Azərbaycanda, əsasən də Şuşada XX əsrin əvvəllərinə qədər papaq baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.
Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Çünki ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi.
Lakin bolşeviklər Azərbaycanı işğal edəndən sonra bütün dəyərlər ilə yanaşı papaq məsələsinə də əl atdılar. Xüsusilə bu ildə Əliheydər Qarayev canfəşanlıq edirdi. O, bolşeviklərin yerli camaatın etimadını qazanmaq üçün milli papaq qoyanlara qarşı mübarizə aparmağa başlayır və eyni zamanda ölkədə hər kəsin mədəni inqilabçı obrazında, furajkada gəlməsini tələb edirdi. Bunun üçün onun Moskvaya və ölkədə bütün yerli komissarlara yazdığı məktubda qeyd edilirdi :
“Papaqlar barədə məsələ. Bilirsiniz, elə olur ki, bəzi yoldaşlar qəzalara gələrkən, rus olduqlarına dair şübhə doğurmamaq üçün papaq qoyurlar. Papaq, saqqal kimi, türk rəmzidir. Biz partiyanın bütün üzvlərinə israrla tövsiyə etməliyik ki, onların arasında iş aparsınlar ki, özləri papağı çıxarsınlar və heç olmasa furajka (şapka) geyinsinlər. Bu sizə xırda bir şey kimi görünə bilər, amma siz furajka geyinəndə, kütlə sizin arxanızca gələcək…”
Mənbə: Алигейдар Караев, “РГАСПИ. Ф. 17 Оп. 17 Д. 20 Л. 65”
Hətta Ruhulla Axundov da papağa qarşı aqressivlik göstərir və buna qarşı təbliğat aparırdı.Ruhulla Axundov papaq taxanları ictimai yerlərə buraxmırdı. O, papaq taxanları sovet düşməni adlandırırdı. “Rədd olsun papaq!” şüarını o, yaratmışdı.
Mənbə: Bakı Komitəsinin (BK) iclas protokolları (1924, Fond 26, Siyahı 1)
Papağa qarşı mübarizə də düşünülməmiş, zorakı vasitələrlə aparılırdı.1929-cu ildə “hicab və papaqların qadağan olunması” Kommunist partiyasının qurultayında müzakirə olunur və bütün Azərbaycana bu qadağalar gəlir :
Başına milli papaq qoyan fəhlə və kəndlilər klublara, qiraətxanalara (“qırmızı guşələrə”) buraxılmırdı.
Partiya və komsomol iclaslarında başında papaq oturanlara xəbərdarlıq edilir, papağını çıxarmayanlar zaldan xaric olunurdu.
Dövlət idarələrində çalışan yerli məmurlara papaq qoymaq tamamilə qadağan edilirdi; onlar mütləq avropasayağı geyimə və furajkaya keçməli idilər.
Azərbaycanda zorla papaqatdı mərasimləri keçirilirdi, gənclər təntənəli şəkildə papaqlarını yerə atır və yerinə onlara dövlət tərəfindən gətirilmiş furajkalar paylanırdı.
Mənbə: Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi Fond 1, Siyahı 2, İş 261, 262:
Azərbaycandakı bu prosesə ən böyük təkanlardan biri qonşu Türkiyədə Mustafa Kamal Atatürkün reallaşdırdığı “Şapka Kanunu” (25 noyabr 1925) oldu. Osmanlı fəsini və ənənəvi papaqları qadağan edib Avropa şlyapasını məcburi edən bu islahat, Azərbaycan bolşevikləri üçün göydəndüşmə bəhanə yaratdı. Onlar mətbuatda yazırdılar:
“Baxın, burjuaziya Türkiyəsi belə papağı, fəsi atıb mədəni geyimə keçir, bəs bizim kəndlilər niyə hələ də bu köhnəliyi daşıyır?”
Mənbə: “Kommunist” qəzeti, № 273, 27 noyabr 1925-ci il, s.2
Bolşeviklər milli papağı tamamilə yox edə bilməyəcəklərini anlayanda, alternativ variantlara əl atdılar. 1920-ci illərin ortalarında bəzi kənd rayonlarında yerli komsomolçular üçün “Qırmızı papaqlar” təsis edildi. Bu, ənənəvi quzu dərisindən tikilən papaqların formasına bənzəyirdi, lakin rəngi və üzərindəki sovet rəmzləri fərqli idi. Lakin bu ideya kütləviləşmədi
Mənbə: Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Fond 14 , siyahı 1, İş 344, 412:
