NATO ölkələrinin İrana qarşı hərbi əməliyyatları dəstəkləməkdən imtina etməsi, İspaniya və İtaliyanın hava məkanından ABŞ-ın hərbi hava qüvvələrinin istifadəsini məhdudlaşdırması Vaşinqtonda Şimali Atlantika Alyansının varlığı ilə bağlı şübhələri gücləndirdi.
İspaniya Sosialist Fəhlə Partiyasının baş katibi, Sosialist İnternasionalının prezidenti Pedro Sançesin başçılıq etdiyi İspaniya hökumətinin ABŞ-ın İspaniyadakı Rota və Moron bazalarından İrana qarşı əməliyyatlar üçün istifadə olunmasını qadağan etməsi isə Vaşinqtonun səbir kəsasını daşırdı. NATO-nu “kağız pələng”, Alyans üzvlərini “qorxaqlar” adlandıran Prezident Donald Tramp ABŞ-ı NATO-dan çıxarmağı ciddi şəkildə nəzərdən keçirdiyini bəyan etdi.
Doğrudur, Tramp təkbaşına ABŞ-ı NATO-dan çıxa bilməz. ABŞ-da mövcud olan qanunvericiliyə görə, prezident Senatın üçdə ikisinin dəstəyi və ya Konqresin xüsusi qanunu olmadan belə bir qərar verə bilməz. Senat və Konqresin indiki vəziyyətdə Trampın mövqeyini dəstəkləməyəcəyi aydındır. Üstəlik, Respublikaçılar Partiyasında ABŞ-ın NATO-dan çıxmasının əleyhinə olanlar var. Respublikaçı senatorlar Tom Tillis və Mitç Makkonell Demokratlar Partiyasından olan həmkarları Çin Şahin və Kris Kunsla birlikdə prezident Donald Trampın mövqeyini tənqid edərək ABŞ-ın NATO-dakı üzvlüyünün Vaşinqtonun maraqlarına uyğun olduğunu bildiriblər. Respublikaçı senator Tom Tillis demokrat həmkarı Çin Şahin ilə birlikdə yayımladığı açıqlamada ABŞ-ın NATO-dan çıxmasının Vladimir Putin və Si Cinpin arzusu olduğunu bəyan edərək, Trampa qarşı sərt mövqe nümayiş etdirib.
Senatorlar Tom Tillis və Mitç Makkonelldan fərqli olaraq Respublikaçılar Partiyasının bir sıra nüfuzlu təmsilçiləri prezident Trampın mövqeyini dəstəkləyiblər. Dövlət Katibi və növbəti prezident seçkilərində respublikaçıların namizədi olmağa iddialılardan biri olan Marko Rubio bildirib ki, İrana qarşı əməliyyat bitdikdən sonra ABŞ NATO-dakı üzvlüyünü yenidən nəzərdən keçirəcək.
Senator olduğu dövrdə NATO-nun ən qızğın müdafiəçilərindən biri olduğunu və Alyansda böyük dəyər verdiyini bəyan edən Rubio artıq Alyansın “birtərəfli küçə”yə çevrildiyini bildirib: “Əgər ABŞ-ın Avropadakı bazalarından istifadə edə bilməyəcəyimiz nöqtəyə çatmışıqsa… onda NATO birtərəfli küçədir. Bəs onda niyə NATO-dayıq?”. Etiraf etmək lazımdır ki, bu çox əsaslı mövqedir və ABŞ-ın Avropadakı müttəfiqləri Rubionun bu sualına əsaslandırılmış cavab verə bilmirlər. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin “Bu NATO-nun müharibəsi deyil” cavabı əsaslandırılmış cavab deyil.
Polşa Baş nazirinin müavini və Müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ olmadan NATO-nun olamayacağını bəyan edib. NATO rəsmiləri Avropa müttəfiqlərinin ABŞ-ın İrana qarşı kampaniyasını dəstəkləməsi haqqında açıqlamaları gərginliyi yumşaltmağa xidmət etsə də, həqiqəti əks etdirmədiyi üçün ciddi nəticə vermir. Vaşinqtonda yaxşı bilirlər ki, yalnız altı NATO ölkəsi – Çexiya, Albaniya, Şimali Makedoniya, Litva, Latviya və Kanada İrana qarşı əməliyyatları açıq şəkildə dəstəkləyib. NATO-ya üzv ölkələrin böyük əksəriyyətinin İrana qarşı əməliyyatdan məsafə saxlamağa çalışdığı göz önündədir.
