Almaniya avqustun 4-də Leypsiq hava limanına partlayıcı daşıyan dronlarla hücum cəhdinə görə rəsmən Rusiyanı ittiham edib. Almaniya bu hücuma cavab olaraq Rusiyanın Bonndakı konsulluğunu və Berlindəki Rusiya Evini bağlamaq qərarı verib. Beləliklə, Rusiyanın Almaniyada cəmi bir konsulluğu (Berlində) qalacaq.
“Deutsche Welle”nin məlumatına görə, Almaniya ölkəyə gələn Rusiya vətəndaşları üçün sərhəddə yoxlamaları da sərtləşdirəcək. Bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful məlumat verib.
Dobrindtin sözlərinə görə, Rusiyanın bu insidentdə iştirakı dronun tənzimləmələri və onun digər hibrid hücumlarda istifadə olunmuş xüsusi detalları araşdırıldıqdan sonra üzə çıxıb.
Avqustun 4-nə keçən gecə Leypsiq hava limanı yaxınlığında partlayıcı quraşdırılmış dron ələ keçirilib. Ehtimallara görə, o, Ukrayna üçün silah daşıdığı bildirilən “An-124” yük təyyarəsinə hücum etmək istəyirmiş. Hadisədən az sonra həmin ərazidə daha bir pilotsuz uçuş aparatı aşkarlanıb.
NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu insidentlə bağlı Almaniya ilə tam həmrəy olduqlarını bəyan ediblər. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isə vurğulayıb ki, Rusiyanın bu cür hibrid əməliyyatları onları Ukraynaya dəstək verməkdən çəkindirməyəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Almaniyadakı konsulluğun və Rusiya Evinin bağlanmasına mütləq cavab verəcək. (AzadlıqRadiosu)
