CəmiyyətSiyasət

Məhkəmədə tarixi müdafiə nitqi: “İttihamlar qızdırmalı adamın sayıqlamasını xatırladır”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV İşi” üzrə keçirilən prosesdə sərbəst ifadə verdim. İfadəmin yazılı mətnini ictimaiyyətlə bölüşürəm:

**İfadə: “İttihamlar qızdırmalı adamın sayıqlamasını xatırladır”.**

Həyatımı həmişə “mən necə kömək edə bilərəm?” sualına verdiyim cavablar istiqamətləndirib. Yaşadığım ölkədə nəyinsə qaydasında olmadığını hələ yeniyetmə ikən anlamışdım. Hər yerdə hüquqları tapdalanmış insanlar və onların gözlərinin dərinliyinə nüfuz etmiş qorxunun şahidi idim. Haqsızlığa məruz qalmış vətəndaşlar səslərini çıxarıb etiraz etməyə çəkinirdilər. Çünki narazı nidaların eşidildiyi hər yerdə polis hədəsinin də olduğunun fərqindəydilər. Özümdən ilk dəfə onda soruşmuşdum ki, “mən necə kömək edə bilərəm?”.

Beləliklə, ictimai-siyasi proseslərə qoşuldum: sosial şəbəkə hesablarımda mütəmadi yazır, hökumətin qanunsuz əməllərini tənqid edir, həmvətənlərimin də yerinə danışır, onların əvəzinə də haqq tələb edirdim. Əlbəttə, bu cür ictimai fəaliyyət heç də asan başa gəlmirdi. Günüm polis bölmələrində təhdid dinləməklə keçirdi. Amma bunun mənə təsiri hökumətin arzuladığı kimi olmurdu: rastlaşdığım hər haqsızlıq qarşısında etiraz əzmim bir az da artır, düşdüyüm hər polis bölməsindən daha qətiyyətli çıxırdım.

18 yaşımın əvvəlində mənsubu olduğum cəmiyyətlə bağlı mühüm bir şeyin fərqinə vardım: danışmaq, narazılığını dilə gətirmək istəyən insanların qarşısını heç də daima qorxu hissi deyil, “kimə danışaq?” sualı da kəsirmiş. Doğrudan da, ətraf qələmini hökumətin verdiyi mirzə payına satan, etirazçı vətəndaşdan polisə xəbərçilik edən, onları aldadan, məzmunu şikayət, yaxud siyasi tənqiddən ibarət müsahibələri yayımlamayan jurnalist və media qurumları ilə dolu olduğu halda kiminlə danışa bilərdilər? Xalq sözünü demək üçün dürüst müxbirlər axtarırdı. Dürüst jurnalistlər isə qələmlərinə sadiq qaldıqları, prinsiplərini yaxşı güzərandan üstün tutduqlarına görə bir sıra təzyiqləri, o cümlədən azadlıqlarını itirməyi belə gözə almalı olurdular. O zaman özümdən bir daha soruşdum: “Yaxşı, bəs mən necə kömək edə bilərəm?”.

Cavab məni ilk kamera və mikrofonumu almağa sövq etdi. Bu gün məni müttəhim kürsüsündən dinləməyinizə səbəb hansısa cinayət əməli yox, məhz o gün verdiyim qərardır. Həmin qərar nəticəsində 2018-ci ildən etibarən müstəqil jurnalist olaraq çalışmağa başladım. Peşə fəaliyyətim boyu əsasən sosial-siyasi hadisə və narazılıqları işıqlandırmaqla, insanlara danışmaq üçün müstəqil platformalar təklif eləməklə məşğul idim. Bunun müqabilində azadlığımın neçə dəfə qeyri-qanuni məhdudlaşdırıldığının, polis tərəfindən nə qədər təhdid edilib, fiziki zorakılığa məruz qaldığımın say-hesabını isə çoxdan itirmişəm.

Müstəqil mediada fəaliyyət göstərmək həmişə məhrumiyyətlərlə üz-üzə dayanmaq demək idi. 2023-cü ilin sonlarına doğru isə müstəqil jurnalistlər üçün vəziyyət bir az da qəlizləşdi. Nə mürtəce media qanunu, nə polis xofunun müstəqil jurnalistləri dayandıra bilmədiyinə görə qəzəblənən siyasi hakimiyyət kütləvi həbslərə əl atdı. “Abzas Media”nın bütün komandasının həbs olunmasıyla başlayan total repressiv hücumu ayrı-ayrı jurnalistlərin, eləcə də “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbsi müşayiət elədi. Hər gün yeni bir həbs xəbəri gəlir, dünən yanası dayanıb müsahibə aldığın həmkarın sabah “qaçaqmalçı” adı ilə şərlənirdi. Məqsəd müstəqil səsləri susdurmaqla yanaşı, həmin səsləri xalqa və dünyaya çatdıran jurnalistlərin də qarşısını almaq idi. Belə olan halda mən necə kömək edə bilərdim? Şübhəsiz ki, peşə fəaliyyətimə davam etməklə.

