Sovet sosialist rejimindən bizə miras qalan bəlalardan biri də şairi, yazıçını, ümumiyyətlə, sənətçini ələ öyrətməkdir.
Təbii ki, yazıçı, şair və sənət adamı cəmiyyətin mədəni sərvətidir. O, sənətin meyarlarından və qanunlarından keçdikdən sonra dövlət tərəfindən dəyərləndirilməli, əhəmiyyətli şəxs kimi qəbul edilməli və dövlət qayğısı ilə təmin olunmalıdır. Sənətkarı hər küçədən ötən mafioz qrupların himayəsinə, şəxsi münasibətlərə və qeyri-rəsmi asılılıqlara möhtac qoymaq olmaz. Eyni zamanda, hər dələduza qələm adı altında fəxri mükafatlar təqdim edilməsini AYB-nin səriştəsizliyi kimi qəbul edirik.
Bu, tamam başqa məsələdir.
Şairi, yazıçını müstəqil şəkildə inanmaqdan məhrum etmək sovetlərdən qalan ən zərərli miraslardan biridir. Sənətkar bir dəfə himayəyə öyrəşdikdən sonra öz gücünü, istedadını itirir, kiminsə onu qoruyacağına inanmağa başlayır.
Və bu, sənətçini müti etmək, yazıq etmək, narkomaniya asılılığı kimi bir şeydir.
Artıq bu ənənədən imtina etməyin vaxtıdır.
Bu, birbaşa kimlik məsələsidir.
Sənətkar ələ öyrədildiyi gün sənət də azadlığını itirir.
