Bu gün sizə Avropa Komissiyanın Prezidenti xanım Ursula fon der Lyayenin Bakı səfərindən danışacam. Dünən o gəldi, prezident İlham Əliyevlə görüşdü, birlikdə mətbuat konfransı keçirdilər və deyərdim ki, olduqca mühüm bəyanatlar verdilər. Bunlar haqda bir az sonra danışacağam.
Ancaq əvvəlcə gəlin səfər ərəfəsində mühacirətdə yaşayan azərbaycanlı blogerlərin və hazırda həbsdə olan bir sıra azərbaycanlı jurnalistlərin xanım fon der Lyayenə müraciətini xatırlayaq.
Onlar imzaladıqları birgə bəyanatda Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın, eləcə də Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika əməkdaşlığının əhəmiyyətini qəbul ediklərini, Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi rolunu anladıqlarını, Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun əleyhinə olmadıqlarını, bunun tərəfdarı olduqlarını, Azərbaycanın Avroatlantik məkandan tam təcrid olunmasının nə Azərbaycan xalqının, nə də Avropanın uzunmüddətli maraqlarına cavab vermədiyini, bu səbəbdən də Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlığın davam etməsini vacib hesab etdiklərini vurğulayıblar.
Onlar bununla yanaşı hesab ediblər ki, “dayanıqlı və strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlar üzərində qurula bilməz. Avropa İttifaqı həmişə özünü təkcə iqtisadi birlik deyil, həm də demokratiya, insan hüquqları, hüququn aliliyi və fundamental azadlıqlar üzərində qurulmuş dəyərlər birliyi kimi təqdim edib”. Hesab edirik ki, həmin dəyərlər Azərbaycanla əməkdaşlığın və dialoqun da ayrılmaz hissəsi olmalıdır.
Sonra bildiriblər ki, son on il ərzində Azərbaycanda demokratik standartlar görünməmiş dərəcədə geriləyib…
Bundan sonra hər gün təkrarladıqları təfərrüatlara keçərək, İlham Əliyev başda olmaqla hakimiyyəti sərt tənqid ediblər: təkbaşına idarəetmə modeli formalaşdırıb, Konstitusiya da daxil olmaqla qanunvericilik ailə maraqlarına uyğunlaşdırılıb, saxta parlamentin qəbul etdiyi qanunlarla müstəqil media, vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyalar tam nəzarət altına alınıb, bütün müstəqil media qurumlarının fəaliyyəti dayandırılıb, bəzi media qurumlarının redaksiya heyətləri tam tərkibdə həbs edilib və s.
Sonda onlar xanım Ursula fon der Lyayendən xahiş ediblər ki, Prezident İlham Əliyevlə keçirəcəyi görüşlərdə yalnız enerji təhlükəsizliyi və Orta Dəhliz layihələrini müzakirə etməsin. Hesab ediblər ki, hazırkı şəraitdə yalnız “siyasi məhbuslar”ın azad olunması Azərbaycan cəmiyyətində müsbət dəyişikliklərə yol aça bilər.
Müraciət müəllifləri ümid ediblər ki, Avropa Komissiyasının bu məsələdə prinsipial mövqeyi Azərbaycan cəmiyyətinə mühüm mənəvi dəstək verəcək, Avropa İttifaqının öz fundamental dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirəcək, demokratiya, insan hüquqları, hüququn aliliyi, siyasi azadlıqlar və siyasi motivlərlə həbslərə son qoyulması ilə bağlı öz sözünü deyəcək.
Ursula fon der Lyayen və prezident İlham Əliyev açıq və qapalı görüşlər keçirib, mediaya açılama verdilər. Hər ikisi çox məmnun görünürdü və bir-biri haqda xoş sözlər söylədilər.
İlham Əliyev öz çıxışında Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsində olduğunu qeyd edərək, əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək məqsədi ilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərdə görünməmiş dinamika müşahidə olunduğunu bildirdi. Bu o deməkdir ki, Aİ və AK ilə Azərbaycanın münüasibətləri təsəvvür edildiyindən də yaxşı, hətta əladır.
