Qazaxıstan “İbrahim sazişi”nə qoşulanda Azərbaycanın da eyni addımı atmalı olduğunu qeyd edərək hakimiyyəti buna çağırmışdım. Eyni zamanda Türkiyədən Qazaxıstana yönəlik səslənən sərt tənqid, bəzi təhdidlərə qarşı etiraz etmiş, rəsmi Astananın bu addımının bütövlükdə bölgənin maraqlarına uyğun olduğunu qeyd etmişdim.
“İbrahim sazişi”nin təsir dairəsinin genişləndirilməsi üçün Vaşinqtonda bir neçə qanunveriilik təşəbbüsünün üzərində iş getdiyini, yaxın gələcəkdə “İbrahim sazişi”nin məcburiyyətə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq da etmişdim.
Konqresmen Kreyq Qoldman Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin “İbrahim sazişi”nə daxil edilməsi üçün qanun layihəsi təqdim edib.
Respublikaçılar Partiyasının önəmli simalarından olan Kreyq Qoldmanın təşəbbüsünü Nümayəndələr Palatasının Saziş Qrupunun 25 üzvü yekdilliklə dəstəkləyib. Respublikaçılarla yanaşı demokratları təmsil edən konqresmenlərin qanun layihəsini yekdilliklə dəstəkləməsi Kreyq Qoldmanın təşəbbüsünün tezliklə Nümayəndələr Palatası tərəfindən qəbul olunacağını göstərir. Kreyq Qoldmanın təşəbbüsünün qanunvericilik aktına çevrilməsindən sonra “İbrahim sazişi”nə qoşulmaq məcburiyyətə çevriləcək. Halbuki, bunu daha öncə etmək və bununla da müəyyən imkanlar qazanmaq olar.
Qazaxıstan “İbrahim sazişi”nə qoşulanda Türkiyədən Astanaya yönələn tənqid və təhdidlərdə belə fikirlər də vardı ki, Azərbaycan da eyni addımı atmaq istəyib, lakin Ankaranın təzyiqlərindən sonra bundan çəkinib. Həmin ərəfədə Türkiyədə siyasi islamçıların əsas yayım orqanlarından olan “Yeni Agit” qəzeti Azərbaycan prezidentini sərt tənqid etmiş, xarici İşlər naziri Hakan Fidana yaxınlığı ilə tanınan jurnalist Adnan Zentürk isə Azərbaycanı və Qazaxıstanı Türkiyənin tədbir görəcəyi iddiası ilə təhdid etmişdi.
Kreyq Qoldmanın qanunvericilik təşəbbüsündən başqa “İbrahim sazişi”nin təsir dairəsinin genişləndirilməsinə yönəlik başqa qanunvericilik təklifləri də var. Senatorlar Ted Budd və Coni Ernstin “2026-cı il tarixli Abraham Sazişləri Müdafiə Əməkdaşlıq Qanunu” (Abraham Accords Defense Cooperation Act of 2026) belə təşəbbüslərdən biridir. Qanun layihəsi “İbrahim sazişi”ni imzalayan dövlətləri əhatə edən Müdafiə Əməkdaşlığı Təşəbbüsü yaratmağı vəzifə olaraq Müdafiə Nazirliyinin üzərinə qoyur. Konqresdə başqa təşəbbüslər üzərində də iş gedir və yaxın zamanlarda daha böyük qanunvercilik təşəbbüslərinin şahidi olacağıq.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi iyunun 17-də ABŞ-ın Hindistan, Yunanıstan, Cənubi Kipr, İsrail və Misirlə enerji və müdafiə sektorlarında əməkdaşlığını dərinləşdirməyi hədəfləyən “Şərqi Aralıq Dənizi Keçidi” qanun layihəsini (Eastern Mediterranean Gateway Act) təsdiqlədi. Qanun layihəsi Şərqi Aralıq dənizini Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) strateji mərkəzi kimi yerləşdirməyi hədəfləyir və bölgəni ABŞ üçün strateji prioritet kimi təyin edir. Qanun layihəsi həmçinin ABŞ-ın Hindistan, Yunanıstan, Kipr, İsrail və Misirlə enerji və müdafiə sektorlarında əməkdaşlığını dərinləşdirməyi və bu ölkələrin vacib infrastrukturunu IMEC çərçivəsində nəzərdə tutulan daha geniş əlaqə şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir. Türkiyə bunu özünün milli maraqlarına təhdid kimi dəyərləndirir.
Bütün bunlar onu göstərir ki, bölgə yenidən dizayn edilir və Türkiyə bölgədə gedən proseslərdən, formalaşan ittifaq və əməkdaşlıq formatlarından kənarda saxlanılır.
Türkiyə ağırlıqlı siyasət davam edərsə bölgədə gedən proseslərin Azərbaycana da ciddi mənfi təsirləri olacaq. Haqq etmədiyimiz təsirlərlə üzləşməmək üçün Azərbaycan ən qısa müddətdə “İbrahim sazişi”nə qoşulmalıdır. “Xəzər asayişi” Alyansı təşəbbüsü isə Azərbaycanı bütün proseslərin önünə çıxara, söz sahibi dövlətə çevirə bilər.
