DünyaSiyasət

Üçüncü ölkə bizik?

Türkiyənin təcrübəli diplomatı Serdar Kılıç artıq bir neçə gündür Azərbaycanda hakimiyyətyönlü medianın sərt tənqidi ilə üzləşib. Guya bilmirlər ki, Türkiyədə hər hansı diplomatın, xüsusilə də Sərdar Kılıç kimi sistemə sadiq bir şəxsin Ərdoğanın iradəsindən kənara çıxması mümkün deyil.

Sərdar Kılıç Azərbaycanın adını çəkmədən, taktiki maraq naminə strateji marağı görə bilməyən “üçüncü ölkə” ifadəsini işlədib. Onun fikrindən belə çıxır ki, Ermənistanla münasibətlərdə normallaşma getsə də, sərhədlərin açılması məhz buna görə yubadılır.

Mesajın məğzinə gəlincə, əgər Serdar Kılıçın sözləri həqiqətən rəsmi Bakıya yönəlibsə, tam da əsassız sayılmaz. Azərbaycan hakimiyyəti Nikol Paşinyan hökuməti ilə bir sıra məsələlərdə əməkdaşlıq edir. İsti münasibətlər həm COP29 prosesində, həm də Avropa Siyasi Birliyinin Yerevandakı sammiti zamanı açıq göründü. Son dövrdə Azərbaycandan Ermənistana tranzit olaraq taxıl, neft və digər məhsullar daşınıb. Amma Türkiyənin Ermənistanla sərhədləri açmasına rəsmi Bakı razılıq vermir, çünki hələ sülh sazişi imzalanmayıb.

Taktiki maraq nədir?

Nə qədər ki, sülh sazişi imzalanmayıb, Qarabağ kartı siyasi məqsədlər üçün istifadəyə açıq qalır. 44 günlük müharibədən sonra Qarabağ mövzusu Əliyev hakimiyyətinin xeyrinə işləyən əsas siyasi mövzulardan birinə çevrilib və bu mövzunun tam bağlanması iqtidara sərf etmir. Sülh sazişi imzalansa, Qarabağ mövzusu tədricən gündəmdən çıxacaq və cəmiyyətdə uşaq pulu, pensiya yaşı, inflyasiya, korrupsiya kimi sosial-iqtisadi məsələlər ön plana keçəcək. Xarici siyasətdə də satıla biləcək ən cəlbedici mövzu zəifləyəcək. Məsələn, saziş daha əvvəl imzalansaydı, Trampın kabinetində Paşinyan ilə əl sıxışması şousuna yer qalmayacaqdı.

Strateji itki nədir?

Sərhədlərin açılması regiona iqtisadi dividendlər gətirər, Türkiyə və Azərbaycanın regional mövqelərini gücləndirərdi. Sülh sazişinin imzalanması erməni lobbisinin əsassız iddialarının beynəlxalq təşkilatların sənədlərində və qətnamələrində yer almasını da çətinləşdirərdi.

Rəsmi Ankara sağ olsun, Ermənistanla sərhədləri açmır və bu qərarı Azərbaycanın üzərinə buraxır. Amma Azərbaycanın özü Ermənistanla həm beynəlxalq arenada, həm də sərhəddə kommunikasiyalar qurursa, o halda Türkiyədən verilən bu tip mesajları da normal qarşılamalıdır.

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya bayrağı Gürcüstanda qalmaqala SƏBƏB OLDU

admin

Parlamentdə Nəcməddin Sadıkovun mühakimə olunması istənildi

redaktor

Rusiya və BƏƏ prezidentlərinin görüşündə Ramzan Kadırovun oğlu iştirak edib

redaktor