Son günlər Qərb mediasında Azərbaycan hakimiyyətinin siyasəti, siyasi həbslər, media azadlığı və insan hüquqları ilə bağlı ard-arda sərt materiallar yayımlanır. Bakı isə bunları Azərbaycana qarşı informasiya hücumu kimi qiymətləndirir.
Tutaq ki, sabah BBC də yazmadı, The Guardian da, The Independent də.
Problem bununla həll olunacaqmı?
Axı eyni məsələləri illərdir Azərbaycanın öz vətəndaşları da deyirlər. Ölkə daxilində deyirlər, Avropada yaşayan azərbaycanlılar deyirlər, hüquq müdafiəçiləri deyirlər, jurnalistlər deyirlər.
Azərbaycan hakimiyyəti ilə xaricdəki siyasi mühacirətin və fəal diasporun bir hissəsi arasında artıq uzun illərdir çox ağır qarşıdurma mövcuddur. Bəzi bloqerlərin hakimiyyətə qarşı istifadə etdiyi dil son dərəcə sərt, bəzən təhqiramiz və qəbuledilməzdir. Mən bunu heç vaxt normal siyasi mübarizə üsulu hesab etməmişəm.
Amma dövlət də bloqerlə bloqer kimi davrana bilməz.
Dövlət dövlətdir.
Onun cavabı insanları susdurmaq, həbs etmək və ölkə daxilində, yaxud xaricində yaşayan tənqidçilərlə sonsuz savaş aparmaq olmamalıdır.
Mən illərdir başqa yol təklif edirəm: danışmaq lazımdır.
Bir-birimizi sevmək məcburiyyətində deyilik. Siyasətdə buna ehtiyac da yoxdur. Hakimiyyət müxalifəti sevməyə bilər, müxalifət də hakimiyyəti. Amma eyni dövlətin vətəndaşları bir masa arxasında oturub minimum qaydalar və milli məsələlər ətrafında konsensus axtara bilməlidirlər.
Bunun ən təbii məkanlarından biri parlamentdir.
Qonşu Ermənistana baxaq. Nikol Paşinyan illərdir hakimiyyətdədir. Amma onun ən sərt siyasi rəqibləri də parlamentdə otururlar. Hazırkı parlamentdə Paşinyanın “Vətəndaş Müqaviləsi” fraksiyasının 69 deputatı var, əsas müxalif “Ermənistan” fraksiyasının isə 28 deputatı; bundan başqa ayrıca müxalif “Şərəfim var” fraksiyası fəaliyyət göstərir. Yəni parlamentdə ciddi müxalifət mövcuddur.
Paşinyanı tənqid edirlər, ona qarşı çıxırlar, parlament tribunasından hakimiyyətin siyasətini sərt şəkildə müzakirə edirlər.
Nə Ermənistan dağılıb, nə də Paşinyan buna görə ölkəni idarə edə bilmir.
Gürcüstanda da 2024-cü il seçkisində müxalifət qüvvələri 150 mandatdan 61-ni — təxminən 41 faizini qazanmışdı. Sonrakı siyasi böhran, boykotlar və mandatların ləğvi nəticəsində vəziyyət dəyişib və hazırda parlamentin rəsmi məlumatında 23 deputat parlament müxalifəti kimi göstərilir. Gürcüstan demokratiyasının özünün də ciddi problemləri var. Amma orada belə parlament müxalifəti anlayışı mövcuddur.
Azərbaycanda isə real siyasi müxalifətin parlamentdə təmsilçiliyi faktiki olaraq yox dərəcəsindədir.
Və bəzən belə təsəvvür yaranır ki, hakimiyyət bunu özünün böyüklüyü hesab edir:
“Baxın, nə qədər güclüyük — müxalifəti parlamentə belə buraxmamışıq.”
Halbuki məncə bunun tam əksi doğrudur.
Güclü hakimiyyət rəqibinin parlamentdə danışmasından qorxmur. Güclü dövlət müxalifəti həbsxanada deyil, parlamentdə görmək istəyir.
Mən bunları yalnız Facebook-da yazmamışam.
