Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Ermənistandan Azərbaycana da mal ixracı başlayacaq.
Əslində, bu proses sıfırdan başlamır.
Azərbaycanlılarla ermənilər hətta müharibənin ən ağır illərində belə tamamilə iqtisadi əlaqəsiz yaşamayıblar. 1990-cı illərdən Gürcüstandakı Sadaxlı bazarı iki xalqın qeyri-rəsmi ticarət məkanlarından birinə çevrilmişdi. Azərbaycanlı tacirlər Azərbaycandan paltar, ərzaq və başqa mallar aparır, ermənilər onları alıb Ermənistanda satırdılar. Ermənistandan gətirilən ərik kimi məhsullar da həmin bazarda satılırdı. 2005-ci ildə IWPR hətta İrəvanda Azərbaycan istehsalı “Azərçay”ın tələbat gördüyünü yazırdı. Yəni siyasətçilər danışmırdı, sərhədlər bağlı idi, amma bazar öz gizli körpüsünü qurmuşdu.
İndi dəyişən budur: əvvəllər Gürcüstan bazarlarında, vasitəçilərlə və çox vaxt qeyri-rəsmi şəkildə gedən proses rəsmiləşir.
2026-cı ilin yanvarında Bakı ilə İrəvan potensial ticarət mallarının siyahılarını mübadilə edib. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın açıqlamasına görə, Azərbaycana ixrac üçün müzakirə edilən məhsullar arasında alüminium folqa, onun xammalı, ferromolibden, konyak istehsalı üçün xammal, tütün, tekstil, qızılgül, pomidor və bibər kimi istixana məhsulları var. Hətta Azərbaycan şirkətlərinin müəyyən məhsullara konkret maraq göstərdiyi bildirilib.
Azərbaycan isə artıq Ermənistana benzin və dizel göndərir. 2025-ci ilin oktyabrında Bakı Ermənistana yük tranziti üzrə məhdudiyyətləri götürdü və Azərbaycan rəsmiləri bunu sülhün iqtisadi faydasının praktik nümunəsi kimi qiymətləndirdilər.
Bunun əhəmiyyəti ilk mərhələdə neçə milyon dollarlıq mal satılacağından daha böyükdür.
Çünki normal ticarət başlayanda vasitəçi azalır, nəqliyyat xərci aşağı düşür, mal rəsmiləşir, vergi və gömrük sistemi işləyir, biznes bir-birinin bazarını tanımağa başlayır.
Ermənistan yeni və yaxın bazar qazanır. Azərbaycan rəqabətli qiymətə ehtiyac duyduğu Ermənistan məhsullarını ala bilir. Hər iki ölkənin biznesi yeni imkan əldə edir. Ən əsası isə qarşılıqlı iqtisadi maraq yaranır.
Bu, sülh üçün çox vacibdir.
Çünki müharibənin davam etməsini istəyən adamın itirəcəyi iqtisadi bir şeyi yoxdursa, onun üçün müharibə yalnız siyasi şüardır.
Amma sərhədin o tayında müştərisi, təchizatçısı, yükü, müqaviləsi və pulu varsa, sülh artıq abstrakt söz deyil — şəxsi marağa çevrilir.
Sadaxlı bazarı vaxtilə çox sadə bir həqiqəti göstərmişdi: iki xalqın siyasəti bir-birinə düşmən ola bilər, amma insanların ehtiyacları onları yenə bir bazarda görüşdürə bilir. Araşdırmalar həmin bazarı hətta münaqişə şəraitində ticarətin xalqları yaxınlaşdırmasının nümunəsi kimi qiymətləndirirdi.
İndi həmin proses gizli bazardan dövlətlərarası ticarətə keçirsə, bu, həqiqətən böyük dəyişiklikdir.
Bir neçə il əvvəl “Azərbaycan benzini İrəvanda, Ermənistan malı Bakıda satılacaq” desəydin, çoxları inanmazdı.
İndi isə bu, müzakirə edilən yox, başlamaq üzrə olan iqtisadi reallıqdır.
Bəlkə də həqiqi sülh elə belə başlayır:
əvvəl bir vaqon benzin,
sonra bir yük maşını pomidor,
ardınca müqavilələr, biznes əlaqələri, qarşılıqlı maraqlar…
Və bir gün insanlar anlayırlar ki, bir-biri ilə ticarət etmək, bir-biri ilə döyüşməkdən daha sərfəlidir.
Hələ orası da var ki, Azərbaycanla yaxınlaşma Türkiyə-Ermənistan münasibətlərini də irəli daşıyacaq….
