Türkiyənin yeni ballistik raketlərinin seçimqabağı kampaniya, yoxsa həqiqi güc nümayişi olması başqa müzakirə mövzusudur. Amma mənim diqqətimi bəzilərinin bu və bu kimi yüksək hərbi məhsullar tanıdılanda ortaya atdıqları bir iddia çəkir.
Deyirlər ki, bunun harası Türkiyə istehsalıdır ki? Bütün detallar başqa ölkələrdən gəlir. Üstünü rəngləyib türk adı qoymaqla bu, Türkiyə istehsalı olmur, türklərin başı üçün deyil belə şeylər istehsal etmək. Misalçün, eyni şeyi Togg avromobili haqda deyirlər ki, onun bütün detalları Çindən gəlir, amma Türkiyə reklam edir ki, biz avtomobil istehsal edirik. Və ya o gün bir başqası yazmışdı ki, İran özü dron istehsal edə biləcək ölkə deyil, bütün detalları Çin verir onlara. Və ya ərəblər bir texnoloji iş görən kimi başlayırlar ki, hər detal başqa ölkələrdən alınır, ərəblərin başı üçün deyil belə şeylər istehsal etmək.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdı ki, bütün dünya şirkətləri bu cür işləyir. Misalçün, Apple şirkətinin sadəcə dizaynı Amerikada edilir, heç istehsal özü belə Amerikada deyil. Çiplər Tayvandan, displeylər və kameralar C. Koreya və Yaponiyadan, batareyalar Çindən, Sensorlar Vyetnamdan, Hindistandan alınır. Detallar toplanır və Çin, Vyetnam və Hindistanda yerlşən fabriklərdə Apple məhsulları istehsal olunur. Amma bütün bunlar Apple məhsullarını Amerika məhsulu olmaqdan çıxarmır.
Hərbi texnologiyada da vəziyyət tamamilə eynidir. F-35, Patriot, Tomahawk və s. kimi bütün hərbi məhsullar müxtəlif ölkələrdən alınan müxtəlif materialların bir araya gətirilməsi hesabına hazırlanır. Misalçün, qabaqcıl yarımkeçiricilər Tayvandan, radar sistemlərində, maqnitlərdə və raketlərdə istifadə olunan nadir torpaq mineralları Çindən, bu məhsulların istehsalı üçün çox vacib material olan titan Yaponiya və ya Rusiya/Qazaxıstan kimi ölkələrdən, optik sistemlər və dəqiq maşınlar Almaniya, Yaponiya, İsrail, Cənubi Koreya və ya Böyük Britaniyadan, elektron komponentlər əsasən Malayziya, Sinqapur, Vyetnam və ya Meksikadan alınır. İndi eyni məntiqlə, bu prosesdən sonra ortaya çıxan silahlar ABŞ məhsulu sayılmamalıdır?
Ümumiyyətlə indi istehsal olunan istənilən yüksək sənaye məhsulu qlobal əməkdaşlığın nəticəsidir. Çin də daxil heç bir ölkə tamamilə öz gücünə belə şeylər istehsal edə bilmir. Kimisi müxtəlif detallar üçün, kimisi enerji üçün, kimisi istehsal üçün gərəkli materiallar üçün başqa ölkələrə ağız açmağa, onlarla ticarət aparmağa məcburdur. Yəni, bu işlər sadəcə Türkiyə, iran və ya ərəblərlə sərhədli deyil, bütün dünyada bu şəkildə aparılır.