Prezident Əliyev Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ticarətimizin 40 faizindən çoxunun üzv dövlətlərlə aparıldığını, Azərbaycanın Avropa üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu söylədi . “Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik. Xanım prezidentin Azərbaycana 4 il əvvəlki səfəri zamanı imzaladığımız enerji sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumundan sonra Azərbaycanın Aİ-yə üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artıb. Bu gün qaz ixracımızın yarısı Aİ-nin üzv dövlətlərinə gedir və bütövlükdə Aİ-nin 10 ölkəsi Azərbaycan qazı alır.
Bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Bu gün enerji təhlükəsizliyi hər bir ölkə üçün milli təhlükəsizliyin mühüm amilidir. Azərbaycan böyük siyasi səylər və diplomatik fəaliyyət sərf edərək, həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub qaz dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 km-lik vahid boru kəməri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycandan keçir. Qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətlər bizə, bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq forması qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artıb, biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırır, bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmiryolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur.
AK ilə münasibətlərimizin yeni mərhələsi bərpa olunan enerji ilə bağlıdır və biz xanım prezidentlə Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialını, o cümlədən mövcud və tikiləcək enerji xətlərini geniş şəkildə müzakirə etdik. Biz bu sahədə də strateji tərəfdaş ola bilərik.” İlham Əliyev artıq bu sahədə 4-5 illik müqavilələr imzalandığı haqda da məlumat verdi.
Əlbəttə ki, regional təhlükəsizlik məsələlərini, – o dedi, – xüsusən də, Azərbaycan- Ermənistan arasında uğurla davam edən normallaşma prosesini müzakirə etdik. O ötən ilin avqustunda Vaşinqtonda prezident Trampın iştirakı ilə paraflanmış bəyannəməyə əsaslanan sülhün əsasının qoyulduğunu və artıq bəhrə verdiyini bildirdi. “Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisindən Ermənistana daşınan bütün yüklər üzrə məhdudiyyətləri aradan qaldırıb, biz Ermənistana hər cür yanacaq və benzin ixrac etməyə başlamışıq.
Biz göstəririk ki, sülh bizim üşün artıq hiss olunan məfhumdur, onu hiss edir və sülh şəraitində yaşamağı öyrənirik. Sülh artıq reallıqdır, lakin biz onu möhkəmləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz AK-nın dəstəyini çox yüksək dəyərləndiririk. Xanım prezident mənə məlumat verdi ki, AK bizə çox kömək edə bilər və bunu arzulayır. Biz bunu yüksək qiymətləndiririk…
AK prezidenti Ursula fon der Lyayen əməkdaşlıq, sülhə dəstək, real sülhə nail olmaq üçün birgə səylər, sabitlik, rifah haqqında ümumi xoş sözlərdən sonra dedi ki, biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. “Biz “qlobal qapılar sərmayə” proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal layihələrə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Böyük məbləğdir və ən əsası da odur ki, borc yox, qrantdır… Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsait cəlb etmək potensialı var. Layihələrə, məsələn, Naxçıvandan keçən dəmiryolu bağlantısı və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər.
Ursula xanım ikinci bir şad xəbər də verdi. AK-nin sülhün inkişafı proqramına 20 milyon avro ayrıcağını bildirdi. O, səhiyyənin daha yaxşı təcili yardım maşınları ilə təchiz olunması üçün sərmayə qoyacaqlarını da vəd etdi. Minatəmizləmə vasaitəsilə təhlükəsizliyə diqqət edəcəklərini açıqladı. Kənd yerlərinin, əkinçiliyin və su təchizatının inkişafı sərmayələr qoyacaqlarına söz verdi.
Sonda o yenə enerji məsələsinə keçərək, Azərbaycanın Avropa üçün çox mühüm enerji tərəfdaşı olduğunu xüsusi vurğuladı, İlham Əliyevin mövqeyinə dəstək verdi. O dedi ki, Rusiyanın enerjidən silah kimi istifadə etdiyi bir zamanda Azərbaycanın irəliyə çıxdığını unutmayıblar. Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyini həqiqətən gücləndirir və bu heyrətamiz uğur hekayəsidir. Buna görə o, İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
Avropalı qonaq bundan sonra İlham Əliyevin enerji təhlükəsizliyi, qaz dəhlizi, bərpa olunan yaşıl enerji, regionda sülh və əməkdaşlıq haqqında söylədiklərini bir-bir təkrarlayaraq dəstəklədi. Erməistana gedən enerji kabellərini xüsusi vurğuladı.
