Böyük Britaniyanın sağçı siyasi qüvvələri – “Reform UK” və Mühafizəkarlar Partiyası ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə əl sıxışarkən çəkilmiş fotosunu “Mənim dostum” başlığı ilə paylaşmasından sonra Ağ Ev rəhbərindən məsafə saxlamağa başlayıblar.
“The Guardian” nəşri yazır ki, Trampın “Truth Social” platformasında etdiyi bu paylaşım Britaniya siyasi dairələrində kəskin etirazla qarşılanıb. Qeyd edək ki, ABŞ Prezidenti ötən həftə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində də Putini “dostu” adlandırmışdı.
Trampa ən yaxın Britaniya partiyası hesab olunan “Reform UK”nin sədr müavini Riçard Tays bu paylaşımı “dəhşət” adlandırıb. O, “Sky News” telekanalına müsahibəsində bildirib: “Bu, hər baxımdan yanlışdır və ciddi səhvdir. Putin bizim dostumuz deyil. O, başqalarının da dediyi kimi, qaniçən diktatordur və buna heç kimin şübhəsi yoxdur”.
Trampın yaxın dostu olan partiya lideri Naycel Faracın bu məsələni ABŞ Prezidenti ilə müzakirə edib-etməyəcəyi barədə suala Tays belə cavab verib: “Son vaxtlar Trampla açıq şəkildə razılaşmadığımız və bunu bəyan etdiyimiz hallar artıb. Uzunmüddətli dostluqların təbiəti belədir – bəzən razılaşırsan, bəzən yox. Düşünürəm ki, fikir ayrılıqlarımız getdikcə dərinləşir”.
2024-cü ildə Trampın yenidən prezident seçilməsini alqışlayan Kemi Badenokun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası da Ağ Ev rəhbərinin İrana qarşı hücumları fonunda qlobal enerji qiymətlərinin artması və qərarlarının mübahisəli olması səbəbindən ondan uzaqlaşmağa çalışır. Badenokun müavini Aleks Burqhart Trampın paylaşımından “çox kədərləndiyini” deyib:
“Kədərli və məyusam, çünki mənim böyüdüyüm dünyada ABŞ azadlığın müdafiəçisi idi. Artıq elə olmayan bir dünyaya doğru getdiyimizdən narahatam. Ümid edirəm ki, böyük və təcavüzkar güclərin ABŞ-nin razılığı ilə qonşularını işğal edə biləcəyi bir dövrə qədəm qoymarıq”.
Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi Həmiş Falkoner isə Putini “qəssab” adlandıraraq, Baş nazir Endi Bernhemin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Britaniyanın sərt mövqeyini Trampa açıq şəkildə çatdırdığını vurğulayıb.
Xatırladaq ki, “YouGov” mərkəzinin ötən ay keçirdiyi sorğuya əsasən, britaniyalıların cəmi 10 faizi Donald Trampa müsbət yanaşır, 86 faizi isə onun fəaliyyətini mənfi qiymətləndirir.
