ABŞ Yaxın Şərqdə yeni geosiyasi strategiya formalaşdırır. Birbaşa müdaxilə modeli zəifləyir, regional koalisiya modeli güclənir. Bu kontekstdə “The National Interest” Azərbaycanın roluna xüsusi diqqət ayırır.
Məqalədə deyilir:
Azerbaijan’s long-standing, strategic ties with Israel make it a strong candidate for the next Abraham Accords signatory, offering Washington a valuable opportunity to expand regional normalization beyond the Gulf.” (“Azərbaycanın İsrail ilə uzunmüddətli strateji əlaqələri onu növbəti ‘Abraham Sazişinə’ qoşula biləcək güclü namizədə çevirir və Vaşinqton üçün Körfəz regionundan kənarda normallaşmanı genişləndirmək üçün dəyərli fürsət yaradır.”)
Bu artıq ciddi mesajdır. Azərbaycan regional arxitekturanın kənarında deyil.
Digər sitat daha da önəmlidir: “This gives Azerbaijan’s government greater freedom to diversify its strategic engagements, pursue a westward trajectory, and solidify its international partnerships with increased confidence.” (“Bu, Azərbaycanın hökumətinə strateji əlaqələrini şaxələndirmək, qərbə doğru trayektoriyanı davam etdirmək və beynəlxalq tərəfdaşlıqlarını daha böyük inamla möhkəmləndirmək imkanı verir.”) Diqqət edin: *“westward trajectory”* — qərbə doğru istiqamət.
Bu, artıq təsadüfi ifadə deyil. Amma burada əsas sual ortaya çıxır: Azərbaycan xarici siyasətdə bu fürsətdən maksimum istifadə edə bilərmi?
Mən uzun müddətdir iqtidarı müxalifətlə, xüsusən diasporla dialoqa səsləyirəm. Məqsəd qarşıdurma yaratmaq deyil. Məqsəd daxildə siyasi mühiti sağlamlaşdırmaq, mərhələli şəkildə demokratik addımlara şərait yaratmaqdır. Çünki daxildə konsensus yoxdursa, xaricdə güclü mövqe qurmaq çətindir. Milli birlik xarici siyasətdə üstünlük yaradır. Parçalanmış cəmiyyət isə geosiyasi riskə sürüklənir.
Əgər Azərbaycan həqiqətən qərbə doğru trayektoriya seçirsə, bu yalnız enerji ixracı ilə ölçülməyəcək. Bu, institutlarla, hüquqla, siyasi legitimliklə ölçüləcək.
Bəli, yeni Yaxın Şərq düzəni qurulur. Azərbaycan bu düzəndə kənar müşahidəçi yox, oyunçu ola bilər. Amma bunun üçün daxildə dialoq, anlaşma və siyasi sağlamlaşma lazımdır. Geosiyasət yalnız xəritə ilə deyil, milli konsensusla yazılır.