Buan görə də, Rubio ilə yanaşı Respublikaçılar Partiyasının önəmli simaları, keçmiş dövlət katibi Mayk Pompeo və Trampın Ukrayna üzrə keçmiş təmsilçisi general Kit Kelloq prezidentin NATO ilə bağlı fikirlərini dəstəkləyiblər.
General Kit Kelloq hesab edir ki, NATO-ya alternativ yeni bir müdafiə strukturunun yaradılmasının zəruri olduğunu bəyan edib. NATO-nun özünü qorxaq kimi göstərdiyini bəyan edən general Yaponiya, Avstarlliya, Polşa, Almaniya və xüsusi ilə də “özünü yaxşı müttəfiq kimi sübut etmiş” Ukraynanın yer alacağı yeni hərbi ittifaqının yaradılmasına çağırıb. General Kit Kelloqun bu fikirləri mövcud gerçəkliklərin diqtəsidir.
İspaniyadakı bazalarından istifadənin qadağasından sonra aydın görünür ki, yeni reallaıqlar yaranıb və bu əvvəlki formatda əməkdaşlığı mümkünsüz edir. ABŞ-ın İspaniyadakı bazalarının bağlanması, eyni zamanda bu ölkə ilə iqtisadi münasibətlərin də yenidən dəyərləndirilməsi ilə bağlı respublikaçıların liderlərindən biri senator Lindsi Qremin təklifi də əvvəlki formatda əməkdaşlıqların sona çatmaqda olduğunu göstərir.
Dövlət katibi Marko Rubionun İranla müharibədən sonra ABŞ-ın NATO-dakı üzvlüyünə yenidən baxacağaı, general Kit Kelloqun yeni hərbi ittifaqların yaradılmasının zəruriliyi ilə bağlı açıqlaması ABŞ-Azərbaycan-İsrail arasında “Xəzər asayişi” Alyansının yaranma ehtimalının getdikcə artdığını göstərir.
Respublikaçıların 64, demokratların 92 faizinin tərəfadar olmasına baxmayaraq NATO-nun zamanı başa çatıb. NATO sovet təhlükəsinə qarşı dayanmaq, Sovet İttifaqının Qərbə doğru genişlənməsinin qarşısını almaq üçün yaradılmış Avroatlantik əməkdaşlıq platforması idi. NATO-nun yaranmasının səbəbi olan Sovet İttifaqı artıq mövcud deyil. Cənubi Qafqaz, Suriya və Venesualada baş verənlər, eləcə də İrana qarşı ABŞ-İsrail birgə hərbi əməliyyatı təsdiqlədi ki, Rusiya Sovet İttifaqı deyil.
Ukraynaya qarşı 24 fevral 2022-cü ildə başlayan cinayətkar müharibənin geridə qalan 1500 günü isə təsdqilədi ki, Rusiyanı çoxsaylı problemləri olan regional güc adlandıran Barak Obama da tam haqlı deyilmiş. Rusiya regionun ən böyük dövləti olsa da, regionun super gücü deyil.
Belə bir şəraitdə NATO-nun mövcudluğuna ciddi bir zərurət yoxdur. ABŞ-ın dünyanın müxtəlif bölgələrində maraq və mənafelərini qoruyacaq regional ittifaqlara ehtiyacı var. Bu yerləşdikləri regionda maraq və mənafeləri ABŞ-ın maraq və mənafeləri ilə üst-üstə düşən dövlətlərin ittifaqı olmalıdır.
Xəzər hövzəsi regionunda belə bir ittifaq ancaq “Xəzər asayişi” Alyansı ola bilər. Xəzər hövzəsi regionunda (Cənubi Qafqaz və Mərkəzi Asiya) ABŞ və İsrailin, eləcə də bölgə ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) maraq və mənafelərini qorumağa qadir hərbi-siyasi ittifaqın yaranması artıq zərurətə çevrilir. NATO-nun zəruriliyinə inanan respublikaçı və demokratların “Xəzər asayişi” Alyansının ABŞ üçün həyati önəm kəsb etdiyini anlayacaqları gün uzaqda deyil. Aydın görünür ki, zaman sürətlə bizi “Xəzər asayişi” Alyansının yaranmasına doğru aparır.
NATO öldü, yaşasın “Xəzər asayişi” Alyansı!