Haqsız həbsdən yayınmağım üçün yaxınlarımın səmimi narahatlıqla dilə gətirdiyi: “ölkədən get” yaxud “fəaliyyətinə bir müddət ara ver” məsləhətlərinə qulaq asmadım. Peşəmə daha möhkəm və inadkar bir sevgiylə bağlandım. Yalnız həqiqətləri yazıb, mikrofonumu danışmaq istəyən hər kəsə uzatmağa davam elədim. Həbsimi labüd edən xüsusatlar da elə bu sadaladıqlarım oldu. Buna görədir ki, bir ildən çoxdur adına “Meydan TV işi” deyilən cinayət işində təqsirləndirilən şəxs statusu ilə həbsdə saxlanılıram. “Meydan TV” ilə əlaqəmdən bəhs etmədən öncə həbsimin detalları və cinayət işinin necə lax sütunlar üzərində qurulmasından söz açmaq istəyirəm.

Həbsim əvvəldən axıradək silsilə qanun pozuntuları ilə müşayiət olunub. 2025-ci ilin 28 fevral tarixində “Azadlıq Prospekti” m/s-nın qarşısında qaramaskalı polis əməliyyatçıları tərəfindən həbs edildim. Mənə nə saxlanılmağımın səbəbi, nə də hüquqlarım izah olundu. Üzlərini görməyim deyə qara rəngli maska ilə yaşmaqlanan polislərdən heç birinin özünü təqdim etmədiyini deməyə isə yəqin ki, ehtiyac yoxdur. Polis üzərimdəki telefonun ekran şifrəsini istədikdə bundan imtina etdiyim üçün fiziki şiddətlə hədələndim. İsrarla tələb etməyimə rəğmən müdafiəçi ilə təmin edilmədim. Nə saxlanılanda, nə evimdə axtarış və götürmə əməliyyatı aparılan zaman yanımda vəkil yox idi. Bunu axtarış-götürmə protokollarında vəkil imzasının olmamasından da müəyyənləşdirmək mümkündür.

Axtarış və götürmə əməliyyatında iştirak edən hal şahidlərindən biri saxlanıldığım yerdən evimədək polis maşınında gəldi. Digərini isə polislər evimdən təxminən 15 dəqiqə uzaqlıqdakı məsafədən, yəni yolüstü götürdülər. Polis əməliyyatçısı hər iki hal şahidi ilə öncədən telefon əlaqəsi yaradaraq görüşəcəkləri yeri bildirmişdi. Hal şahidləri istintaqa müstəqil iradələri ilə deyil, polisin təyinatı ilə cəlb olunmuşdular. Cinayət-Prosessual Məcəlləsinin 94.2.4 və 94.4.1-ci maddələrində göstərilir ki, hal şahidləri iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləməli, istintaq hərəkəti aparılan yeri tərk etməməli, habelə müvafiq istintaq hərəkətinin icraatında onun əvvəlindən sonunadək iştirak etməlidir. Evimdə tapıldığı iddia edilən pul əsginaslarının protokollaşdırıldığı zaman isə hal şahidlərinin halı dəyişdiyindənmi, ya nədənsə istintaq yerini tərk edib, protokolları imzalamaq üçün geri qayıdanadək həyət darvazasının qarşısında park edilmiş polis avtomobilinin içərisində gözlədilər.