Müxtəlif vaxtlarda Azərbaycan rəhbərliyində məsul şəxslərə müraciətlər etmişəm. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya da yazmış, bu qarşıdurmadan çıxmaq üçün konkret fikirlərimi çatdırmışam. Hakimiyyətlə xaricdəki siyasi mühacirət arasında dialoq üçün ehtiyac yaranarsa, imkanım daxilində vasitəçilik etməyə hazır olduğumu da bildirmişəm.
Bunu ona görə etmişəm ki, sabah heç kim:
“Başqa yolun mümkün olduğunu bilmirdik”
— deməsin.
Təəssüf ki, müsbət istiqamətdə nəinki dönüş, ciddi bir işartı belə görünmür. Əksinə, siyasi meydan daha da daralır, qarşıdurma sərtləşir, yeni həbslər barədə xəbərlər gəlir. Hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi insanların sayı artıq yüzlərlə ifadə olunur.
Və təhlükəli bir dairə yaranır.
Hakimiyyət sərtləşdikcə müxalifətin bir hissəsi radikallaşır. Müxalifətin dili radikallaşdıqca hakimiyyət bundan yeni repressiyaları əsaslandırmaq üçün istifadə edir.
Biri o birini qidalandırır.
Amma bu siyasətin son nöqtəsi haradır?
Qərb mediası ilə qarşıdurma.
Avropa institutları ilə gərginlik.
Xaricdə yaşayan tənqidçi azərbaycanlılarla savaş.
Ölkə daxilində real müxalifətin siyasi meydandan sıxışdırılması.
Bunun üzərinə insanların gündəlik sosial-iqtisadi qayğıları, bahalaşma və dolanışıq problemləri də gəlir.
Bütün istiqamətlərdə siyasi yayı eyni vaxtda nə qədər sıxmaq olar?
Parlamentdə danışmağa imkan vermirsən. Televiziyada alternativ siyasi səs demək olar eşidilmir. Küçədə etiraz imkanları son dərəcə məhduddur. Xaricə gedib danışanı da düşmən kimi görürsən.
Bəs narazı insan harada danışsın?
Siyasi sistem müəyyən mənada təzyiq altında olan qazana bənzəyir. Parlament, müxalifət, azad media, seçki, ictimai müzakirə — bunların hamısı cəmiyyətdə yığılan narazılığın dinc şəkildə ifadə olunduğu klapanlardır.
Ağıllı idarəçilik həmin klapanları bağlamaq deyil, işlək saxlamaqdır.
Bütün klapanları bağlayıb sonra qazanın partlamamasını gözləmək olmaz.
Dünya dəyişir. Region dəyişir. Azərbaycan da müharibədən sonra tamam başqa tarixi mərhələyə daxil olub. Belə bir dövrdə dövlətin gücü daha çox adamı susdurmaq qabiliyyəti ilə deyil, fərqli düşünən insanları da siyasi sistemin daxilində saxlamaq bacarığı ilə ölçülməlidir.
Ona görə hakimiyyətə yenə eyni çağırışı edirəm:
Siyasi məhbus hesab edilən şəxslərin işlərinə yenidən baxın. Real müxalifətin parlamentdə və siyasi həyatda iştirakına şərait yaradın. Xaricdə yaşayan azərbaycanlılarla sonsuz qarşıdurmadan çıxın. Təhqir və şəxsi hücumdan imtina etməyə hazır olan hər kəslə danışın. Ölkənin gələcəyi ilə bağlı minimum milli konsensus yaradın.
Dialoq zəiflik deyil. Rəqibi ilə eyni masa arxasında oturmaqdan yalnız özünə güvənən hakimiyyət qorxmur.
Azərbaycanın növbəti mərhələsi daha sərt avtoritarizm olmamalıdır.
Azərbaycanın həbsxanalarında daha çox siyasi rəqibə deyil, parlamentində daha çox siyasi rəqibə ehtiyacı var.
Çünki əsas sual “hamını necə susduraq?” deyil.
Əsas sual budur:
Fərqli düşünən milyonlarla azərbaycanlı eyni dövlətdə necə birlikdə yaşasın?
Hələ danışmaq mümkündürsə, danışmaq lazımdır. Hələ konsensus mümkündürsə, onu axtarmaq lazımdır.
Siyasi yayı sonsuza qədər sıxmaq mümkün deyil. Bir gün ya onu özün boşaltmalısan, ya da o yay sənin əlindən çıxacaq…
