Əgər Rusiya ABŞ-ın 51-ci ştatı olsaydı iqtisadiyyatının həcminə görə neçənci olardı deyə bir sual vermişdim keçənlərdə. Bu sualın cavabı iqtisadi miqyasları və dövlətlərin gücünü müqayisə etmək üçün çox maraqlı və vizual bir yanaşmadı deyə düşünürəm. 2024-2025-ci illərin ən son ÜDM (Ümumi Daxili Məhsul) proqnozları və statistikaları əsasında ortaya Rusiya üçün dəhşətli bir tablo çıxır. Əslində ABŞ ştatlarının iqtisadiyyatı son illərdə texnologiya və enerji sektorları hesabına daha da böyüdüyünü, Rusiyanın isə ənənəvi durumunu, dollar ekvivalenti ilə rus rublunun dalğalanmalarını nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur. ABŞ Ştatları və Rusiya (ÜDM Müqayisəsi, dollar):
1. Kaliforniya – 4,080 milyard 2. Texas – 2,695 milyard 3. Nyu York – 2,284 milyard 4. RUSİYA – 2, 021 milyard 5. Florida – 1,695 milyard 6. İllinoys – 1,132 milyard 7. Pensilvaniya – 1,017 milyard
Bəli, əgər Rusiya ABŞ-ın 51-ci ştatı olsaydı yalnız 4-cü yeri tutardı. Hazırda Rusiya iqtisadiyyatı nominal olaraq (dollarla) Florida ilə Nyu-York arasında “rəqs edir”. Rubl bir az ucuzlayan kimi Rusiya siyahıda Floridadan da aşağıya düşür. Florida son iki ildə inanılmaz artım nümayiş etdirir. Bir çox şirkətin Texas və Floridaya köçməsi bu ştatların iqtisadiyyatını Rusiyanın nominal ÜDM-nə yaxınlaşdırıb. Kaliforniyanın iqtisadiyyatı isə təkbaşına dünyanın 5-ci ən böyük iqtisadiyyatıdır və Amerikanın bu ştatı Böyük Britaniya, Fransa və Hindistanla rəqabət aparır. Bu rəqəmlər göstərir ki, ABŞ-ın 3-4 ştatı birlikdə dünyanın nəhəng dövlətlərinin iqtisadi gücünü üstələyər. *** Nominal ÜDM (ümumi həcm) ölkənin ümumi gücünü göstərsə də “Adambaşına düşən ÜDM” həmin iqtisadiyyatın fərdlər üçün nə dərəcədə səmərəli olduğunu və yaşayış standartını ortaya qoyur. Rusiya ilə ABŞ-ın zəngin ştatları arasındakı fərq aşağıdakı göstəricidə daha kəskin və düşündürücüdür.
Adambaşına Düşən ÜDM (illik, nominal dollarla):
1. Nyu York – 105.000 2. Kaliforniya – 98.000 3. Texas – 85.000 4. Florida – 72.000
5. ABŞ (Ortalama) – 82.000
6. Rusiya – 13.000-14.000
Bu yalın rəqəmlər belə Rusiyanın acınacaqlı durumunu ortaya qoyur. Çoxları “Ukrayna ilə müharibə etmək Rusiyanı zəiflətdi” desələr də bu səhv yanaşmadır. Çünki Rusiya heç müharibədən əvvəl də yaxşı durumda deyildi…
Qayıdaq paylaşdığım statistikaya. Rusiyanın əhalisi təxminən 144-146 milyon, Kaliforniyanın əhalisi isə 39 milyona yaxındır. Yəni Kaliforniya təxminən 4 dəfə az əhali ilə Rusiyadan 2 dəfə çox dəyər istehsal edir.
ABŞ-ın bu ştatlarının gəliri əsasən yüksək texnologiya (Silikon Vadisi), maliyyə (Uoll-Strit) və xidmət sektoruna əsaslanır. Rusiyanın gəliri isə əhəmiyyətli dərəcədə təbii resursların (neft, qaz) ixracından asılıdır.
