Bu gün Mərkəzi Bankının sədri hörmətli Taleh Kazımovun qrup iqtisadçlıları növbəti dəfə görüşə dəvət etmişdi – belə diskussiyalar artıq çox yaxşı bir ənənəyə çevrilir. Taleh müəllimə dəvətə və açıq müzakirələrə görə təşəkkür edirəm.
Görüşdə bir neçə vacib məsələlər qaldırıdı, mən öz çıxışımdakı tezisləri və sualları qısa qeyd etmək istədim.
Əvvəla, mən yenə dövlət qurumlarına online cərimə və digər ödənişlər edərkən rüsum tutulmasının doğru olmadığını söylədim. Taleh müəllim söz verdi ki, bu məsələ ilə ciddi məşğul olacaq – doğrudan da, məsələn qaydanı pozursan, 10 manat cərimə gəlir, tez ödəyəndə 10% endirim var, yəni, 9 manat ödəmək lazımdır, amma, ödəniş edərkən 40 qəpik də xidmət haqqı tutulur. Bu düzgün və ədalətli yanaşma deyil. O məşhur filmdə deyildiyi kimi, söhbət 40 qəpikdə deyil e, yanaşma ədələtsizdi.
Digər sualım iqtisadiyyatımızın vəziyyəti haqqında idi – doğrudur, iqtisadi aktivlik birbaşa Mərkəzi Bankın mandatına aid deyil, ona görə də, sualım vacib Dövlət institutu olan Mərkəzi Bankın hökumətin iqtisadi siyasətinə baxışı haqqında idi. Məlumdur ki, iqtisadiyyatımız donub, iqtisadiyyat 1-cü rüb 0,3% daralıb, aktivlik azalıb, biznes önünü görmür və İqtisadiyyat Naziri də bu günlərdə bəyan etdi ki, Azərbaycan artıq yeni iqtisadi modelə keçir.
Çıxışımda qeyd etdim ki, biz hələ köhnə modelin nə olduğunu bilmirdik, adı qoyulmamışdı, bəs yaxşı, bu yeni model necə olacaq?! Taleh müəllim dövlət-hökumət orqanlarında bu məsələ ilə bağlı ciddi diskussiya olduğunu söylədi və dedi ki, yeni yanaşma kiçik-orta sahibkarların və investorların marağı üzərində inşa olunacaq. İnşAllah, təki elə olsun.
Dövlət qurumu olan Mərkəzi Bankən belə açıq diskussiyalar təşkil etdiyi üçün bir daha təşəkkür edirəm, yaxşı olardı ki, hökumət qurumları da belə addım atsınlar…
