25 C
Bakı
01 Sentyabr 2026 18:36
CəmiyyətDünyaMuharibəTəhsil

Sirenlər altında “ilk zəng”: Müharibə Ukraynanın gələcəyini oğurlayır

Bu gün Ukraynada yeni dərs ili başlayıb. Dinc vaxtlarda 1 sentyabr – milli geyimlər, güllər, bir qədər həyəcan, valideynlərin təbəssümləri, xatirə üçün çəkilən fotolar, tanış məktəb həyəti və ilk zəng deməkdir. Lakin Ukrayna artıq bir neçə ildir ki, tamamilə fərqli reallıqda yaşayır. Bu gün Ukraynanın bir çox məktəblərində uşaqlar nə təntənəli mərasim, nə də ilk zəng gözləyə bildilər.

Onlar məktəbə gəldilər və sığınacaqlara göndərildilər. Himn və təbriklər əvəzinə hava həyəcanı barədə xəbərdarlıqlar eşitdilər. Sentyabrın 1-də ənənəvi bayram əvəzinə yenidən müharibənin başa çatmadığını xatırladılar. Bəli, bu səhər Rusiya raketləri və pilotsuz uçuş aparatları yenidən ukraynalı uşaqları dərs ilinə ümumiyyətlə uşaqlıqda verməməli olduqları bir sualla başlamağa məcbur etdi: ən yaxın sığınacaq haradadır?

Xoşbəxtlikdən, biz dinc Azərbaycanda yaşayırıq. Amma gəlin bu mənzərəni yeni dərs ilinə hazırlaşan ukraynalı uşağın gözü ilə təsəvvür etməyə çalışaq. O, bir neçə gün ərzində geyimini seçib, çantasını hazırlayıb, dəftər və qələmlər alıb. Bəlkə də valideynləri onu evdən çıxarkən lentə alıb. O, dostlarını görmək, yeni sinif yoldaşları ilə tanış olmaq, müəllimin səsini eşitmək üçün məktəbə gedib.
Lakin bütün bu ümidləri siren səsi yarımçıq qoyub. Bir anda məlum olub ki, uşaqlığın bütün adi ssenariləri yenidən qəfil ləğv edilir.

Hazırda Rusiyanın başladığı və artıq dörd il yarımdan çoxdur davam edən bu dəhşətli müharibənin ən qorxunc xüsusiyyətlərindən biri də budur. Müharibə yalnız binaları, infrastrukturu və insan həyatlarını məhv etmir. O, həyatın öz normal axarını məhv edir.

Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, yeni dərs ilində ölkədə 25 242 təhsil müəssisəsi fəaliyyət göstərməlidir. Birinci sinfə təxminən 243,3 min uşağın gedəcəyi gözlənilir. Bununla belə, hazırda Ukraynada əyani təhsil yalnız ən azı minimal təhlükəsizlik təminatının olduğu yerlərdə mümkündür. Məktəblərdə sığınacaqlar hazırlanır, zədələnmiş otaqlar təmir edilir, təxliyə planları hazırlanır və məktəblər qarışıq təhsil formatına keçir.

Kiyevdə tədris prosesi qarışıq formatda təşkil olunub. Konkret modeli hər bir məktəb sığınacağın imkanlarına, tutumuna və təhlükəsizlik vəziyyətinə uyğun olaraq özü müəyyənləşdirir. Cəbhəyanı və sərhədyanı bölgələrdə vəziyyət daha dramatikdir. Orada uşaqlar çox vaxt yalnız distant formada təhsil almağa məcbur olurlar.
Nəticədə bir uşaq dostlarının yanında parta arxasında oturur, digəri müəlliminə smartfon ekranından baxır, üçüncüsü dərsi sığınacaqda keçirir, dördüncüsü isə ümumiyyətlə Ukraynadan kənarda yaşayır.