Adambaşına düşən 13,000-14,000 dollar Rusiyanı dünyada “orta gəlirli” ölkələr sırasına (məsələn, Meksika və ya Braziliya ilə oxşar səviyyəyə) qoyur. Nyu-York və ya Kaliforniya isə dünyanın ən zəngin nöqtələridir. Maraqlıdır ki, əgər Rusiya Amerikanın bir ştatı olsaydı o, adambaşına düşən gəlirə görə ABŞ-ın ən yoxsul ştatı olan Missisipidən (təxminən 50,000 dollar) belə təxminən 3.5 – 4 dəfə daha aşağıda qərar qılardı.
Bu rəqəmlər göstərir ki, iqtisadiyyatın böyüklüyü təkcə ərazi və ya əhali ilə deyil, həm də texnoloji inkişaf və insan kapitalının səmərəliliyi ilə ölçülür. Rusiya demək istəyir ki, müasir dünyada “iqtisadi böyüklük” həmişə “hərbi tab gətirmə qabiliyyəti” ilə eyni deyil. Onlar öz kiçik büdcələrini “ölümcül” sahələrə fokuslayaraq, qlobal iqtisadiyyatın nəhənglərinə meydan oxuduqlarına inanırlar. Halbuki bu, orta və uzunmüddətli perspektivdə texnoloji geriləmə, daxili çürümə, xaos və çöküş riskini də özü ilə gətirir. Tarix göstərir ki, imperiya təfəkkürü ilə idarə olunan nəhəng coğrafiyalar iqtisadi və siyasi gərginlik həddinə çatanda yox olmaq və parçalanmaq təhlükəsi ilə üzləşirlər.
İqtisadi təzyiq və mərkəzdənqaçma, uzunmüddətli müharibə və sanksiyalar fonunda Rusiyanın daxili resursları tükənir. Moskva artıq regionları maliyyələşdirə bilmir və nəticədə Tatarıstan, Başqırdıstan və ya Şimali Qafqaz kimi resurslarla zəngin və ya etnik kimliyi güclü olan bölgələrdə “özünü qoruma” instinkti və ayrılma meyilləri baş qaldıracaq. Bunun ilk işartıları da artıq hiss edilməkdədir.
Tarixən Rusiya və SSRİ-də parçalanma həmişə mərkəzi hakimiyyətin zəiflədiyi (məsələn, 1917 və 1991-ci illər) anlarda baş verib. Ukraynadakı savaş hərbi və siyasi elita arasında daxili parçalanma yaratsa, bu, zəncirvari reaksiya verəcək.
Ölkədə slavyan əhalisinin azalması və etnik azlıqların (xüsusən müsəlman əhalinin) artımı uzunmüddətli perspektivdə daxili balansları köklü şəkildə dəyişdirəcək faktorlardır. Kremlin əlində qalanlar Putinə kömək edə biləcəkmi?
Sərt Vertikal İdarəçilik: Hazırkı Rusiya hakimiyyəti regionlar üzərində çox ciddi polis və xüsusi xidmət nəzarəti qurub. Hər hansı kiçik etiraz dərhal beşikdəcə boğulur.
Nüvə Faktoru: Qərb üçün Rusiyanın “nizamlı” parçalanmasımı yoxsa xaosda qalması sualının cavabı çox çətindir. Nüvə silahlarının bir neçə müstəqil subyektin əlinə keçməsi qorxusu beynəlxalq aləmin bu prosesə ehtiyatla yanaşmasına səbəb olur [Unutmaq olmaz ki, Qərb eyni ehtiyatlı yanaşma ilə Budapeşt memorandumunu imzalamış və bununla tarixi bir səhvə yol vermişdi].
İqtisadi Asılılıq: Regionların bir çoxu logistik və infrastruktur baxımından mərkəzə (Moskvaya) göbəkdən elə bağlıdır ki, müstəqil iqtisadiyyat qurmaq onlar üçün onilliklər lazım ola bilər.
*** Bu sətirləri yazarkən bir tarixçinin “İmperiyalar heç vaxt birdən-birə ölmür, onlar yavaş-yavaş çürüyürlər” sözlərini xatırladım. Zənnimcə, əgər iqtisadiyyat Kaliforniya ilə rəqabət apara bilmirsə və texnoloji boşluq böyüyürsə, Rusiya federativ strukturunu qorumaq üçün repressiyaya əl atmalı olacaq. Repressiya isə yay kimidir, dartıldıqca bir gün mütləq geri təpir. O gün isə artıq uzaqda deyil…