Yay hələ başa çatmasa da, rəsmi məlumata görə bu çimərlik mövsümündə 45-ə yaxın meyit sudan çıxarılıb. Rəsmi məlumatda o da qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi nəzarət edilən təhlükəsiz çimərliklərdə heç bir ölüm faktı qeydə alınmayıb.
Belə bir sual yaranır: niyə adamlar çimmək üçün həyatlarını təhlükəyə atıb Xəzər dənizinin nəzarətsiz ərazilərinə üz tutur? Cavab çox sadədir: Xəzərin çimərlik üçün yararlı sahilləri vəzifəli şəxslər və müxtəlif adamlar tərəfindən tutulub. Həmin çimərliklərə giriş 10 manatla 50 manat arasındadır (deyilənə görə 70 manat olan da var). Bu da sadə adamların, xalqın cibinə görə deyil. Nəticədə dənizdən çıxarılan meyitlərin sayı 45-ə yaxındır.
Vaxtıyla dəniz sahillərinin zəbt etdilməsin qadağan edən qanun var idi. Dənizdən 30-50 metr məsafədə sahil zonası zəbet edilə, hasarlana bilməzdi, orada tikinti aparıla bilməzdi. Sonra bu qanun elə onu qəbul edənlər, imzalayanlar tərəfindən pozuldu. Dənizin sahilləri başdan-başa hasarlandı. Adamlar da üz tutdu “vəhşi çimərliklərə” (дикий пляж, wild beach). Nəticədə son 45 gündə 45-ə yaxın meyit “xilas” edildi.
Ancaq bu yeganə səbəb deyil. Özəl çimərliklərin bir çoxunda xilasedicilər yoxdur. Bu xilasediciləri saxlamaq üçün pul xərcləmək lazımdır. Pullu çimərliklər bunu etmirlər. Ayrı-ayrı şəxslərə məxsis çimərliklərdə dənizi müşahidə etmək üçün heç xilasedicilər üçün müşahidə köşkləri də yoxdur. Xiladecilər, müşahidə köşkləri olmadığı üçün xilasetmə qayıqları – suda sürətlə hərəkət edən skuterlər də yoxdur.
Hətta zəhmət çəkib dənizin insanların çimməsi üçün təhlükəsiz ərazisini xəbərdaredici şarlarla (və digər vasitələrlə) nişanlamırlar. Adamlar yalnız ayağı torpaqdan üzüləndə təhlükəni hiss edir. Bu isə bəzən gec olur. İçərisində gənclər də olmaqla dəflərlə bu vəziyyətə düşən adamlara kömək etmişəm. Təbii bir sual yaranır: insanların həyatı üçün zəruri olan təhlükəsilik hazırlığı olmayan çimərliklərə necə fəaliyyət icazəsi verirlər?
Fövqəladə Hallar Nazirliyi dənizdən meyit çıxarmaqla öyünməkdənsə, hökumət, Bakı Şəhər icra hakimiyyəti, sahilyanı rayonların bələdiyyələri adamları vəhşi çimərliklərdən xilas etmək üçün İctimai Çimərliklər (public beach) şəbəkəsini genişləndirməli, çimərliklərdə xilasetmə qaydalarına əməl etməlidir ki, canlı insanlar dənizdə meyitə çevrilməsinlər.
