Son günlər sosial şəbəkələrdə və xəbər portallarında müğənni Manaf Ağayev və Jurnalist Əli Vəliyev arasında yaşandığı iddia olunan ad günü qalmaqalı müzakirə olunur.
Paylaşılan səs yazısında jurnalistin “gəlmədiniz, məni maliyyə baxımından geri saldınız” məzmunlu ifadələr də geniş müzakirələrə səbəb olub.
İnsan istər-istəməz düşünür…
Ad günü keçirilirdi, yoxsa gəlir gətirən kommersiya tədbiri?
Əgər bir məclisə gələn qonağın dəyəri gətirdiyi hədiyyə və ya zərflə ölçülürsə, onda buna dostluq demək çətindir. Səmimiyyət də deyil. Belə yanaşma insan münasibətlərini mənəvi dəyərlərdən çox maddi hesablarla ölçmək təsiri bağışlayır.
Ancaq bu hadisədən daha düşündürücü başqa bir məsələ var. Doğrudanmı Azərbaycanın gündəmi budur?
Ölkədə minlərlə ailənin sosial problemləri var.
İşsiz gənclər var.
Şəhid ailələrinin və qazilərin həllini gözləyən məsələləri var.
Bahalaşma, korrupsiya, hüquqi problemlər, insanların gündəlik qayğıları var.
Bəs informasiya məkanında nə müzakirə olunur?
“Əli Vəliyev çağırdı, Manaf Ağayev getmədi…”
Bunun vətəndaşa nə faydası var?
Bir nəfərin maaşı artacaq?
Qiymətlər enəcək?
İnsanların problemləri həll ediləcək?
Əlbəttə ki, yox.
Ən təhlükəlisi isə odur ki, cəmiyyət əsl problemlərdən uzaqlaşdırılaraq süni gündəmlərlə məşğul edilir. Saatlarla, günlərlə insanların vaxtı və diqqəti heç bir ictimai əhəmiyyət daşımayan qalmaqallara sərf olunur.
Biz heç kimin şəxsi münasibətini müzakirə etmirik. Bu, onların öz seçimidir. Lakin həmin münasibətlər bütün ölkənin əsas xəbəri kimi təqdim olunanda sual vermək hər bir vətəndaşın haqqıdır:
Doğrudanmı Azərbaycanın danışacağı başqa mövzusu qalmayıb?
Cəmiyyətin diqqəti süni qalmaqallara deyil, ölkənin gələcəyinə, insanların rifahına və həqiqətən vacib olan problemlərə yönəlməlidir.
Çünki gündəmi qalmaqallar deyil, xalqın taleyinə təsir edən məsələlər müəyyən etməlidir.
