Əli Kərimli ilə Rauf Arifoğlu arasındakı qovğada onlardan hansınasa haqq vermək üçün gərək siyasi proseslərin (oyunların) fəal iştirakçısı, maraqlı tərəf olasan.
Belə bir statusun yoxdursa, mövqeyin də bu cür olmalıdır: heç biri haqlı deyil. Başqa sözlə, ikisi də pisdir.
Başa düşürəm, hakimiyyətdən böyük narazılıq var və bu narazılıq böyük ölçüdə haqlıdır. Səbəbləri haqda min dəfə yazmışam, odur ki, sadalamıram.
Əli Kərimlini haqlı göstərən əsas amil də budur. Yəni hakimiyyət pisdirsə, onu ən sərt tənqid edən tərəf avtomatik olaraq yaxşı görünür.
Ancaq unutmayaq, bugünkü hakimiyyətlə bugünkü müxalifətin idarəetmə fəlsəfəsində heç bir fərq yoxdur. Hər ikisi kapitalistdir, hər ikisi qlobalistlərin nəzarəti və diktəsi altındadır, hər ikisi Amerika və Avropaya orientasiya edir. Onların üslubları da eynidir. Malik olduqları strukturlarda da durum bənzərdir.
Məsələn, hər hansı problemlə bağlı istər hakimiyyət, istərsə də müxalifət nümayəndəsinə müraciət etsən, eyni münasibətlə üzləşəcəksən. Hər ikisi sənə yuxarıdan baxacaq. Tənqidinə heç biri cavab verməyəcək. Həqiqətə, alternativ fikrə hər ikisi göz yumacaq. Hər iki tərəf sənə qarşı trollardan istifadə edəcək və s.
Nəzərə alsaq ki, bu gün hakimiyyətin imkanları qat-qat böyükdür, müxalifət ondan daha çox özündən müştəbeh, yekəxana təsir bağışlayır. Yəni əlində heç nə olmaya-olmaya özünü belə aparırsansa, hakimiyyətdə olsan, nələr edərsən….
Bizim üçün, İlham Əliyev, Hikmət Hacıyev, Rauf Arifoğlu qədər Əli Kərimli, Qənimət Zahid, Tural Sadıqlı da əlçatmazdır. Şəxsən mənə heç biri heç vaxt cavab verməyib…
Əli Kərimli özü və tərəfdarları deyirlər ki, ona qarşı irəli sürülən ittiham saxta və qondarmadır. O biri yandan da Əli Kərimli etiraf edir ki, bu hakimiyyət dəyişdirmək üçün həmişə çalışıb. Sonra da əlavə edir ki, ancaq qanuni yollarla…
Gülməlidir, vallah. Ə, qanuni yolla hakimiyyət dəyişir? Bunu kimsə haçansa haradasa görübmü?
İkincisi, o hansı qanuni yoldur elə? Hansı hakimiyyət rəqibinə (düşməninə) şərait yaradar, imkan verər ki, gəl məni seçkidə məğlub elə, özün otur, sonra boğazımı kəndirə keçir?
Bunlar hamısı yalan-palan və boş söz yığınıdır. Bunları Əli Kərimli hamınızdan yaxşı bilir və çox yerdə, çox adamın yanında da açıq şəkildə danışıb.
Hakimiyyət elə bu cür sövdələşmələr, sui-qəsdlər, bazarlıqlar, xarici qüvvələr vasitəsilə ələ keçirilir, ondan sonra “legitimləşdirilir”.
Sadəcə, sözdə hamı qanundan danışır ki, özünü ələ verməsin və bəri başdan tutub qoduqluğa salmasınlar.
Avropaya da fikriniz getməsin. Orada hakimiyyətlər dəyişmir, sadəcə vaxtaşırı vəzifə sahiblərini dəyişirlər. Adı da olur ki, filan partiya getdi, o biri gəldi.
Biz nədənsə həmişə mahiyyəti unudur, formalardan bərk-bərk yapışırıq. Mahiyyət budur ki, Əli Kərimli hakimiyyəti devirmək (yaxşı, olsun “dəyişmək”) istəyib. Bunu özü etiraf edir. Bunun üçün, təbii ki, kimlə lazımdır danışığa, sövdələşmələrə də gedib. Başqa fəaliyyətlər də göstərib. Bunlara heç sübut da lazım deyil, məntiq belə deyir.
Amma bacarmayıb və oyunu uduzub. Uduzmusansa, deməli, cəzalanmalısan. Pənah Hüseyn nə deyirdi? Deyirdi ki, cinayətimiz – məğlubiyyətimizdir. Bəli, əgər Əli Kərimli qalib gəlsəydi, bu gün müttəhimlər kürsüsündə başqaları oturacaqdı. Və onlar da günahsız olduqlarını, dəlil-sübut olmadığını iddia edəcəkdilər. Onlar da deyəcəkdi ki, filankəslər işverən, nə bilim, üzədurandır. Şahidlər yalançıdır, öyrədiliblər və s.
Əli Kərimlinin günahı ortadadır. Qalıb sadəcə onu sənədləşdirmək və bunu edəcəklər. Təbii ki, gücləri çatsa, amma görünən odur ki, çatacaq.
Çünki Əli Kərimli böyük taktiki səhvlərə yol verib. Bu səbəbdən hazırda istər daxildə, istərsə də xaricdə oyundan qalib çıxacaq dərəcədə güc qazanması mümkün görünmür. Hakimiyyət daha ustadır və daha yaxşı oynayır.
Siz də başlamısız ki, Rauf belə gəldi, Mirşahin elə getdi, nə bilim nə. Əli Kərimli də artıq başlayıb türmə və küçə jarqonu ilə danışmağa. Deməli, arqumenti yoxdur…
Qardaş, sən uduzmusan və Rauf bunu çox gözəl başa düşür. Sonra da ki, o, yalan danışmır. Çünki o özü də vaxtilə hakimiyyəti devirmək üçün çalışıb və buna görə qazamatda yatıb. Bunu dəfələrlə etiraf edib. Siz bunu birlikdə planlaşdırmısınız. Əgər bu “işverənlik” və “üzə durmaq”dırsa, Rauf bunu səndən qabaq özünə qarşı edib. Sadəcə, biriniz yatıb çıxıb, ağlı başına gəlib, indi növbə ikincinindir.
Ümid edirəm ki, onun da ağlı başına gələcək və xam xəyallara düşdüyünü anlayacaq.
Elə adamlar var ki, onlar həm çox bicdir, amma eyni zamanda həm də gicdir. Onlara “idealist” də deyirlər…
