İranda rejimlə cəmiyyət arasında yeni münaqişə ehtimalı artır. İran milli valyutası hər ötən gün dəyər itirir və artıq 1 ABŞ dolları 2 030 000 riala dəyişilir. Halbuki, ABŞ-ın hərbi əməliyyatlara başladığı 28 fevraldan öncə 1 ABŞ dolları 1 450 000 riala bərabər idi.
İş yerlərinin kütləvi bağlanması, milli valyutanın hər ötən gün dəyərdən düşməsi və qiymətlərin bahalaşması İranı sosial partlayışa doğru sürükləyir. Rusiyanın ardınca İranda da benzin çatışmamazlığına görə yanacaqdoldurma məntqələrində növbələr yaranmağa başlayıb. Paytaxt Tehran da daxil olmaqla yanacaq satışına məhdudiyyətlər yenidən tətbiq edilir. Dövlət Yanacaq Optimallaşdırma Təşkilatı “kritik” benzin çatışmazlığı barədə xəbərdarlıq edib. İranda gündəlik tələbat 135 milyon litrdir və bu tələbatı ödəmək üçün 15 milyon litr çatışmır. Yəni, İranda daxili istehsal hesabına tələbatın ancaq 89 faizini qarşılamaq mümkündür.
ABŞ-ın tətbiq etdiyi dəniz blokadası, Rusiyada yaşanan benzin qıtlığı İranı ehtiyac duyduğu 15 milyon litr benzini idxal etmək imkanlarından məhrum edib. Birləşmiş Ərəb Əmirliyinin İranla ticarəti və maliyyə əməliyyatlarını tamamilə dayandırması İran iqtisadiyyatına ağır təsir etdiyi kimi, benzin probleminin həllinin də qarşısını alır. Rusiyanın Belarus, Hindistan, Mərakeş və Türkiyədən benzin idxal etməklə benzin qıtlığını qismən aradan qaldırmaq imkanı olsa da, İranın belə bir imkanı yoxdur. ABŞ-la son 13 günlük hərbi toqquşma zamanı İranın İsraillə qarşı bircə dənə də olsun raket və dron atmamasının səbəbi İsraili hərbi münaqişədən kənarda qalmasına nail olmağa xidmət edirdi. Tehranda qorxurlar ki, İsrail neft emalı zavodlarını sıradan çıxa bilər və bu isə fəlakətli nəticələr doğurar.
İranın Belarus kimi bir müttəfiqi yoxdur ki, həmin ölkədən benzin idxalatını 25 faiz artıra bilsin. Ona görə də İran yeni hərbi əməliyyatlarda, xüsusilə də İsraillə hərbi toqquşmada maraqlı deyil. Tehranda yaxşı bilirlər ki, İsrail İranın malik olduğu 30 neft emalı zavodunu bir gecədə məhv edə, İranı “daş dövrünə” ata bilər. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general Möhsün Rzayi bölgə dövlətlərini ABŞ-ın tətbiq etdiyi “İqtisadi Təcrid”də, İran iqtisadiyyatının məhv edilməsində iştirak etməməyə çağıraraq əks halda, Tehranın onları düşmən hesab edəcəyi, maraqlarını hədəf alacağı haqqında təhdid səsləndirib. Qənaətimcə, bu təhdidin ciddi əsası yoxdur. Tehran belə bir avanturaya əl atsa, bu İranın intiharı olacaq. İsrail səbirsizliklə İranın belə bir səhv etməsini gözləyir.
