“-Yaz ki, andıra qalmış pilləkənin ucundan həyətdə yaşamaq mümkün deyil. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər.
-Bəlkə yazaq ki, uşaqlarımız yıxılıb əzilirlər?
-Yox, ölürlər yaxşıdır. Qoy, gəlib bir əncam çəksinlər”.
1969-cu ildə çəkilən “Uşaqlığın son gecəsi” filmindəki bu dialoq tam da indiki vəziyyətimizə uyğundur. Filmdə pilləkənin məhəccəri olmadığından uşaqlar hündürdən yıxılıb əzilir. Davud da məhz bundan şikayətlənir. Deyəsən, Penitensiar Xidmət də müəssisələrindəki yataqlara əncam çəkmək üçün kiminsə ölməyini gözləyir. Niyə? Gəlin, sizə Lənkəran Penitensiar Kompleksində bir məhkum yıxıldıqda nələr olur, ondan danışım.
Saat 3:15
Sentyabrın 26-na keçən gecə qışqırıq səslərinə oyandıq. Kameraların birində 23 yaşlı məhkum Ruhanə İmanova yuxuda olarkən yatağın ikinci mərtəbəsindən başı üstə yerə dəyib. İkinci mərtəbə yerdən təxminən 2 metr yüksəklikdədir. Yerə yıxılan qadının alnı, dodağı partlayıb. Bir neçə dəqiqədən sonra tərpənə bilmədiyini hiss edib.
Qadın korpusunda gecə növbəsində nə bir nəzarətçi var, nə də kömək çağırmaq üçün siqnal sistemi. Əməkdaşlarına etibarı olmayan kompleksin rəisi Babək İsgəndərov bir-birlərini güdüb, səhvlərini ona xəbərləsinlər deyə müəssisədə olan-qalan 2 qadın nəzarətçini də eyni vaxtda işə çağırır. Beləliklə, səhər 9-dan axşam 18-ə qədər korpus ikiqat nəzarətdə olsa da, 18-dən sonra tam nəzarətsiz qalır. Məhkumlar təcili vəziyyət olduqda pəncərədən bacardıqları qədər yüksək səslə qışqıraraq kömək çağırmalı olurlar.
Yıxılan qadının otaq yoldaşları gecə vaxtı digər qadınları narahat etməmək üçün bir müddət gözləyiblər ki, bəlkə keçər. Vəziyyətin ciddiliyini anladıqda nəzarətçini və rəisin növbətçi köməkçisini (RNK) çağırmağa başladılar. Korpusdakı hər kəs oyandı, yan korpusdakı yeməkxana işçiləri səsimizə hay verib kömək çağırmağa getdi, çağırışımız çığırıqlara döndü, amma 3:15-də başlayan çığırtılarımız ancaq 42 dəqiqə sonra rəisin növbətçi köməkçisi İsrafil Mehdiyevi dərin yuxusundan oyada bildi. Bu, elə bir çığırtı idi ki, artıq günlərdir qadınların səsi batıb və hələ də xırıltı ilə danışırlar.
Saat 3:57
Nəhayət RNK korpusa gəldi. İçəri girib qızın üzünə baxıb “Heç nə yoxdur, salamatçılıqdır” deyib ağrıkəsici gətirməyə getdi. Ağrıkəsici gətirir və qızlara deyir ki, “qadını yerdən qaldırıb stulda oturdun, iynəni elə vurun”. Qızlar izah edir ki, belə halda tərpətmək olmaz. Sümüyü sınıbsa, daha betər olar. Soruşuruq ki, bəs indi nə olacaq? Deyir, “heç nə, qız qalsın yerdə, tərpətməyin, səhər baxarıq”. Deyirik, axı həkim lazımdır, rentgen lazımdır? Deyir, “hardan tapım bu vaxtı həkimi, rentgeni? Səhəri gözləyin, səhər apararıq”.
Saat 5:00
Kompleksdə gecələr növbətçi həkim olmur. Kişi məhkumun qadın korpusuna girməsi qadağan olduğu halda çarəsiz qalıb əvvəl həkim işləmiş kişi məhkumu korpusa gətirdilər. Kişi məhkum ona verilən alət çantasında axtardığı alətləri tapa bilmədi. 2 ağrıkəsici iynə vurdu. Qızın vəziyyətini soruşduqda onun əvəzinə RNK cavab verdi: “Yaxşıdır, sadəcə damarı dartınıb”. Amma daha sonra öyrənirik ki, məhkum həkim RNK-ya qadının vəziyyətinin yaxşı olmadığını və təcili yardım çağırılmalı olduğunu deyib. RNK-dan isə hərzamankı cümləni eşitdik: “Gedim, məruzə edim”. Getdi və gəlişi bir xeyli çəkdi.
Saat 6:30
Dəfələrlə çağırdıqdan və bir xeyli gözlədikdən sonra Lənkəran Mərkəzi Xəstəxanasının 2 təcili yardım əməkdaşı gəldi. Həkim baxdı və dedi ki, xəstə bu qədər gözlədilməməli idi. İndi isə təcili xəstəxanaya aparılmalıdır: “Mən qızı narkozsuz tərpətsəm, şoka girib əlimdə qalacaq, başa düşürsünüz?”
Narkoz müəssisədən içəri buraxılmadığından həkimlər gəldikləri kimi geri qayıtdılar. RNK isə yenə həmişəki cümləni səsləndirdi: “Gedim, məruzə edim”. Yenə getdi və qayıtmadı.
