Cənubi Koreyanın təhsil naziri Çoi Kyo-cin süni intellektlə köçürmənin qarşısını almaq üçün imtahan qaydalarının son anda dəyişdirilməsinin yaratdığı qarışıqlığa görə istefa verib. Prezident Li Ce-myonq noyabrın 22-də onun istefasını qəbul edib.
Tacxeber.com “Yonhap”a istinadən xəbər verir ki, qalmaqal vergi mühasibliyi üzrə peşə imtahanında ən yüksək nəticə göstərən namizədin etirafından sonra başlayıb. Namizəd sualları gizli miniatür kamera ilə çəkdiyini, süni intellektdən aldığı cavabları isə smartfondan oxuduğunu bildirib.
Bu hadisə universitetlərə qəbul imtahanı ərəfəsində nəzarət tədbirlərinin təcili sərtləşdirilməsinə səbəb olub. Lakin qaydaların imtahana cəmi bir neçə gün qalmış dəyişdirilməsi şagirdlər və nəzarətçilər arasında çaşqınlıq yaradıb. Nazirlik gecikmiş reaksiya verməkdə tənqid olunub.
Çoi imtahan ərəfəsindəki dəyişikliklərin iştirakçılara çətinlik yaratdığını qəbul edərək məsuliyyəti üzərinə götürüb.
