Kolin Pitçfork DNT analizi sayəsində ifşa olunmuş ilk qatil sayılır. O, 1983 və 1986-cı illərdə iki məktəbli qızı zorlamaqda və öldürməkdə təqsirli bilindi.
Kolin Pitçfork 1960-cı ildə Lesterşir qraflığında kiçik bir kənddə anadan olub. 1976-cı ildə Lester şəhərində yaşayıb, çörək sexində işləyib.
O, yeniyetmə yaşlarından seksual pozuntuları ilə fərqlənib. 17 yaşı olanda bir qızın qarşısında soyunduğu üçün cərimə olunub. Üç il sonra eyni əmələ görə 1 il şərti həbsə məhkum edilib.
21 yaşında evlənən Kolin 1983-cü ilin noyabrında 15 yaşlı Linda Mannı zorlayıb və öz şərfi ilə boğaraq öldürüb. 1986-cı ilin iyununda Doun Eşfort adlı daha bir 15 yaşlı qızı zorlayır və öldürür.
İkinci cinayətdən sonra polis 17 yaşlı Riçard Baklendi şübhəli şəxs kimi saxlayır. Elə də əqli-səlim olmayan Riçard ikinci cinayəti törətdiyini deyir, amma birincini qəti rədd edir.
Britaniyalı genetik Alek Ceffris 1984-cü ildə genetik daktiloskopiyanı – insanların DNT vasitəsilə identifikasiyası üsulunu kəşf etdi. Ceffris Lester universitetində işləyirdi və bu üsuldan ilk olaraq Lester polisinin yararlanması təsadüfi deyildi. Test göstərdi ki, cinayət yerlərindən götürülən biomateriallarla Riçard Baklendi nümunəsi uyğun gəlmir və o, azad edildi. Beləliklə o, DNT testi nəticəsində istintaq mərhələsində həbsdən buraxılan ilk insan oldu.
1987-ci ilin yanvarında polis əhaliyə müraciət edərək 16-34 yaşlı kişiləri DNT analizi üçün könüllü qan verməyə dəvət etdi. Qan verməyənlər şübhə altına düşürdülər.
Qorxuya düşən Kolin Pitçfork kömək üçün iş yoldaşı İən Kelliyə müraciət etdi. O, əvvəllər soyunmağa görə məhkum olunduğunu və bunun yenidən ortaya çıxmasını istəmədiyini söylədi. Pitçforkun şəxsiyyət vəsiqəsində şəkli dəyişdilər və Kelli 200 funt müqabilində onun yerinə analiz verdi.
Lakin hadisədən bir neçə ay sonra pabda içib sərxoş olan Kelli bu əhvalatı masadakıları danışarkən qonşu masada oturan Ceki Foggin bunu eşitdi və polisə xəbər verdi. 1987-ci il sentyabrın 19-da Kolin Pitçfork həbs olundu. Qətlləri özü də etiraf etdi, DNT analizi də isbatladı. O, 1988-ci ilin yanvarında ən azı 30 il həbsdə qalmaqla ömürlük həbsə məhkum edildi. Amma 2009-cu ildə minimal həbs müddəti 28 ilə endirildi.
Pitçforkun şərti azadlığa buraxılmaq barədə müraciəti 2016-cı ilin aprelində nəzərdən keçirildi. Komissiya onu azadlığa buraxmadı, lakin rejimini yumşaldaraq açıq tipli məntəqəyə köçürülməsini tövsiyə etdi. Bu tövsiyəyə əməl olundu.
Daha bir müraciəti rədd edilən Pitçfork 2021-ci il sentyabrın 1-də şərti azadlığa buraxıldı. Lakin artıq noyabrda o, şərti azadlıq şərtlərini pozduğuna görə (qadınlara sataşırmış) birbaşa qapalı həbsxanaya qaytarıldı.
2023-cü ildə Komissiyanın onu yenidən azadlığa buraxmaq qərarı kəskin neqativ rezonans doğurdu və Britaniyanın lord-kansleri (Ədliyyə Nazirliyinin rəhbəri) bu qərarı ləğv etdi.
Kolin Pitçforkun daha bir müraciəti 2025-ci ilin oktyabrında rədd edilib və o, həbsdə qalmağa davam edir.
2002-ci ildə çəkilən “Qatilin kodunun açılması” (“Cracking the Killer’s Code”) filmi Pitçforkdan bəhs edir.