Axtarış və götürmə əməliyyatı mənim müşahidə imkanımdan kənar olmaqla birlikdə, evin bir neçə yerində eyni vaxtda aparıldı. Buna misal olaraq mən, polis müstəntiqi Nahid Abbasov, iki nəfər hal şahidi və bir nəfər polis əməkdaşı evin başqa tərəfində olduğumuz halda, içəridə sayları get-gedə artan əməliyyatçılardan bəzilərinin mənim yataq otağımda yığışdıqlarını göstərə bilərəm. Evimdən tapılan 13.500 avro pulun məhz yataq otağımda aşkarlanması həqiqətən təsadüfdürmü? Əlbəttə ki, həmin pul əsginasları yatağımdakı balışın altına polis əməkdaşlarının özləri tərəfindən qoyulmuşdu. Pulu sayıb qurtara bilməyən polis müstəntiqinə zarafatla demişdim ki, “mənim həyatım boyu qazandığım pulu saymalı olsaydınız bu qədər uzun çəkməzdi”. Yeri gəlmişkən, istintaqçılar pulu evimə yerləşdirib, amma gerisi ilə maraqlanmayıb. Yəni göstərə bilməyib ki, o pulun qaçaqmalçılıq yolu ilə əldə olunması qənaətinə necə gəliblər. Pullarla bağlı əyləncəli faktlara da nəzər salaq. Həmin pulların içərisində evimdən tapılmamışdan 6 il öncə, yəni 2019-cu ildə dövriyyədən çıxarılan 500 avroluq əsginas da var idi. Məhkəmə-daktiloskopik ekspertizası da deyir ki, ümumilikdə 162 ədəd pul əsginasının cəmi 4-nün üzərindən əl-barmaq izlərim aşkar edilib. Ekspertizanın saxtakarlığından ziyadə yaranan mənzərənin absurdluğuna baxaq. İndi buradan hansı nəticəyə gəlməliyik? Belə çıxır ki, mən heç saymadığım pulları 6 il ərzində yastığımın altında saxlamışam? Bu, ya istedadsız yazıçı qələminin, ya da şərbaz müstəntiqin qıt təsəvvürünün məhsulu ola bilərdi ki, hazırkı vəziyyətdə ikincidir.

Axtarış və götürmə əməliyyatı ilə bağlı digər bir qanun pozuntusu da məni bu barədə qərarla tanış etməmələridir. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 245-ci maddəsinin ikinci bəndində kifayət qədər aydın yazılıb ki, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Mən sözügedən qərarı həbsimdən 7 ay ötdükdən sonra, yəni 2025-ci ilin sentyabrında cinayət işi materialları ilə tanışlıq zamanı görə bildim. Saxlanılmağımı və evimdə axtarış aparılmasını əsaslandırmalı olduqları qərarda bilirsiniz nə yazılıb? “Təqsirləndirilən şəxs Aynur Qənbərovanın barəsində cinayət təqibi həyata keçirilən yaxın əlaqəsi Fatimə Mövlamovanın yaşadığı ünvanda cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri, sənədlərin və s. olması güman etməyə kifayət qədər əsas tapıldığından ona məxsus ünvanda axtarış və götürmənin aparılması zəruridir”. Bu əsaslar nədən ibarətdir, barəmdə cinayət təqibinin həyata keçirilməsi üçün Aynur Elgünəşin yaxın əlaqəsi hesab edilməyimdən daha ciddi səbəb tapılıbmı? Nə həmin qərarda, nə cinayət işi materiallarında bu sualların cavabı yoxdur. Özü də deyim ki, Aynur xanımla bütün yaxın əlaqələrimiz türmədə yaranıb. O qədər ki, Aynur Elgünəş peşə fəaliyyətinə görə bundan sonra yenə həbs olunsa, məni ürək rahatlığı ilə onun yaxın əlaqəsi kimi həbs edə bilərlər. Amma bu dəfəki cinayət işində məni nə “Bakı Jurnalistika Məktəbi”, nə “Meydan TV” ilə əlaqələndirə bildikləri tək bir epizod yoxdur.

Ümumiyyətlə, bu elə bir cinayət işidir ki, məntiq buradan başını tutub qaçıb. İttihamlar qızdırmalı adamın sayıqlamasını xatırladır. Cinayət işi materiallarında yalnız şərin arxayınlığı müşahidə edilir. Məni bir ildən çoxdur həbsdə saxlayan və bunun hələ uzun illər davam edə biləcəyi ilə hədələyən cinayət işində əziyyət çəkib adıma düz-əməlli şər də qoşa bilməyiblər. Məsələn, evimdən 13.500 avro pul tapılıb, özüm qanunsuz sahibkarlıqda, bir milyon manatdan çox haqsız qazanc əldə etməkdə və yetmiş min manatdan artıq vergi borcunda günahlandırılıram, amma müsadirə edilən əmlakımın maddi dəyəri heç 500-600 manata çatmır.

