DünyaSiyasət

Qızıl Alma və Qərbin Cavab Dilemması: Türkiyənin 2026-cı İl Hərbi Sıçrayışı

2026-cı ildə “12 ədəd Qızıl Alma-nın Türkiyə Ordusuna rəsmi təhvil verilməsi” barədə hələ dövlət qərarı elan edilməyib. Bu rəqəm daha çox planlanan ilkin əməliyyat partiyası kimi müzakirə olunur. Bununla belə, platformanın özü və yaratdığı strateji təsir artıq aydın görünür.

Qızıl Alma klassik PUA deyil. Bu, reaktiv mühərrikli, şəbəkə əsaslı, hava–hava və hava–yer missiyalarına uyğun insansız qırıcıdır. Hətta məhdud sayda, məsələn, 12 ədədin inventara daxil olması belə Türkiyə üçün kəmiyyət yox, keyfiyyət dəyişikliyi deməkdir.

Qızıl Alma Türkiyə Ordusuna nə verəcək? Yüksək riskli əməliyyatlarda pilot itkisi sıfırlanır, insanlı–insansız döyüş aparatları sinxron hərəkət edir, pilotsuz aviasiya konseptinin həyata keçməsi yeni mərhələyə keçir. Qısası, Qızıl Alma gələcək müharibənin laboratoriyasıdır.

2026-cı il Türkiyə üçün yeni silahların çoxaldığı yox, müharibə aparma üsulunun dəyişdiyi mərhələdir. Baykar və TUSAŞ xətti ilə paralel olaraq stealth xüsusiyyətli Anka-3 kimi platformalar, KAAN layihəsində uçuş testlərinin dərinləşməsi, milli hava–hava və hava–yer raketlərinin istehsalının artırılması prioritetə çevrilir. Burada əsas hədəf tək-tək platformalar deyil, vahid döyüş ekosistemidir.

Qərbin cavabı necə olacaq? Məsələnin ən həssas tərəfi də buradadır. Qərb Türkiyənin bu texnoloji istiqamətinə gecikmiş, amma narahat reaksiyalar verir. Avropa hazırda iki böyük layihəyə güvənir. Fransa mərkəzli və Fransa–Almaniya–İspaniya konsorsiumu tərəfindən həyata keçirilən Avropa 6-cı nəsil hava döyüş sistemi layihəsidir. Böyük Britaniya mərkəzli Tempest. (Tempest Böyük Britaniyanın rəhbərliyi ilə hazırlanmış 6-cı nəsil döyüş təyyarəsi layihəsidir. Layihə hazırda Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən GCAP (Global Combat Air Programme) çərçivəsində icra olunur.)

Amma problem aydındır: bu layihələr bahalı, siyasi baxımdan ağır və zaman baxımından gecikmişdir. Türkiyənin yolu isə fərqlidir — mərhələli, ucuz, real döyüş təcrübəsinə söykənən silah istehsalı.

Qərbin dilemması belədir: Türkiyənin yaratdığı insansız qırıcı reallığını qəbul edib doktrinanı dəyişmək, yoxsa mövcud insanlı sistemləri qoruyaraq texnoloji baxımdan geridə qalmaq.
Hər iki seçim siyasi risk daşıyır. Birincisi Avropanın illərlə qurduğu aviasiya iyerarxiyasını dağıdır. İkincisi isə onu fakt qarşısında qoyur.

Yəni Qızıl Alma-nın neçə ədəd olacağı mahiyyətdə həlledici deyil. Həlledici olan odur ki, Türkiyə müharibənin gələcəyinə ilk uyğunlaşan ölkələrdən biridir. 2026-cı il Türkiyə üçün silahların deyil, oyun qaydalarının dəyişdiyi il olacaq. Qərb isə bu qaydaları ya qəbul etməli, ya da gecikmənin nəticələri ilə üzləşməlidir. Bu artıq texnologiya yarışı deyil, strateji adaptasiya imtahanıdır.

Bir şeyi də deyim. Türkiyə hərbi sənayesində davam edən inqilabi dəyişikliklər Azərbaycana, bütövlükdə Türk Dünyasına böyük avantaj verir. Başqa bir önəmli məqamsa onunla bağlıdır ki, Türkiyə silah istehsalına Azərbaycanı və Türk Dünyasını da cəlb edir. Bu, strateji məsələdir. Və bu istiqamətdə fəaliyyəti genişləndirməkdə fayda var…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

redaktor

Nəzakət Məmmədova Rusiyaya necə casusluq edib?

redaktor

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi: Siyahıda onlar var – SENSASİYA

redaktor