Bəli, Rusiya-Ukrayna müharibəsinin gedişini qiymətləndirərkən daha çox itirilmiş və ya Ukraynanın azad etdiyi ərazilərdən, dağıdılmış evlərdən, həlak olan hərbçilərdən və mülki şəxslərdən danışılır. Amma daha bir faciə var ki, onun nəticələrini hələ tam ölçmək belə mümkün deyil. Bu, müharibənin oğurladığı təhsildir.

Problem yalnız buraxılmış dərslərin sayı ilə bağlı deyil. Xatırlatmaq lazımdır ki, məktəb sadəcə bilik ötürülməsi yeri deyil. Məktəb sosiallaşmadır, yaşıdlarla ünsiyyətdir, kollektivdə işləmək vərdişinin formalaşmasıdır, emosional intellektin inkişafıdır. Nəhayət, məktəb sabitlik hissidir.
Yeniyetmə bir neçə il ərzində hava həyəcanları, distant təhsil, köçlər, dağıntılar və valideynlərinin təhlükəsizliyi ilə bağlı qorxu arasında yaşayanda bütün bunlar onun inkişafına təsir göstərir.

Müharibə psixoloji travmalar yaradır və onların təsiri insanın bütün həyatı boyu özünü göstərə bilər. Məhz buna görə uşaqlara sadəcə onlayn dərsə qoşulmaq imkanı yaratmaq və ya məktəbə generator qoymaq kifayət deyil. Ukrayna bütöv bir nəslin təhsilinin keyfiyyəti barədə düşünməlidir.

Söhbət gələcəkdə ölkəsini bərpa etməli olacaq yüz minlərlə indiki məktəblidən gedir.
Lakin daha bir böyük problem var. Müharibə artıq Ukraynanın demoqrafik reallığını dəyişib və bu dəyişikliklərin nəticələri onilliklər ərzində hiss olunacaq.
Ukraynanın Ədliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk yarısında qeydə alınan yeni doğulan uşaqların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz, müharibədən əvvəlki dövrlə müqayisədə isə təxminən iki dəfə azalıb.

Bu, çox sadə bir məna daşıyır: bugünkü demoqrafik fəlakət bir neçə ildən sonra məktəb probleminə çevriləcək.
Artıq “Valideynlər SOS” ictimai təşkilatı bildirir ki, 2029/2030-cu tədris ilinə qədər Ukraynada birinci sinfə gedəcək uşaqların sayı 2025/2026-cı tədris ili ilə müqayisədə 30–33 faiz azala bilər.
Bunun praktik nəticəsi nə olacaq?
Boş qalan məktəb partaları və bağlanan siniflər. Dərs deyəcək şagird tapmayan müəllimlər. Və nəticədə fəaliyyətini dayandıran məktəblər.

Bəli, Ukraynanın uşaqlarının gələcəyi naminə qalib gəlməli olduğunu deyənlər haqlıdır. Amma dəhşətli bir sual yaranır: bu gələcək necə olacaq?
Bu dəhşətli müharibənin davam etməsi o deməkdir ki, ukraynalı uşaqlar normal təhsilin illərini itirməyə davam edəcəklər.
Əgər müharibənin uzanması nəticəsində uşaqlı ailələr də daxil olmaqla milyonlarla ukraynalı ölkə hüdudlarından kənarda qalarsa, bunun demoqrafik nəticələri olacaq. Əgər doğum səviyyəsi daha da aşağı düşərsə, bir neçə ildən sonra Ukrayna tamamilə fərqli sosial və iqtisadi reallıqla üzləşəcək.

O zaman məlum olacaq ki, müharibə yalnız bugünkü Ukraynaya zərbə vurmayıb. O, sabahkı Ukraynanı da dəyişib.
Sentyabrın 1-də hər bir ukraynalı valideynin ürəyini parçalayan düşüncələr də məhz bunlardır.

 

Əkbər Həsənov

Tacxeber.com

Oxşar xəbərlər

Trampın “möhtəşəm planları” niyə bir-bir fiaskoya uğrayır?

redaktor

Fars şiə xurafatının növbəti nümunəsi

redaktor

İtaliya kəndləri xilas edir, Azərbaycan kəndləri boşalır

redaktor