27 C
Bakı
28 Avqust 2026 21:37
Cəmiyyət

Oxumuş cahillər və mənəviyyat dərsi

Düşünürəm ki, hər hansı hadisəni, davranışı, hansısa şəxsin fikirlərini tənqid etmək, mübahisələndirmək, hansısa fikirə etiraz etmək normaldı. Bu, nə hüquqi, nə də mənəvi baxımdan qınanılacaq məsələ deyil.

Amma burda bir incə nüans var. Öz həyat tərzi, ictimai-siyasi fəaliyyəti qüsurlarla dolu olan, yalanı dəstəkləyən, prinsiplərini asanlıqla güzəştə gedən adamların başqalarına insanlıq dərsi keçməyə, ittiham yağdırmağa haqqı yoxdur. Yəni, öz gözündəki tiri sığallayan adamın, özgəsinin gözündəki qıla hücum çəkməsi qəbuledilməzdi və ikiqat riyakarlıqdı.

Təəssüf ki, yaşadığımız ölkədə belə “hipersəmimiyyətsiz” adamların  “performans”ına tez-tez rast gəlirik.

Bir də görürsən ki, korrupsinonerin əlaltısına çevrilmiş, şər-böhtana haqq qazandırmış, saxtakarlıqla vəzifə sahibi olmuş biri  “mənəviyyat dərsi”  keçir. Fərdin cəmiyyətdəki rolunu xırdalayır, gənclərə məsləhət verir, vətənpərvərlik moizələri oxuyur və.s

Normalda belə mənəvi qısır adamlar bu tipli mövzulara girişməməli, ayıbına kor olmalıdır.

Konfutsi deyirdi ki,  öz qapısının önünü süpürməyən adam, qonşunun damındakı qardan şikayət etməməlidir.

Son günlər bəzi adamların açıqlamalarına rast gəlirəm və bu adamlar öz qapısını süpürmədiyi halda, başqasını qapısını süpürmədiyinə görə asıb-kəsir.

Belələri kitabdan, elmdən danışanda adamda ikiqat stress yaradır. Çünki öz mənəvi kasıblıqlarını,  intellektual zənginlikləri ilə gizlətməyə çalışırlar.

Sanki cəmiyyətə “mənim qətiyyətsizliyimi, qürursuzluğumu, intellektual potensialıma qurban edin” deyirlər.

Larofuşko “Biz başqalarının qüsurlarını özümüzə xeyir gətirəndə tənqid edirik, öz qüsurlarımızı isə görməzdən gəlirik” yazırdı.
Mənim sadaladığım tiplər isə qüsurlarını görməzdən gəlmək bir yana qalsın, özlərini qüsursuz olduqlarına inandırıblar.

Sözümün mustafası budur ki, bəzilərinin “mən təhqir etmirəm ki, tənqid edirəm və bunu normal qarşılayın” deməyə haqqı yoxdur.

Zaman göstərir ki, kitabın, mütaliənin xilas edə bilmədiyi adamlar,  cəmiyyətə xilas düsturu  verə bilməz. 200 kitab oxuyub, qarşılığında 2 səhifəlik mənəviyyat əldə edə bilməyən adamlar  oxumuş cahillərdi.

Baxırsan Aristotelin “Siyasət”indən, Platonun “Dövlət”indən, Sokratın müdafiə nitqindən danışır. Amma nə siyasətdə qürur duyulacaq iz qoyub, nə dövlət üçün səmərəli iş görüb, nə də xalqın müdafiəsi üçün bir kəlmə söz deyib.

Oxuduqlarını manipulyasiya edən, kontekstdən çıxaran adamların tələsinə düşmək olmaz. Belələrinin tənqidinə istinad etmək də yanlışdı. Çünki onlara istinad edəndə ədalətin və mənəviyyatın tərəzisi əyilmiş olur.  Və bir də ayılıb görürsən ki, o “tərəzi” dən nə qədər adam çəki daşı kimi istifadə edir.

 

İlham Hüseyn

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan mətbuatının halına DİQQƏT

admin

Əli Zeynal və Ramil Babayev həbsxanalardakı rüşvətdən yazır: Rəislərin qanunsuz gəliri: Kars-karantin və 2/3

admin

İran böyük dəyişikliklərin astanasındadır

redaktor