Vaşinqton isə “İqtisadi Təcrid” tədbirləri ilə İran iqtisadiyyatını dağıtmağa çalışmaqla yanaşı rejimin liderlərinə qarşı da təzyiqi artır. Belə ki, Vaşinqton İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli liderləri haqqında məlumat üçün 10 milyon dollar mükafat elan edərək, Ali Rəhbər Müctəba Xameneini və digər yüksək vəzifəli İran rəsmilərini axtarış siyahısına əlavə edib. Ağ Ev tərəfindən dərc edilən siyahıda Ali Rəhbər Müctəba Xamenei ilə yanaşı Baş Qərargah rəisinin müavini Əli Əsgər Hecazi, Ali Rəhbərin Hərbi və Təhlükəsizlik Məsələləri üzrə müşaviri Yəhya Rəhim Səfəvi, Daxili İşlər Naziri İskəndər Momeni, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi, Xatəm əl-Ənbiya Bazasının komandiri Əli Əbdollahi, SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademi və təşkilatın digər yüksək vəzifəli şəxslərin adları var.
İranı yaxından izləyən ekspertlər isə, rejimlə cəmiyyət arasında uçurumun daha da artdığına diqqət çəkirlər. Hicabsız qadınlar molla rejimini ABŞ-ın iqtisadi və siyasi təzyiqlərindən daha çox narahat edir. Mühafizəkar ruhanilər və siyasətçilər “ictimai çılpaqlıq” adlandırdıqları məsələyə sərt münasibət bildirsələr də, molla rejimi sərt addımlar ata bilmir. Paytaxt Tehranda daxil olmaqla İranın bütün şəhərlərində hicabsız qadınların sayı kəskin artıb. Elə bir vəziyyət yaranıb ki, çiyni açıq geyimli qadınlar, rəsmi icazə olmasa belə skuter, velosiped və motosiklet sürən hicabsız qadınlar İranda adi hala çevrilir. Hətta, Azərbaycan və Türkiyə kimi ölkələrdə rast gəlinməyən hallara, qadın bayker dəstələrinə rast gəlinir. İsfahanın mərkəzində təxminən 20 qadın motosikletçinin (bayker), Şirazda velosipedçi və Tehranda skuter sürən qızların videoları İranın çox böyük dəyişikliklərin astanasında olduğunu göstərir.
Sərt xətt tərəfdarları bir tərəfdən hökumətə təzyiqi artırmaqla dini geyimdə olmayan qadınlara qarşı sərt tədbirlərin görülməsinə nail olmağa çalışır, digər tərfədən də onları hədəf halına gətirmək üçün hər cürə təbliğata əl atırlar. İsrail baş naziri Netanyahunun şəkli və “Hicabsız qadınlar bizim əsgərlərimizdir” şüarı yazılmış təbliğat şitlərinə paytaxtla yanaşı böyük şəhərlərin əksəriyyətində rast gəlmək olar.
Ancaq bütün bu sərt təzyiqlərə baxmayaraq İrandakı prosesi tərsinə çevirmək mümkün deyil. İran qadınlarının rəsmi kampaniyalardan qorxmadığına dair kifayət qədər dəlil var. Hökumət qadınlara motosiklet sürmək üçün sürücülük vəsiqəsi verməsə də motoskilit, skuter və velosiped sürən qadınların sayı sürətlə artır. Gənc qızlar motoskilit, skuter və velosipeddə foto və videolarını paylaşaraq rejimə açıq meydan oxuyurlar. Prezident Məsud Pezeşkian mühafizəkarın təzyiqlərini rədd edərək bildirib ki, “davranış dəyişikliyi mədəniyyət məsələsidir; inanc məsələsidir. İnsanları zorla inanmağa məcbur edə bilməzsiniz.” Tehranlı bir qadın isə yaranmış vəziyyəti belə ifadə edib: “Baş örtükləri dəbdən düşüb”. İslam inqilabı ərəfəsində baş örtükləri dəbə idi, indi isə dəbdən düşüb.
Bütün bunlar İran böyük dəyişikliklərin astanasında olduğunu göstərir. İranda baş verəcək böyük dəyişikliklər bütün İslam çoğrafiyasında sunami effekti yaradaraq şəriət tərəfdarlarına ağır zərbə vuracaq.