“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşları Ramil Babayev və Əli Zeynal cəzaçəkmə müəssisələrindəki karantin bölmələri, cərimə kameraları (“kars”) və digər rüşvət halları barədə yazıblar.
Onlar iddia edirlər ki, bəzi cəzaçəkmə müəssisələrində karantin və cərimə kameralarının ağır saxlanma şəraitindən məhkumlardan pul alınması üçün vasitə kimi istifadə olunur. Babayev və Zeynal həmçinin cəzanın müəyyən hissəsini çəkmiş məhkumların vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müsbət xasiyyətnamə təqdim edilməsi müqabilində də pul tələb olunduğunu bildirirlər.
Yazını olduğu kimi təqdim edirik.
Cəzaçəkmə müəssisələrində hər həftə təkrarlanan hadisə yeni məhkumların gəlişi və cəza müddətini başa vuranların azadlığa buraxılmasıdır. Cəzaçəkmə müəssisələrinin rəisləri bu təbii prosesi belə gəlir mənbəyinə çeviriblər.
Penitensiar müəssisələrdə ən pis saxlanma şəraitinə malik, ən təmirsiz yerlərdən biri kars-karantin binalarıdır. Bu da təsadüfi deyil.
Müəssisəyə yeni gətirilən şəxslər əvvəlcə iki həftə karantin binasında saxlanılırlar. Karantindəki qeyri-insani şərait isə şəxslərdən burada saxlanılmamaq müqabilində 500 manatdan başlayan məbləğlərdə rüşvət almağa xidmət edir.
Yəni, yoxsulsansa, iki həftə ləyaqəti alçaldan şəraitdə qalmağa məcbur edilirsən. Bununla rəislər səni başqalarına pis nümunə kimi göstərərək sərvətlərini daha da artırmaq məqsədi güdürlər.
Kars-karantin binasında rejim qaydalarını pozduğu deyilən məhkumlar da cəza məqsədilə saxlanılırlar. Onların da cərimə kamerasında saxlanılmaması müqabilində, yol verdikləri qayda pozuntusunun xarakterindən və mənsub olduqları əhlin (red.: “əhl” cəzaçəkmə müəssisələrində əsasən eyni regiondan olan məhkumların yaratdığı birliklərə verilən addır) maddi imkanlarından asılı olaraq 300 manatdan başlayan məbləğlərdə ödəniş etmək imkanları olur. Bu ödənişlər əsasən əhlin üzvlərindən toplanan pullar hesabına edilir.
Qanunvericilik müəyyən hallarda məhkumun cəzasının 2/3 hissəsini, bəzi hallarda isə 1/2 və ya 3/4 hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmasına imkan verir. Bunun üçün cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavininin məhkumun islah olunduğuna dair müsbət xasiyyətnamə əsasında məhkəməyə təqdimat verməsi labüddür. Rəis müavinləri belə təqdimat vermək üçün məhkumlardan cəzanın qalan hər ayına görə 600-800 manat tələb edirlər. Məsələn, şəxsin cəzasının bitməsinə bir il altı ay qalıbsa, o, təxminən 10 min manatdan bir qədər çox pul ödəməklə azadlığını satın ala bilər.
Şəxsin maddi imkanı yoxdursa, islah olunsa belə, bu hüquqdan yararlana bilmir.
Həbsxanalardakı rüşvət mexanizminin digər çarxlarından növbəti yazılarımızda bəhs edəcəyik.
***
“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal avqustun 19-da yeddi gün müddətinə cərimə kamerasına (“kars”) salınıblar. Yaxınlarının bildirdiyinə görə, buna onların saxlanıldıqları Umbakı Penitensiar Kompleksində içməli su çatışmazlığına etiraz etmələri səbəb olub.
İki gün sonra Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, institutun əməkdaşı Ramil Babayev və “Toplum TV” əməkdaşı Fərid İsmayılov da beş gün müddətinə “kars”a salınıblar. Yaxınları onların Ruslan İzzətli və Əli Zeynalın cərimə kamerasına salınmasına etiraz etdiklərinə görə cəzalandırıldıqlarını bildiriblər.
“Toplum TV işi” üzrə həbslər 2024-cü il martın 6-da polisin onlayn televiziya ilə bağlı Bakıda keçirdiyi əməliyyatdan sonra başlayıb. Əməliyyat zamanı 10-dan çox şəxs saxlanılıb. Onların əksəriyyəti sonradan sərbəst buraxılsa da, Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.
Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb edilsələr də, ilkin mərhələdə polis nəzarətinə veriliblər.
Əvvəlcə iş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci – qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi maddəsi ilə ittiham irəli sürülüb.
Martın 8-də “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də eyni cinayət işi çərçivəsində saxlanılıblar. Sonradan onların da barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il yanvarın 17-də təqsirləndirilən şəxslərə əlavə ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Həmin tarixədək polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.
“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə 2026-cı il iyulun 27-də hökm oxunub.
Məhkəmənin hökmü ilə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və siyasətçi Ruslan İzzətli 15 il, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və IDI əməkdaşı Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və “Toplum TV” əməkdaşı Müşfiq Cabbarov 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Elmir Abbasov hökm elan edilənədək həbsdə olmayıb və məhkəmə zalında həbs olunub.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Onlar cinayət təqibinin jurnalist, ictimai və siyasi fəaliyyətləri ilə bağlı olduğunu, işin siyasi sifariş əsasında açıldığını bildirirlər. (AbzasMedia)
