“Qarabağ” və “Sabah” klubları arasında gərginlik alovlanır. Maksim Medvedev komandanı meydandan çıxarıb
Əvəzedicilər Liqasının XXI turunun Binə qəsəbə stadionunda keçirilən “Qarabağ-2” – “Sabah-2” görüşündə insident yaşanıb.
Matçın gedişində Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.
Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb.
Hadisələr 8-ci dəqiqədə “Sabah”ın bərabərlik qolu zamanı alovlanıb.
Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb.
Davamında bir neçə dəfə hakimlər briqadası “Qarabağ”ın əleyhinə qərarlar verib.
Hadisələrin kulminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub.
Məhz bundan sonra Maksim Medvedev sərt qərar verib, futbolçular meydanı tərk edib.
Lakin daha sonra oyun davam etdirilib və 10 nəfərlə 84-cü dəqiqədə “Qarabağ”ın vurduğu qolla “köhlən atlar” qalib gəlib – 2:1. Bununla da “Sabah”ın lider “Neftçi”ni keçməsinin qarşısı alınıb. (Prosport.az)
