19 C
Bakı
07 İyun 2026 10:24
Tarix

“Hun imperiyasının elit qəbiristanlığında aparılan genetik araşdırma”

Paleo-DNT texnologiyalarının inkişafı sayəsində artıq yalnız arxeoloji tapıntılar deyil, minilliklər əvvəl yaşamış insanların qohumluq əlaqələri, mənşəyi və cəmiyyət daxilindəki mövqeləri də öyrənilə bilir. Bu istiqamətdə aparılan ən maraqlı tədqiqatlardan biri Kembric Universiteti tərəfindən Monqolustandakı Hun (Xiongnu) dövrünə aid Tamir nekropolunda həyata keçirilib.

Xiongnu imperiyası eramızdan əvvəl III əsrdə yaranaraq Asiyanın ən böyük köçəri dövlətlərindən birinə çevrilmişdi. Bir çox tarixçilər bu imperiyanı sonrakı Hun dövlətlərinin siyasi və mədəni sələfi hesab edirlər. Tamir nekropolu isə bu imperiyanın elit təbəqəsinə aid ən mühüm arxeoloji abidələrdən biridir.Nekropol iki hissədən ibarətdir: qərb sektorunda 344, şərq sektorunda isə 54 qəbir aşkar edilib. Tədqiqat əsasən şərq sektorunda yerləşən və yüksək statuslu şəxslərə aid edilən iri kurqanlar üzərində aparılıb. Buradakı bəzi qəbirlərin daş dairələrinin diametri 20 metrdən çox, dəfn çuxurlarının dərinliyi isə 6 metrdən artıqdır. Belə möhtəşəm dəfn kompleksləri həmin şəxslərin cəmiyyətin ən nüfuzlu təbəqəsinə mənsub olduğunu göstərir.
Alimlər qədim DNT analizləri vasitəsilə bu insanların bir-biri ilə nə dərəcədə qohum olduqlarını araşdırıblar. Maraqlıdır ki, bəzi hallarda yaxın qohumların eyni nekropolda dəfn edildiyi müəyyən olunsa da, bütün elit qəbirlərin tək bir sülaləyə və ya tək bir ata xəttinə aid olmadığı ortaya çıxıb. Bu nəticə göstərir ki, Hun cəmiyyətində hakim təbəqə yalnız bir ailədən ibarət olmayıb və siyasi güc müxtəlif nəsillər arasında bölüşdürülə bilib.

Tədqiqatın digər mühüm nəticəsi Hun imperiyasının etnik və genetik müxtəlifliyini nümayiş etdirməsidir. Analiz edilən fərdlər arasında həm Şərqi Asiya, həm də Qərbi Avrasiya mənşəli genetik komponentlər aşkar edilib. Bu isə Xiongnu dövlətinin müxtəlif tayfaları və xalqları öz ətrafında birləşdirən böyük siyasi birlik olduğunu göstərir. Başqa sözlə, Hun imperiyası vahid etnik qrupdan deyil, müxtəlif mənşəli əhalidən formalaşmışdı.
Araşdırmada qadın dəfnləri də xüsusi diqqət çəkib. Bəzi qadınlar zəngin dəfn inventarı və yüksək statusu göstərən atributlarla birlikdə dəfn olunublar. Bu fakt Hun cəmiyyətində qadınların sadəcə ailə üzvü deyil, müəyyən hallarda siyasi və ictimai nüfuz sahibi olduqlarını göstərir.

Tamir nekropolunda aparılan bu araşdırma qədim köçəri imperiyaların sosial quruluşunun düşündüyümüzdən daha mürəkkəb olduğunu ortaya qoyur. Elit təbəqə yalnız qan qohumluğuna əsaslanmırdı; siyasi ittifaqlar, tayfalararası əlaqələr və sosial status da cəmiyyətin təşkilində mühüm rol oynayırdı.

Paleo-DNT elmi bir daha göstərir ki, tarix yalnız yazılı mənbələrdən ibarət deyil. Minillər əvvəl yaşamış insanların sümüklərində qorunub qalan genetik məlumatlar keçmişin qaranlıq qalmış səhifələrini işıqlandırmağa davam edir.

Qeyd: Biz isə hələ də cəmiyyətin bəzi üzvlərinə agent yaxud reptilian olmadığımızı izah etməyə çalışırıq)Eybi yox əsas odur ki,xalq üçün elmi sferada nəsə edək,reptilian da,Ceyms Bond olmağa da razıyam)

Elmi məqalənin linki: https://www.cambridge.org/core/journals/antiquity/article/genetic-relatedness-social-status-and-cemetery-organisation-the-xiongnu-tamir-necropolis-mongolia/14B189F4877F59E4F155D2788ABA2A1D

Orxan Xansuvar (Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmacı)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı humanizmi, erməni xəyanəti.

redaktor

Ermənilərin saxta tarixi-Xosrov meşəsi yalanı

redaktor

Qərbi Azərbaycan Xronikası: Babək və Cavidanın məzarları, qalaları haradadır? – VİDEO

redaktor