Ölkənin bütün dövrlərinin sosial mərhələlərində mənsub olduğu sahədən, peşədən… asılı olmayaraq idrakın mənəvi potensialla vəhdəti sayəsində öz inteqritini, şəxsiyyət bütövlüyünü, (istər siyasi, istərsə də daxili) azadlığını… dişli mövqeləri əsasında qətiyyətlə, konseptual şəkildə ortaya qoyan (qoyub da bu ilahi amillər uğrunda mücadilə aparan), gəmisi öz limanında, ayağı öz ayaqqabısında görünən, nəfəsi boğazında, üzü “özgələr”in güzgüsündə sürünməyən isimlər heç də az olmamışdır…
Amma və lakin, bu məqamda məsələ təkcə Tanrının, saat əqrəblərinin, təbiətin, fövqəl enerjinin… koordinat sistemində ömür vektorunun başlanğıc nöqtəsinin gözlərinin içinə məğrurluqla baxmaqda deyil(!), məsələ həm də(!) məlum ömür vektorunun son nöqtəsinin — necə deyərlər, yolunu səbrsizliklə gözləyən məzarının üzünü ağartmaqda, o qərib ünvana öz ADının (yalnız öz ADının!) çiyninləri üstündə çatmaqdadır — başladığın YOLun, həmin o başlanğıc nöqtəsinin üzünə ağ olmamaqdadır! (Süd dişinin tamlığı fəlsəfəsi də məhz budur!.. İnsan gərək alnının açıq yerini alçaqların alaçığına çevirməsin!)
… Belə ki, bu gözəlim məmləkətdə bir vaxtlar büsbütün varlığından, yaradılış kodundan mayasını tutmuş fikir azadlığının radiasiyası paradiqmaya çevrilən şəxslərin, zəkaların, dönməzlərin… əksəriyyəti sonralar heç cınqırı da çıxmadan edam səhnəsindən boylanmaq, xəfif-xəfif “siyasi, ictimai dəyirmanlarda” üyüdülmək eşqinə düşdü… Və amansızcasına, işıq sürətilə üyüdüldü də! İndi o kəslər elə o “dəyirmanların” unluğunda hirsli portretlərinin solğunluğu ilə çarpışıb, baş qatır!
… Müasir çağın son onilliklərində ciddi-cəhtlə öz əksinə üzən (əslində isə özünə sarı boğulan!) qanadsızlığına acıdığım, ləpirində çat gəzdirən Ramiz Rövşən həzrətləri də məhz həmin deqradativ, “güllə” izli, manipulyativ fiqurlardandır.
Burada xüsusi şəkildə deyim ki, onun qələmi(nin necəliyi) haqqında da bir neçə dəfə müxtəlif yazılarla ədəbi-ictimai müstəvidə fikirlərimi bildirib, çıxışlar etmişəm, bu öz yerində! İndi predmetim Öz(gürlüy)ünü tərk etməsidir…
Bəli, bu gün Ramiz Rövşən öz(gə) qatarında Öz(gürlüy)ünü tərk etmiş, ovuclarındakı Tanrı öfkəsini (o öfkədən doğulub silkələndikcə “qaranlıqların” üzünə çırpılan şəhadət barmağını öz(süzlüy)ündən) didərgin salmış adamdır, didərgin salmış adam!
Axı Ramiz Rövşən o Ramiz Rövşən idi ki(!)… bir zamanlar (həm də!) şəxsiyyətini (şəxsiyyətinin timsalında mənəvi ünvanını, məqamını!) ağ işıqla yoğurmuş (yoğurduğu şəxsiyyətə söykənib) dilinin üstündə Tanrıya yuva qurmuşdu. Səsinin içində qılınc, alnında isə təslimçiliyin, köləliyin, bütpərəstliyin… inkarı fəlsəfəsini diqtə edib, yaşadırdı, həyat tərzinə çevirirdi.
… İndi gəlin görək, ilin-günün bu çağında bioloji yaşı 80-i haqlamış, bir vaxtlar
“Milli Məclisin qapısı çox alçaqdı, oradan mütləq gərək əyilib keçəsən…”
– deyən Ramiz Rövşən özü ilə bərabər diri albomlarındakı həmin Ramiz Rövşən onurğasını, daxili kriteriyalar kodeksini, Ramiz Rövşən xarakterini, Ramiz Rövşən nəfəsini… bu gün (məhz bu gün!) 80-ə çatdıra bildimi? Əlbəttə ki, yox! Çünki bir göz qırpımında “sağ” çıxmadığı kölgələrin cəngində azdı (azmağı seçdi, sevdi), mutasiyaya uğradı, uğradıldı! Bir sözlə, yolun yarısında əriyib, yolsuzluğa qovuşdu(!), mum olub, dağıldı “mütilik fəsli”nə bürünən, saatın kəfkirində xəlvət itaətkarlıq göstərməyin metodunu öyrənən öz tərcümeyi-halının üstünə…
Bəli, zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “ibadət” etməyi də öyrəndi, “itaət”ə öyrəşdi, öyrədildi!.. Və bununla da hələ illər öncədən töküldü Ramiz Rövşənin baxışlarının dişləri, çat düşdü adından qəbirinəcən Ramiz olan bütün yerlərə!
Görən olsa, hal-hazırda həmin akrasia simvoluna bircə xatırlatsın ki, qəbrin damır, Ramiz Rövşən!..
