Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək.
Həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gələcək.
Bu qarşılaşma təkcə bir klubun kuboku qazanması ilə əhəmiyyət kəsb etməyəcək, həm də Azərbaycanın düz 3 komandasının yeni mövsüm UEFA-nın hansı klub yarışda iştirakını müəyyənləşdirəcək.
Qeyd edək ki, hazırda yalnız çempion adını təmin edən “Sabah”ın 2026/27 mövsümü UEFA Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib.
Beləliklə, “Sabah” qələbə qazanarsa…
1) Komanda çempion olmaqla yanaşı, kuboku da qazanaraq bir mövsümdə iki titula sahib olacaq və dubl edəcək.
2) İkinci yeri təmin etmiş “Qarabağ” Avropa Liqasında oynamaq hüququ qazanacaq. Mövcud qaydalara əsasən, Azərbaycan Premyer Liqasının qalibi həm də kuboku qazanırsa, bu halda Avropa Liqasına 2-ci yeri tutan gedir.
3) Üçüncü yeri təmin edən “Turan Tovuz” UEFA Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq. Azərbaycanın ötən illərdəki reytinq xalı az olduğundan 2026/27 mövsümündə Konftans Liqasında iki təmsilçimizdən biri mübarizəyə 2-ci, digəri isə 1-ci mərhələdən qoşulacaq.
4) Konfrans Liqasına 4-cü yeri tutan komanda gedəcək. Hazırda “Neftçi” 4-cü pilləni tutur və çempionatın bitməsinə 2 tur qalmış 5-ci yerdəki “Zirə”ni 3 xal qabaqlayır. “Sabah” finalda qalib gəlsə və “Neftçi” çempionatı 4-cü yerdə tamamlasa, yeni mövsümdə UEFA Konfrans Liqasına qatılacaq (1-ci mərhələdən).
Beləliklə, “Sabah”ın qələbəsi düz 4 komandaya sərf edir. “Sabah”ın özünə, “Qarabağ”a, “Turan Tovuz”a “Neftçi”yə.
Finalda “Zirə” qalib gəlsə…
Bu halda hər şey alt-üst olacaq.
1) Avropa Liqasına kubokun qalibi qismində “Zirə” qatılacaq.
2) “Qarabağ” yeni mövsümdə Konfrans Liqasında oynayacaq, mübarizəyə 2-ci mərhələdən qoşulacaq.
3) “Turan Tovuz” Konfrans Liqasına 1-ci mərhələdən başlayacaq.
4) “Neftçi” çempionatı 4-cü yerdə başa vursa belə avrokuboklardan kənarda qalacaq.
Beləliklə, finalda “Zirə”nin qələbəsi isə onun özündən başqa digər 4 komandaya sərf etmir.
Qeyd edək ki, final matçı saat 20:00-da başlanacaq. (Qol.az)