Saat 7:00
Qızın nitqi tamamilə tutuldu, nəfəsi kəsilməyə başladı. Bir az sonra ağrının təsirindən huşunu itirdi, məhkumlar ammonyak turşusu ilə onu ayıltdılar. RNK-nı yenə çağırdıq, yenə gəlmədi. Biz çağırdıq, heç kim gəlmədi. Yerdən ən gözəl daşları seçdik. Başladıq korpusun darvazasını daşlamağa. Qadınların harayı bütün kompleksi bürüdü. “Hardasan, Babək İsgəndərov, adam ölür!”, “Köməyə gəlin, qız ölür!”
Saat 7:20
Rəis müavini Əli Abdalov gəldi və etirazı kobudluğu ilə yatışdırmağa çalışdı. Amma vəziyyət daha da gərginləşdi. Təcili yardım korpusun qapısına yaxınlaşdı, amma qapının açarı xarab olduğuna görə maşın qapıdan içəri girə bilmədi. İndi də kilidi qırmaq üçün lom axtarışına çıxdılar. 5-10 dəqiqə ləngidikdən sonra nəhayət təcili yardım maşını içəri keçə bildi. Həkimlərdə servikal yaxalıq (red:. boyunluq – boyun onurğasını (servikal bölgəni) sabitləşdirmək, hərəkətsizliyi təmin etmək və başın ağırlığını dəstəkləmək üçün istifadə olunan ortopedik tibbi cihaz) olmadığı üçün narkozdan yatmış qızın boynu sağa-sola yellənərək maşına mindirildi və getdi.
Dönüb korpusa baxanda qadınları yerdə gördüm. Məhkum qadınlardan birinin epilepsiyası tutub, digərinin təzyiqi qalxıb, birinin təzyiqdən sol tərəfi keyləşib, digərinin stressdən burnundan qan açılıb və huşunu itirib, 66 yaşlı qadın isə ağlayıb özünü yerlərə atıb ki, ona nəsə olsa, həkimlər vaxtında köməyinə çata bilməyəcəklər.
Rəis Babək İsgəndərov isə gələndən sonra qızın otaq yoldaşlarını izahat almağa apardılar. Əməliyyatçı Kamran Şahmarov qızların üçünə də nə yazacaqlarını diktə edib. İzahatda yazdırıb ki, guya qız yıxılandan sonra tez təcili yardım çağırılıb və təcili yardım yubanmadan gəlib. Halbuki təcili yardım hadisə baş verəndən 4 saat sonra gəlib. Bu saatlar məruzələrə həsr olunub. Təcili yardım həkimi çağırılan kimi gəldiklərini, yubanmadıqlarını deyib. Amma çağırış gec olub.
Yatağın ikinci mərtəbəsindən yıxılmalara Bakı İstintaq Təcridxanasında da ( BİT) rast gəlinib. Yataqdan yıxılıb zədələnən qızlara izahatda “hamamda yıxılıb” yazdırılıb.
Yatan şəxsin yıxılmaması üçün yatağın qıraqlarında taxta maneə olmalıdır. Penitensiar müəssisələrin yataqlarında bu maneələr yoxdur deyə, məhkumlar tez-tez yataqdan yıxılır, qolu-ayağı qırılır, bərk zədə alır. Amma yəqin hələ də ölən olmayıb deyə bu problemə bir əncam çəkilmir, əvəzində izahatlar saxtalaşdırılır.
Ruhanəyə xəstəxanada bel və baş nahiyəsinin küt travması diaqnozu qoyulub. Boynunu tərpədə bilmir, hər kiçik hərəkətdə ağrıyır. Deyir, həkimlər deyib ki, əslində bir müddət servikal yaxalıq taxmalıdır. Amma xəstəxanada yoxdur deyə verməyiblər. “Aldır və tax” – həkimlərin son sözü bu olub.
Ruhanə servikal yaxalığı kompleksin həkimlərindən tələb etsə də, onlardan da “yoxdur” cavabı alıb.
Problemi korpusun rəisinə dedikdən bir müddət sonra bir servikal yaxalıq gətirdi. Ağ olmalı olan parçasının bir hissəsi saralmış, digər hissələri çirkdən qaralmışdı: “Heç yoxdan yaxşıdır. Yuyub qurudun, taxsın” dedi.
Hadisədən sonra kompleksin rəisi Babək İsgəndərovun qəbulunda “Mən niyə bir qatilin qeydinə qalmalıyam ki?!” şərhini alırıq.
Amma rəis unudur ki, məhkum olunmuş şəxsin ancaq azadlığı əlindən alınır, qalan bütün hüquqları qorunmalıdır.
Konstitusiyanın 41-ci maddəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 23-cü maddəsində bildirilir ki, tutulmuş, həbs edilmiş şəxslərin və cəza çəkən məhkumların büdcə vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və stasionar şəraitdə tibbi yardım almaq hüququ var.
Biz yataqlarda təhlükəsizlik üçün taxta maneələr olmalıdır dedikdə isə müəssisə rəisinin cavabı belə oldu: “Burada 4 min çarpayı var, mən hamısına taxta vurduranam? İndi o, yuxu görüb yerə düşübsə, mənim günahım nədir?”
Ruhanə xəstəxanadan qayıdarkən Babək İsgəndərov onu yolüstü qəbul edib: “23 yaşın var, hələ krovatda yata bilmirsən?” İsgəndərovun bu sualını mərhum aktrisa Nəsibə Zeynalovanın canlandırdığı obraz “Yuxu” filmində cavablayıb: “Yuxu görmək qadağandır bəyəm? Yuxu görmək nə vaxtdan cinayət olub?! Neynək, bundan sonra yuxu görəndə gəlib sizdən icazə alarıq”.
