

Hüquq müdafiəçisi: “Azərbaycanda 300-ə yaxın siyasi məhbus var ki, maydakı əfvdə onların hamısının azadlığa buraxılacağını düşünmürəm”
Bu il mayın 28-də “Müstəqillik Günü” ilə bağlı növbəti əfv sərəncamının imzalanması gözlənilir. Bu barədə məlumatı Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvləri yayıblar.
Komissiya fəaliyyətini aprelin 3-də bərpa edib. Bu, sabiq ədliyyə naziri Fikrət Məmmədovun komissiyadan çıxarılıb, əvəzinə yeni ədliyyə naziri Fərid Əhmədovun təyin olunmasından bir gün sonraya təsadüf edib.
Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq: Azərbaycanda 288 siyasi məhbus var, onların 20 nəfəri jurnalist və bloqerdir.
Komissiya üzvləri müxtəlif media orqanlarına açıqlamalarında əfv siyahısında həbsdə olan iqtisadçı alim Qubad İbadoğlunun və jurnalistlərin olacağını desələr də, bu, hüquqi baxımdan mümkün deyil.
Belə ki, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”nin 2-ci bəndində qeyd olunur ki, ancaq məhkum edilmiş şəxslər əfv edilə bilərlər.
“Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər”.
Qubad İbadoğlunun həbs müddəti mayın 20-də bitir və 8 gün ərzində məhkəmə hökmünün olması funksional olaraq real deyil. “Abzas Media” və “Toplum TV” işləri üzrə həbs edlən jurnalistlərin haqqında maya qədər məhkəmə hökmünün çıxarılması mümkün olmadığı üçün əfv sərəncamının bu şəxslərə də şamil edilməsi ehtimalı yoxdur.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, Azərbaycanda imzalanmış əfv sərəncamları əsas etibarilə yarımçıq qiymətləndirilir.
Onun sözlərinə görə, 1993-cü ildən bəri elə bir siyasi mərhələ olmayıb ki, həmin dövrdə siyasi məhbuslar olmasın.