Cinayət işi materiallarında mənimlə bağlı yer alan heç bir sorğunun nəticəsi cinayət törətdiyimi deməyə əsas vermir. Məsələn, yazılıb ki, istifadədə olan mobil nömrəyə dair SMS mətnləri, zənglər və əhatə dairəsi barədə mobil operator tərəfindən təqdim olunmuş diskə baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilib. Nədir o hal? Deməli, 8 fevral 2020-ci il tarixində “Signal” mobil tətbiqindən telefon nömrəmə təsdiq kodu gəlibmiş. İnanın, bundan başqa bir cümlə də yoxdur və bunu ciddi-ciddi əhəmiyyətli dəlil kimi qeyd ediblər. Məni “Meydan TV” ilə əlaqələndirməyə çalışdıqları, istintaqın dili ilə desəm “mötəbər sübut”lardan birinin mənbəyi bilirsiniz nədir? “Getcontact”! Bəli, bəli, adamlar mobil nömrəmi “Getcontact” tətbiqində axtarışa verib, çıxan “Fatima Movlamli-Meydan Tv” nəticəsini mötəbər sübut hesab ediblər. Nəticəsi kənar müdaxilə ilə dəyişdirilə bilən sorğunun cavabı necə mötəbər sayıla bilər? Onda belə çıxır ki, bizim cinayət işindəki müstəntiqlər qrupunun rəhbəri, polis polkovnik-leytenantı Samir İsmayılovun mobil nömrəsini “Getcontact”da “Ramiz Mehdiyevin cinayət ortağı” kimi qeyd eləsək, onu Mehdiyevlə bağlı açılan cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb eləmək olar? Yaxud biri dövlət ittihamçısı Abdullayev Vüsal Habil oğlunun adını “müstəqil və ədalətli dövlət ittihamçısı” deyə yazsa, ən azından özü bunun həqiqət olmadığını bilməyəcək?

İstintaqın cinayətkar olduğum qənaətinə gəldiyi bir digər sübuta baxaq. Hansı ki, onun mötəbərliyindən əriyib yoxa çıxmışam. Bu, Binəqədi rayon Qəsəbə Nümayəndəliyinin haqqımda verdiyi xasiyyətnamədir. Orada yazılıb ki, yaşadığım Binəqədi rayonu ərazisində müsbət xarakterizə olunmamışam, çünki sosial şəbəkələrdə müxalifyönümlü paylaşımlar edirmişəm. Bununla da istintaq tərəfi əmin olub ki, şübhəli bilindiyim əməlləri yüz faiz törətmişəm. Düzdür də, bu gün müxalifyönümlü paylaşımlar edən sabah ölkəyə qaçaq pul da gətirər, vergidən də yayınar, adam da öldürər. Cinayət işində adım keçən istənilən hissə, bu sayaq cəfəngiyyatdan ibarətdir. Barəmdə verilən digər heç bir sorğudan isə ümumiyyətlə nəticə çıxmayıb. Nə hansısa bankda mənə məxsus hesab, nə qeyri-kommersiya qurumlarının dövlət reyestrində, nə də qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrində adım aşkarlanıb. Məni həbsdə qızıl-qırmızı yalan danışmaqla saxlayıblar. Ona görə də bu gün bu ifadəni nə azadlığımızı böhtanla məhdudlaşdıran hökumətə, nə yekunda çıxaracağı hökmün gələn sifarişdən asılı olduğu məhkəməyə deyil, Azərbaycan ictimaiyyətinə verirəm. Hansı ki, həmin ictimaiyyət üçün gün kimi aydındır: qaçaqmalçıların himayəçisi də, qaçaqmalçının yekəsi də şəxsən İlham Əliyevin özüdür!

30 cildlik cinayət işi materialları boyu istintaq mənim “Meydan TV” ilə əlaqəmi heç cür sübuta yetirə bilməyib. Odur ki, özüm açıqlayıram: bəli, mən “Meydan TV” ilə əməkdaşlıq eləmişəm. Bu əməkdaşlıq “Meydan TV”nin Azərbaycanda yaşayan əməkdaşlarının həbsindən təxminən bir həftə sonra redaksiyadan gələn təklif üzərinə başlayıb, həbsimə qədərki iki ay yarım müddətində davam edib. Mən “Meydan TV”də qazanc güdmədən və faktiki olaraq könüllülük prinsipi ilə çalışmışam. Əslində o dövr “Meydan TV” ilə əməkdaşlıq eləmək həbsə öz xoşunla getməyə bərabər qərar idi. Bir halda ki, “Meydan TV” əməkdaşlarının həbsi məhz redaksiyanın fəaliyyətinin dayandırılmasına hesablanmışdı. Qərarıma təsir edən faktor elə bu idi. Mən “Meydan TV”nin fəaliyyətinin davam etməsini, bunda mənim də töhfəmin olmasını istəyirdim. Əgər təklif gəlsəydi, eyni situasiyada eyni əməkdaşlığı “Abzas Media” ilə də, “Toplum TV” ilə də edərdim. Mən sadəcə kömək etməyə çalışırdım. Bizi şərləyənlər üçün bunu anlamağın çətin olduğunu bilirəm, amma mənim “Meydan TV” ilə əməkdaşlıqda başqa heç bir motivasiyam olmayıb.

