Belə bir şəhər əfsanəsi var: Bir gün Henry Ford avtomobil zavodunda müşavirə keçirir, bütün şöbə, sahə rəislərini (menecerləri) yığır və deyir ki, sabahdan hamınız 2 həftəlik şirkət tərəfindən ödənilən səyahətə, Karib adalarına dincəlməyə gedirsiniz. Əmr edir ki, sabah səhər saatlarında hamı limanda olsun.
Sahə, şöbə rəisləri kruizdə olarkən özü şəxsən bir-bir bütün sexlərdə, sahələrdə olur, işin gedişatına kənardan nəzarət edir.
İki həftədən sonra menecerlər dönür, onların yarısını işdən çıxardır, yarısının isə maaşını 2 dəfə artırır. Səbəbini belə izah edir ki, rəis olmayanda saat mexanizmi kimi işləyən sexlərdə sistem doğru qurulub, deməli menecer düzgün çalışır, özü olmadan da iş dayanmır, ona görə də, ikiqat maaşa layiqdir.
Hansı sexlərdə ki, kiçik-orta bir problemə görə iş prosesi axsayır, hamı problem həllinə görə rəisi axtarır, təşəbbüskarlıq göstərən olmur – həmin menecerləri işdən qovur.
Nəticə: Yaxşı idarəedici yoxluğunda belə komandası mükəmməl fəaliyyət göstərən insandır, deməli, idarəetmə sistemini doğru qurub, motivasiyaları düzgün sistemləşdirib, səlahiyyət və məsuliyyət prinsipini ədalətli şəkildə tədbiq edib.
Bu prinsip bütün sahələrdə vacibdir. Manual qaydada, əl ilə, əmr ilə, idarə olunan, təşəbbüskarlığın ancaq başdan gəldiyi, məsuliyyət və səlahiyyət bölgüsünün düzgün aparılmadığı idarəetmə mexanizmi dayanıqlı və davamlı ola bilmir.
İdarəetmənin sistemili təşkili, səlahiyyətin ancaq məsuliyyətdən doğruğu ədalətli yanaşma bəqrərar olduqda effektiv nəticələr əldə etmək potensialı xeyli artır. Bu liderlik (məsələn, Henry Ford) anlayışını inkar etmir, əksinə, lider sistemi quran, birbaşa müdaxiləsi olmadan da bütün mexanizmlərin çalışmasını təmin edən, buna ədalətlə yanaşan, bacarığa görə mükafat, səhvə görə cəza verən şəxsdir…
