Liviya Çadın şimalında, Çad-Liviya sərhədində yerləşən Auzu zolağına iddialı idi. Üstəlik, Qəddafi hesab edirdi ki, özünə biçdiyi Afrika lideri obrazı üçün ilk addım Çadı nəzarətə almasından başlamalıdır. Buna görə də Çadın daxilində gedən toqquşmalara fəal müdaxilə edirdi. 1978-ci ildə isə Çad-Liviya müharibəsi başladı. Konfliktin gedişində Liviya Auzu bölgəsini işğal etdi.
1982-ci ildə Çadda hakimiyyəti ələ keçirən Hisseyn Habre 1980-ci illərin ortalarından Liviyanın Auzu zolağındakı qüvvələrinə hücum etməyə çalışdı.
İlk baxışda liviyalıların ciddi texniki ütünlükləri vardı. Qəddafi hakimiyyətə gəldikdən sonra SSRİ-dən xeyli ağır texnika və hərbi aviasiya almışdı. Kasıb Çadın isə belə imkanı yox idi.
Çıxış yolunu Habre rejimini dəstəkləyən Fransa tapdı. Onlar müttəfiqlərini 400 “Toyota Hilux” və “Toyota Land Cruiser” pikapları ilə təchiz etdilər. Bu maşınlar həm canlı qüvvənin çevik yerdəyişməsi üçün, həm də, ən əsası, MILAN tank əleyhinə idarəolunan raket kompleksləri və ağır pulemyotlar daşımaq üçün istifadə olunurdu.
“Toyota savaşı” adını alan mərhələ 1986-cı ilin dekabrında başladı və 1987-ci ilin sentyabrına qədər davam etdi. Bu zaman Liviyanın dəstəklədiyi qüvvələr ya məğlub olmuş, ya da Çad hakimiyyəti ilə barışıq imzalamışdılar.
Gözlənilməz taktika ilə üzləşən liviyalılar böyük itkilər verdilər: təkcə ölü olaraq 7500 nəfər . Bu da o vaxt bütün Liviya ordusunun 10 faizi idi. 1,5 milyardlıq hərbi texnika çadlılar tərəfindən ələ keçirildi. Bu, indiki ilə müqayisədə o zaman 5-6 dəfə böyük məbləğ idi.
Ağır məğlubiyyətlə üzləşən Qəddafi Auzudan çəkilməli oldu.
1994-cü ildə Beynəlxalq məhkəmə Auzu zolağının Çada mənsubluğu haqqında qərar çıxardı.