25 C
Bakı
02 Sentyabr 2026 10:26
CəmiyyətQalmaqal

İstintaqda qadağan olunmuş metodlarla bağlı 1067 şikayətdən yalnız biri təmin olunub

Şikayətlərin sayı artsa da, təmin edilənlərin sayı bir ildə 89-dan 1-ə düşüb

Azərbaycanda prokurorluq orqanları 2025-ci ildə istintaq və təhqiqat zamanı yol verilməyən metodlardan istifadə ilə bağlı 1067 şikayəti həll edib. Onlardan yalnız biri təmin olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda hüquqpozmalar” adlı 2026-cı il statistik məcmuəsində məlumat verilib.

Məcmuəyə görə, 2024-cü ildə eyni kateqoriya üzrə 906 şikayət həll edilmiş, onlardan 89-u təmin olunmuşdu. Beləliklə, şikayətlərin sayı artdığı halda, təmin edilən şikayətlərin sayı bir ildə 89-dan 1-ə düşüb.

Rəsmi statistikada başqa kəskin dəyişiklik də görünür. 2023-cü ildə bu kateqoriya üzrə cəmi 26 şikayət həll edildiyi halda, 2024-cü ildə göstərici 906-ya yüksəlib.

Məcmuədə bu artımın səbəbi, şikayətlərin qeydiyyat qaydasının dəyişib-dəyişmədiyi və müxtəlif illərin göstəricilərinin bir-biri ilə nə dərəcədə müqayisə oluna bildiyi izah edilmir.

2025-ci ildə ibtidai araşdırma məsələləri ilə bağlı bütün şikayətlərin təxminən dörddə biri təmin olunub. İstintaq və təhqiqatda yol verilməyən metodlarla bağlı şikayətlərdə isə bu göstərici təxminən hər min şikayətdən birinə bərabərdir.

“Abzas Media” məcmuədəki rəqəmlər əsasında hesablama aparıb.

1067 rəqəmi təsdiqlənmiş işgəncə hadisələrinin və ya zərərçəkənlərin sayı deyil. Bu, prokurorluğun həmin kateqoriya üzrə həll etdiyi şikayətlərin sayıdır.

Eyni zamanda şikayətin təmin edilməməsi onun yalan və ya əsassız olması demək deyil. Məcmuədə təmin edilməyən 1066 şikayət üzrə hansı qərarların verildiyi, imtinanın səbəbləri, neçə iddia üzrə ekspertiza aparıldığı və neçə halda cinayət və ya intizam araşdırmasının başlandığı göstərilmir.

Qanun nə deyir?

Cinayət-Prosessual Məcəllənin 15-ci maddəsi cinayət təqibi zamanı işgəncəni, fiziki və psixi zorakılığı, tibbi yardımdan məhrumetməni, eləcə də zorakılıq, hədə-qorxu, aldatma və başqa qanunsuz üsullarla ifadə alınmasını qadağan edir.

Cinayət Məcəlləsinin 133-cü maddəsi “əzab vermə”yə, 293-cü maddəsi isə vəzifəli şəxsin iştirakı, təhriki, razılığı və ya məlumatı ilə törədilən işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara görə cinayət məsuliyyəti müəyyən edir.

Jurnalistlər ekspertiza tələb edib

“ARTICLE 19” və bir sıra başqa beynəlxalq təşkilatlar 2026-cı il fevralın 5-də yaydıqları birgə bəyanatda “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Ülviyyə Əli (Quliyeva) və Aysel Ümüdovanın pis rəftar iddialarına diqqət çəkiblər.

2025-ci il mayın 6-dan 7-nə keçən gecə saxlanılan Ülviyyə Əli polis əməkdaşının onu elektron cihazlarının parollarını açıqlamağa məcbur etmək üçün döydüyünü və cinsi zorakılıqla hədələdiyini bildirib.

Təşkilatların bəyanatına görə, jurnalist bu barədə vəkilinə və dövlət qurumlarına yazılı şikayətlər təqdim edib, lakin müstəqil məhkəmə-tibb ekspertizası təyin olunmayıb.

Aysel Ümüdova isə 2024-cü il dekabrın 6-da saxlanılarkən polis əməkdaşının cinsi qısnaması və pis rəftarı ilə üzləşdiyini bildirib. Jurnalist bu barədə 2025-ci ilin dekabrında Bakı İstintaq Təcridxanasından media qurumlarına göndərdiyi məktubda yazıb.

CPT: Azərbaycan əməkdaşlıqdan açıq imtina edib

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi 2024-cü il iyulun 3-də Azərbaycanla bağlı ictimai bəyanat yayıb.

Komitə bəyanatın Azərbaycan hakimiyyətinin əməkdaşlıqdan “açıq imtina etməsi” səbəbindən yayıldığını bildirib. CPT-nin məlumatına görə, Komitə polis əməkdaşlarının ağır pis rəftar və hətta işgəncə törətməsi barədə iddialar almağa davam edib, ancaq Daxili İşlər Nazirliyi uzun illər ərzində verilən tövsiyələrin icrası üçün addım atmayıb.

CPT bunu Konvensiyanın “fundamental və görünməmiş pozuntusu” kimi qiymətləndirib.

BMT-nin İşgəncələrə Qarşı Komitəsi də 2024-cü il mayın 6-da qəbul etdiyi yekun müşahidələrdə Azərbaycanda işgəncə və pis rəftar barədə davamlı iddialardan narahatlığını ifadə edib. Sənəd iyunun 5-də rəsmi olaraq yayımlanıb.

Komitə hüquq müdafiəçiləri və jurnalistlərin fiziki və məhkəmə təzyiqi ilə üzləşdiyini, bəzi hallarda isə işgəncə və pis rəftara məruz qaldıqlarının bildirildiyini qeyd edib.

BMT Komitəsi Azərbaycan hökumətini işgəncə və pis rəftar şikayətlərinin sayı, hansı qurumun onları araşdırdığını, neçə araşdırmanın intizam tədbiri və ya cinayət təqibi ilə nəticələndiyi, eləcə də zərərçəkənlərə kompensasiya verilib-verilmədiyi barədə ətraflı statistika dərc etməyə çağırıb. Dövlət Statistika Komitəsinin məcmuəsi 1067 şikayət üzrə bu məlumatları açıqlamır.

“Abzas Media” məsələ ilə bağlı Baş Prokurorluğa informasiya sorğusu göndərsə də, qurum material dərc olunanadək sorğunu cavablandırmayıb.  (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sirenlər altında “ilk zəng”: Müharibə Ukraynanın gələcəyini oğurlayır

redaktor

Müsəlman olmaq yalnız donuz əti yeməmək deyil

redaktor

Strategiya körpə ölümünü 9,3-ə endirməyi nəzərdə tuturdu: 2025-ci ildə göstərici 13,7 olub

admin