Burada kiçik bir haşiyəyə çıxmalıyam. İnsanlarda sual yarana bilər ki, onda sənin maliyyə qaynağın kimdir? Məni maliyyələşdirən şəxs bu gün bu zalda əyləşib – anam Vüsalə Mövlamova. İki qız övladını əzab-əziyyətlə qazandığı xadimə maaşıyla boya-başa çatdıran Vüsalə xanım hələ böyük qızına gedib reportaj hazırlaya bilsin deyə yolpulu da verirdi. Mama, hər şeyə görə sənə minnətdaram, səni dünyalar qədər sevirəm!

Türkiyəli jurnalist Can Dündar həbsxananı müstəqil jurnalistlər üçün bir gün mütləq yolüstü baş çəkəcəkləri, durub nəfəslərini dərəcəkləri dayanacaq kimi təsvir edir. İndi həmin dayanacaqdan geriyə boylanıb məni bura dək gətirən fəaliyyətimə baxanda yalnız fəxr və qürur hissi duyuram. Etel Lilian Voyniçin “Ovod”u edamından bir gün öncə qələmə aldığı məktubda belə yazırdı: “Mən öz öhdəmə düşən işi başa çatdırdım, ölüm hökmü də göstərir ki, bu işi vicdanla yerinə yetirmişəm”.

Mən də öz həbsimi bir növ təsdiq meyarı kimi qiymətləndirirəm. Həbs olunmuşam — ona görə ki, öz işimi dürüst yerinə yetirmişəm. Həbs olunmuşam — çünki azadlıqda qaldığım hər günü peşəmə həsr etməyə, səsi batırılmağa çalışılan insanların sözünü xalqa çatdırmağa davam edəcəkdim. Necə ki, qoluma qandal vurulan günədək məhz bunu edirdim.

Həbs mənə zərər vermədi. Əksinə, üfüqlərim genişləndi, misilsiz insan hekayələri ilə tanış oldum. Məni həbsxanaya jurnalist olaraq buraxmayan hökumət, məhbus kimi yer verdi. Burada keçirdiyim hər gün qızıl qiymətindədir, dəyərlidir. Azadlığa çıxacağım günü də məhz hazırlayacağım əntiqə reportajlara görə səbirsizliklə gözləyirəm. O gün gec, ya tez çatacaq. Təcrid olunmaq ümidimi əlimdən ala, ürəyimə qorxu, üzümə qaraqabaqlıq sala bilmədi. Üzüm yenə gülür, ürəyim heç olmadığı qədər rahatdır və əminəm:

“Açılacaq səhərlərin birində
Yuxudan daha gümrah oyanacam.
Səma daha işıqlı olacaq,
Günəşə gözümü qırpmadan baxacam.

O sabah ən gözəl paltarımı geyinib,
Dırnaqlarımı qırmızıya boyayacam.
Burulsun deyə gecədən hördüyüm saçlarımı açıb,
Çiynimdən aşağı sərbəst buraxacam.

Alirezanın “Chera”sını avazla oxuyacam,
Səsim özümə həmişəkindən xoş gələcək.
Qəlbimi sıxan heç nə tapılmayacaq,
Bütün narahatlıqlar boş gələcək.

Bu kameraya son dəfə göz gəzdirib,
Hökmünü itirmiş dəmir qapının qarşısında dayanacam.
Bilirəm, bunların hamısı baş verəcək —
Çünki mən həmin gün azadlığıma qovuşacam!”

 

Fatimə Mövlamlı

Tacxeber.com

Oxşar xəbərlər

Axtarılır: Jurnalist

admin

Dəlixana repressiya alətinə çevrilə bilərmi?

redaktor

Elon Mask dediyi kimi 2036-cı ildə pul əhəmiyyətini itirəcək?

redaktor