Rəcəb Tayyib Ərdoğan birmənalı siyasi şəxsiyyət deyil. Onu ya qəhrəman, ya da mütləq şər kimi təqdim etmək reallığı izah etmir.
Ərdoğan dövründə Türkiyənin regional və qlobal çəkisinin artdığını danmaq çətindir.
Azərbaycanın 44 günlük Qarabağ müharibəsində Türkiyənin verdiyi siyasi və hərbi dəstək tarixi əhəmiyyət daşıdı. Türkiyə Suriyada və Liviyada hərbi-siyasi oyunçuya çevrildi. Afrikanın bir çox ölkəsində Ankara əvvəl olmadığı qədər görünən və təsirli güc oldu.
Türk dövlətlərinin yaxınlaşması və Türk Dövlətləri Təşkilatının güclənməsi də Ərdoğan dövrünün mühüm nəticələrindən biridir.
Türkiyənin müdafiə sənayesində baş verən sıçrayış isə ayrıca hadisədir. Pilotsuz uçuş aparatlarından döyüş gəmilərinə, raket sistemlərindən milli döyüş təyyarəsi layihəsinə qədər Türkiyə xaricdən silah alan ölkədən getdikcə daha çox silah istehsal və ixrac edən dövlətə çevrilib.
Bunlar Ərdoğanın tərəzinin bir gözündəki uğurlarıdır.
Amma tərəzinin o biri gözü də var.
Hakimiyyətin həddindən artıq bir şəxsin ətrafında mərkəzləşməsi, demokratik institutların zəifləməsi, müxalif siyasətçilərə qarşı təzyiqlər, jurnalistlərin və medianın üzərindəki basqılar, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı ciddi suallar da həmin Ərdoğan dövrünün reallıqlarıdır.
Paradoks elə buradadır:
Türkiyəni xaricdə daha güclü edən Ərdoğan, Türkiyənin daxilində demokratik sistemi daha zəif hala gətirməkdə ittiham olunur.
Bir tərəfdə Qarabağ, Türk dünyası, müdafiə sənayesi, regional güc və daha iddialı Türkiyə.
Digər tərəfdə avtoritarlaşma, siyasi təzyiqlər, zəifləyən institutlar və azalan media azadlığı.
Bəs biz niyə bunlardan yalnız birini görməliyik?
Ərdoğanı sevən onun səhvlərini niyə gizlətməlidir?
Ərdoğanı sevməyən onun uğurlarını niyə danmalıdır?
Vurub tərəzinin gözünü öz siyasi marağımıza uyğun əyməyin nə mənası var?
Həqiqət daha sadədir:
Ərdoğan nə yalnız “Ərdoğan”dır, nə də yalnız “Şərdoğan”.
O, Türkiyəni daha iddialı regional gücə çevirən, eyni zamanda ölkə daxilində demokratik institutların zəifləməsi ilə bağlı ağır tənqidlərin ünvanında dayanan ziddiyyətli siyasi liderdir.
Tarix də, yəqin ki, onu məhz bu iki tərəfi birlikdə nəzərə alaraq qiymətləndirəcək.
