Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında deyib:
“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil.”
Eyni çıxış ətrafında yayılan xəbərlərdə Azərbaycanın müstəqil şəkildə, təkbaşına işğala son qoyması fikri də ön plana çıxarılır.
Azərbaycanın müstəqil dövlət olması, öz qərarlarını özü verməsi və heç bir dövlətin himayəsinə ehtiyac duymaması mübahisə doğurmayan prinsipdir.
Amma burada iki ayrı anlayışı qarışdırmamaq lazımdır:
himayə başqa şeydir, müttəfiqin dəstəyi başqa.
Azərbaycan 44 günlük müharibədə döyüş meydanında öz Ordusu ilə vuruşdu. Azərbaycan əsgəri şəhid oldu, Azərbaycan Ordusu Şuşaya girdi, Azərbaycan hərbçisi torpaqları azad etdi.
Bunu heç kim Azərbaycan xalqının əlindən ala bilməz.
Amma həmin müharibənin siyasi və diplomatik tarixini danışarkən Türkiyənin rolunu yox saymaq da mümkün deyil.
Çünki bunu başqaları yox, dəfələrlə elə İlham Əliyevin özü deyib.
2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Prezident Əliyev bildirmişdi ki, müharibənin ilk saatlarından Azərbaycan Türkiyənin dəstəyini hiss edib.
O, Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan Azərbaycanın haqq işini müdafiə etdiyini, “Azərbaycan tək deyil” mesajını verdiyini və Türkiyənin siyasi-mənəvi dəstəyinin Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını açıq şəkildə söyləmişdi.
Bu, təsadüfi təşəkkür deyildi.
2024-cü ildə İlham Əliyev həmin günləri yenidən xatırladarkən daha maraqlı bir fikir səsləndirdi.
O dedi ki, müharibə zamanı Ərdoğanla daim telefonla danışırdılar, Türkiyə Prezidenti müharibənin gedişi ilə maraqlanırdı.
Və ardınca çox şəxsi və çox mühüm bir cümlə dedi:
Azərbaycanın qarşısında ciddi məsələ yaranarsa, ilk növbədə Rəcəb Tayyib Ərdoğana zəng edəcəyini bildirdi.
Bu sözlər Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini bəlkə yüz rəsmi bəyanatdan daha yaxşı ifadə edir.
Çünki insan çətin gündə kimə zəng edirsə, onun həqiqi münasibəti də orada görünür.
Ərdoğan da Əliyevə münasibətini gizlətməyib
Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevə münasibətdə illərdir eyni dili işlədib:
“Əziz qardaşım.”
2024-cü ildə Azərbaycan Prezidentinə ünvanladığı məktubda Ərdoğan Azərbaycanın torpaqlarını azad etməsini İlham Əliyevin rəhbərliyi ilə əlaqələndirmiş, bunu Türk dünyası üçün qürur mənbəyi adlandırmışdı.
2026-cı ilin mayında isə Ərdoğan Əliyevin rəhbərliyi dövründə Azərbaycanın güclənməsindən və beynəlxalq nüfuzunun artmasından “qürur və iftixar” hissi keçirdiyini yazdı.
Türkiyə Prezidenti Azərbaycanı “Can Azərbaycan”, İlham Əliyevi isə ardıcıl olaraq “Əziz qardaşım” adlandırır.
Bu münasibət yalnız protokol dili deyil.
İki ölkə Şuşa Bəyannaməsi ilə münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb.
Deməli, ortada “himayədar və himayə olunan” münasibəti yoxdur.
Ortada müttəfiqlik var.
Və məhz buna görə söz seçimi əhəmiyyətlidir.
“Təkbaşına” sözünün sərhədi haradadır?
Əgər “Azərbaycan təkbaşına qalib gəldi” deyərkən nəzərdə tutulan budursa ki, Azərbaycan torpaqlarında döyüşən əsas qüvvə Azərbaycan Ordusu idi — bu, başqa məsələdir.
Əgər bu ifadədən belə nəticə çıxarılırsa ki, Azərbaycan 44 günlük müharibə zamanı heç kimin siyasi və mənəvi dəstəyini almayıb, onda bunu İlham Əliyevin öz əvvəlki çıxışları təsdiqləmir.
Əksinə, Prezident özü Türkiyənin rolunu çox yüksək qiymətləndirib.
Əliyevin 2020-ci ildə dediyi sözlər xüsusilə aydındır:
Türkiyənin ilk saatlarda verdiyi açıq mesaj müharibəyə müdaxilə etmək istəyən qüvvələrə “kənarda durun” mesajı idi.
Bu, çox böyük siyasi məsələdir.
Silahı Azərbaycan əsgəri daşıya bilər.
Amma dövlətlərin müharibəsi yalnız səngərdə aparılmır.
Diplomatik təzyiq də var.
Beynəlxalq siyasi dəstək də var.
Arxa cəbhənin təhlükəsizliyi də var.
Regional qüvvələr balansı da var.
Bunları bir-birindən ayırmaq lazımdır.
Türkiyənin Azərbaycan Qələbəsindəki rolunu qeyd etmək Azərbaycanın qələbəsini kiçiltmir
Əksinə.
Azərbaycanın öz Ordusunun qazandığı hərbi nəticə ilə Türkiyənin verdiyi siyasi və mənəvi dəstək eyni anda doğru ola bilər.
Biri digərini inkar etmir.
Türkiyə də heç vaxt “Qarabağı biz azad etdik” deməyib.
Ərdoğan 2024-cü il Zəfər Günü məktubunda qələbəni açıq şəkildə Azərbaycanın və İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qələbəsi kimi təqdim edib.
Eyni zamanda Türkiyə özünün Azərbaycanın yanında olduğunu da gizlətməyib.
Əsl müttəfiqlik budur.
Sənin uğurunu öz adına çıxmamaq.
Amma çətin günündə də səni tək buraxmamaq.
Azərbaycan-Türkiyə münasibətlərini gündəlik ritorikadan böyük görmək lazımdır
Azərbaycanla Türkiyə arasındakı münasibət iki prezidentin şəxsi münasibətindən də böyükdür.
Ərdoğan gedəcək.
Əliyev də bir gün hakimiyyətdə olmayacaq.
Amma Azərbaycan qalacaq.
Türkiyə qalacaq.
Coğrafiya qalacaq.
Tarix qalacaq.
Və iki xalq arasındakı münasibətlər qalacaq.
Buna görə Bakı ilə Ankara arasında münasibətlərə aid ifadələr xüsusilə diqqətlə seçilməlidir.
Azərbaycanın suverenliyini vurğulamaq üçün Türkiyənin tarixi dəstəyini kiçiltməyə ehtiyac yoxdur.
Türkiyəyə minnətdarlıq bildirmək də Azərbaycanın müstəqilliyini azaltmır.
Çünki qardaşlıq himayədarlıq deyil.
Müttəfiqlik asılılıq deyil.
Təşəkkür etmək isə baş əymək deyil.
Azərbaycanın qələbəsi Azərbaycan əsgərinin qanı ilə qazanılıb.
Bununla yanaşı, Türkiyə həmin ağır günlərdə Azərbaycanın yanında dayanıb.
Bu iki həqiqətdən birini qəbul etmək üçün o birisini silmək lazım deyil.
Tarixə ən böyük hörmət də elə budur:
hər kəsin haqqını öz adı ilə yazmaq…