Hər iki lider günlərlə, hətta aylarla müzakirə, təhlil oluna biləcək çox mühüm, bəyanatlar verdilər. Bunların maneəsiz həyata keçməsi regionumuz və ölkəmiz üçün son dərəcə əhəmiyyətli olardı.
Ancaq xalqımız üçün nə dərəcədə faydalı olacağı müəyyən suallar doğurur. Əlbəttə, yatırılan sərmayələrdən, həyata keçirilən layihələrdən sadə insanlara da nəsə düşə bilər, ancaq biz bunun yetərli, ədalətli, layiqli olmasını istəyirik. Bunun təmin olunması isə Avropa və Azərbaycan rəhbərliyi ilə yanaşı, həm də xalqımızın təpərindən, hadisələrə fəal, savadlı, funksional münasibətindən də xeyli dərəcədə asılıdır.
Bu yerdə istər-istəmə xaricdə yaşayan blogerlərin və həbsdə olan jurnalistlərin müraciəti yada düşür. Mətbuat konfransında onların qaldırdığı məsələlər – demokratiya, insan hüquqları, hüququn aliliyi, siyasi azadlıqlar, siyasi motivlərlə həbslərə son qoyulması ilə bağlı məsələlər haqqında danışılmadı. Ümumiyyətlə, “demokratiya” sözü səslənmədi.
Bəlkə də, bağlı qapılar arxasında keçən görüşdə bu mövzu da müzakirə olunub, ancaq söhbətin eyham şəklində olsa belə üzə çıxarılmaması, üstəlik 4-5 illik müqavilələr haqqında açıqlamalar bundan sonra da belə davam edəcəyinə şübhələr yaradır. Yəni demokratiya, söz azadlığı, vətəndaş hüquqları yenə də neftin, qazın, enerjinin, orta dəhlizin içərisində boğulacaq? Avropanın həvəsləndirib ortaya atdığı, öz məqsədləri üçün istifadə etdiyi “qəhrəmanlar”, onların ailələri və yaxınları hələ bir müddət də dörd divarlar arasında əzab çəkməli olacaqlar? Onların sırasına hələ yeniləri də daxil ola bilər. Çünki sosial-iqtisadi vəziyyət hər gün çətinləşir və insanlar ağır problemlər qarşısında artıq susa bilmirlər. Danışmaqsa olmaz…
Bircə ümid yeri var: o da Belorus variantıdır. Lukaşenkonun son bir ildə siyasi məhbusları mərhələlərlə azad etməsi əsasən Qərblə, xüsusilə də ABŞ-la aparılan danışıqların nəticəsi kimi qiymətləndirilir. Məlumatlara görə, sövdələşmə ABŞ sanksiyalarının qismən yumşaldılması və münasibətlərin normallaşdırılması müqabilində baş tutub.
2025-ci ilin dekabrında Lukaşenko 120-dən çox siyasi hesab olunan məhbusu azad etdi. Bunun ardınca ABŞ Belarusun əsas ixrac məhsullarından olan kalium gübrələri (potash) üzrə bəzi sanksiyaları yumşaltdı. Bu, Belarus iqtisadiyyatı üçün mühüm addım idi.
2026-cı ilin martında isə təxminən 250 siyasi məhbus azad edildi. Reuters və digər mənbələrə görə, bu da ABŞ-ın bir sıra Belarus banklarına və potaş sektoruna tətbiq etdiyi bəzi sanksiyaları yüngülləşdirməsi ilə bağlı razılaşmanın tərkib hissəsi idi. Bunun davamı olaraq, srağagün, yəni iyul 1-də Lukaşenko daha 32 məhkumu əfv etdi. Onlardan 28-i siyasi məhbus hesab olunurdu.
Belə. Ola bilər ki, Ursula xanım 20 milyon, 200 milyon və 2 milyard avro rəqəmlərini boş yerə səsləndirmədi və təkbətək aparılan danışıqlarda hansısa sövdələşmələr olub.
AK prezidentinin təcili yardım maşınları, minatəmizləmə, su təchizatı, kənd yerlərinin, əkinçiliyin inkişafına sərmayələr qoyulacağı ilə bağlı açıqlamaları, düşünürəm ki, Azərbaycan xalqına yönəlik mesaj idi. Görünür, acınacaqlı və qəzəbli durumda olduğumuzu bilir, bu vədlərlə qismən də olsa könlümüzü almağa çalışırlar.
