qışın ukraynalılar üçün xüsusilə çətin, hətta dözülməz olacağı gözlənilir.

Hər şeyə rəğmən, unudulmamalıdır ki, Ukrayna tarixində bundan daha ağır mərhələlər yaşanıb və milli alt şüurda immunitet formalaşıb. (K.Q.Yunq buna “kollektiv şüursuzluq” – nəsildən nəsilə şüurun iştirakı olmadan ötürülən təcrübə – deyir). Uzaq tarixdə Ukrayna tarixinin ən ağır dövrü kimi 1657‐ci ildə getman Boqdan Xmelnitskinin ölümündən, milli dövlətçiliyin (“Zaporojye Seçi”) dağılmasından sonra başlayan və “Ruina” (Xarabalıq) adlandırılan dövrü qeyd etmək mümkündür. Bu dövr 30 il sonra böyük sərkərdə və dövlət xadimi İvan Mazepanın getman seçilməsi ilə sona yetib. Yaxın tarixdə isə sovet hakimiyyətinin qurulmasından sonra, 1930‐cu illərin əvvəllərində Ukrayna kəndlərindən bütün taxılın, taxıl məhsullarının (hətta süpürgələrin və süpürgə toxumlarının) zorla toplanaraq törədilən süni aclıq nəticəsində 4‐7 milyon arası insanın ölümünü göstərmək olar.

Bu məşəqqətli dövrlərdən ukraynalılar sağ çıxdı. Rus imperializminin növbəti zülmündən də sağ çıxacaqlarına və milli dövləti qoruya biləcəklərinə şübhə edilməməlidir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Si Cinpin niyə Pezeşkianı kənarda saxladı?

redaktor

230 milyardlıq korrupsiya, amma korrupsioner yoxdur

redaktor

Azərbaycan öz vətəndaşları ilə nə vaxta qədər savaşacaq?

redaktor