Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın yeni qaz hasilatı potensialına toxunaraq bildirib ki, “Abşeron”, “Ümid” və eləcə də “Şahdəniz” yataqları əlavə istehsala imkan yaradacaq.
Belə ki, yaxın illərdə “Abşeron”da tammiqyaslı işlənmə mərhələsinin başlanması yatağın hasilatını 3 dəfə artıracaq. “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması da gözlənilir. Bütün bunlar ilə yanaşı, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilata start veriləcək.
Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
Azərbaycan Prezidentinin çıxışında qeyd olunduğu kimi, yaxın illərdə təbii qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. 2024-cü ildə bu göstərici 50.3 milyard kubmetr idi. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Qaz ixracına gəldikdə isə, xaricı ümumi satış 25,2 milyard kubmetr olub. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.
Göründüyü kimi, Azərbaycanın artan qaz hasilatı ixracatın da həcminə təsirsiz ötüşmür. Planlaşdırılan və ya gözlənilən artımlar isə Azərbaycan qaz ixracatının kəskin artmasına səbəb olacaq. Bu daha çox ölkəyə, daha çox qaz tədarükü deməkdir.
Digər tərəfdən, yaşıl enerji hasilatının artması daxili istehlakda təbii qaz qənaətinə və daha çox ixracata imkan verəcək. Bu isə dövlət gəlirlərinin artırılması baxımdan vacibdir. Qaz ixracatı strateji olmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmini artıracaq.
Bu baxımdan, Azərbaycan yaxın illərdə təbii qaz ixracatını kəskin artıra biləcək. Bu isə Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha prioritetləşdirir.
